Xəbər lenti

Respublikaçılar narkokartellərlə savaş üçün Meksikanı bombalamağı təklif etdi - Politico
Dünya 15:50 11.04.2023

Respublikaçılar narkokartellərlə savaş üçün Meksikanı bombalamağı təklif etdi - Politico

ABŞ-da, opioidlərlə əlaqəli ölümlərin artması fonunda, daha çox respublikaçı iki Meksika kartelini vurmaq ideyasını dəstəkləyir.

Qaynarinfo xəbər verir ki, bu barədə Politico yazır.

2021-ci ildə ABŞ-da 107 000 insan dərmanların artıq dozasından, bunlardan 70%-dən çoxu müxtəlif opioidlərdən, ilk növbədə fentanildən ölüb. ABŞ Xəstəliklərə nəzarət və profilaktikası mərkəzi (CDC) bildirib ki, fentanilin əksəriyyəti "Meksikadakı gizli fabriklərdə əsasən Çindən alınan kimyəvi maddələrdən” kütləvi istehsal olunur.

Respublikaçılar Den Krenşou və Mayk Valts ABŞ-ı "kartellərə qarşı müharibə" başlatmağa məcbur etmək üçün Konqresdə Hərbi Qüvvələrin istifadəsi üçün səlahiyyət (AUMF) qanun layihəsini təqdim ediblər. Valts hesab edir ki, ABŞ hakimiyyəti bu təşkilatlara "mafiyadan çox İŞİD kimi davranmalıdır”. Respublikaçı senator Tom Kotton Meksika hakimiyyətinin icazəsi olmadan "narkobaronlarla mübarizə aparmaq üçün Meksikaya ABŞ qoşunlarını göndərməyə” hazır olduğunu bəyan edib. Bundan əlavə, hər iki palatadan bir qrup konqresmen bəzi kartellərin terror təşkilatı kimi tanınması üçün qanun layihəsi təqdim edib.

ABŞ-ın keçmiş prezidenti, eyni zamanda Respublikaçılar Partiyasının üzvü Donald Tramp yenidən seçiləcəyi təqdirdə Meksikaya xüsusi təyinatlılar göndərəcəyini və kartel liderlərinə qarşı kiber texnologiyadan istifadə edəcəyini vəd edib. "Rolling Stone” jurnalı da mənbələrə istinadən yazıb ki, Tramp Meksikanı vurmaq üçün "döyüş planları” tələb edib.

Politico aydınlaşdırıb ki, bu yanaşmanı bütün respublikaçılar dəstəkləmir. Xüsusilə, Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri, həmçinin seçkilərdə iştirak edə biləcək Con Bolton hesab edir ki, "birtərəfli hərbi əməliyyatlar problemi həll etməyəcək”. Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri respublikaçı Maykl Makkol AUMF layihəsini qiymətləndirdiyini, lakin "immiqrasiya təsirləri və Meksika ilə ikitərəfli əlaqələrdən narahat olduğunu" söyləyib. 

ABŞ administrasiyası "Meksikada hərbi əməliyyatların mümkünlüyünü nəzərdən keçirmədiklərini” bildirib. Milli Təhlükəsizlik şurasının rəsmi nümayəndəsi Edrien Uotsonun sözlərinə görə, "bu kartelləri xarici terror təşkilatları kimi təyin etmək bizdə hələlik olmayan heç bir əlavə səlahiyyət verməyəcək". Meksika prezidenti Andres Manuel Lopez Obrador açıq şəkildə ABŞ-ın kartellərlə mübarizə üçün istənilən hərbi müdaxiləsinə qarşı çıxıb. Onun sözlərinə görə, "bu, təkcə məsuliyyətsizlik deyil, həm də Meksika xalqına qarşı təhqirdir”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->