Xəbər lenti

Rəsul Quliyevə cavab: “O zaman ACP-nin açıqlaması yalandır”
Siyasət07:33 10.05.2013

Rəsul Quliyevə cavab: “O zaman ACP-nin açıqlaması yalandır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gülağa Aslanlı: “Müxalifətin, İctimai Palatanın kifayət qədər gücü var ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsinə təsir etsin”

“Dünya praktikasında ana müxalifət prinsipi özünü seçkilərdə göstərir. Yəni seçkilərdə ən çox səs toplamış partiyalar ana müxalifət hesab edilir”.

Bunu Qaynar.info-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı eks-spiker Rəsul Quliyevin Azərbaycan müxalifəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilərdə saxtakarlıq olsa da, 2003-cü ildəki prezident seçkilərində İsa Qəmbər qələbə çalıb: “Buna baxmayaraq hakimiyyət ona 14% səs yazmışdı. Bundan başqa 2005-ci ildə “Azadlıq” blokunun tərkibində Müsavat Partiyasının namizədlərinin daha çox səs toplaması faktdır. 2010-cu ildə də AXCP-Müsavat seçki blokunda partiyamızın namizədlərinin topladığı səslər çoxluq təşkil edib. Başqa kriteriyaları kənara qoysaq, bu kriteriya Müsavat Partiyasının ana müxalifət olmasını təsdiqləyən faktdır”.

G.Aslanlı eks-spikerin müxalifətin gücsüzlüyü ilə bağlı dedikləri ilə razılaşmayıb: “Açıq Cəmiyyət Partiyasının (ACP) iddia edir ki, partiya sıralarında 10 minlərlə adam var. O zaman onların dedikləri yalandır. Müxalifətin, İctimai Palatanın kifayət qədər gücü var ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsinə təsir etsin”.

Qeyd edək ki, ACP lideri, eks-spiker Rəsul Quliyev son yazısında müxalifəti sərt tənqid edib. O deyib ki, Azərbaycanda kimlərsə heç bir əsası olmadan özünü ana müxalifət adlandırıb: “Bir şeyi anlamalıdırlar ki, əgər özünü ana müxalifət adlandırmırsansa, deməli, ölkədə baş verənlərə hökumət kimi cavabdehlik daşımalısan. İstənilən qurum əgər rejimlə mübarizəyə hazırlaşırsa, bir neçə məsələni dərindən bilməlidir”.

R.Quliyevin sözlərinə görə, müxalifətdə gücün nədən ibarət olduğu təxminən məlumdur: “Keçən il aktivliyin yuxarı olduğu bir zamanda icazə verilmiş mitinqlərə və 20 Yanvar, Xocalı qırğını ilə əlaqədar nümayişlərə gələnlərin sayı bunu müəyyənləşdirib.  Bakı şəhərində bir neçə partiyanın hər birinin orta hesabla 1000-dən çox aktiv dəstəkləyəni yoxdur və bu belədir. Rayonlarda bu rəqəm 10-50 arasında dəyişir. Və nəticədə respublika üzrə özünü müxalifət adlandıranların ümumi gücü 10 minə ancaq çatar. Buna görə də Azərbaycanda müxalifətin hazırki gücü ilə hakimiyyət dəyişikliyi etmək qeyri-mümkündür”.

İlkin
Qaynar.info