"Moscow Chess Open" şahmat festivalı çərçivəsində xoşagəlməz hal yaşanıb.
Qaynarinfo xəbər verir ki, tədbirin keçirildiyi məkanda şahmat oynamaq üçün quraşdırılan robot uşağın barmağını sındırıb. Bununla bağlı Moskva Şahmat Federasiyasının prezidenti Sergey Lazarev deyib. O, TASS agentliyinə açıqlamasında bunları deyib:
"Uşaq gediş edəndən sonra gözləməli idi. Ancaq gözləməyib və robotun cavab gedişi zamanı əli şahmat taxtasının üzərində olub. Əslində, bizim robota heç bir aidiyatımız yoxdu. Uşaq növbəti gün robota qarşı partiyasını bir barmağı qipsdə davam etdirdi. İndicə bizə bildirdilər ki, uşağın valideynləri prokurorluğa müraciət etmək istəyirlər. Müzakirə edəcəyik, görək onlara necə yardımçı ola bilərik. Operatorlar da yəqin ki, robotun daha təhlükəsiz olması üçün xeyli işlər görməlidilər. Robotun artıq 15 yaşı var. Ciddi bir şey də baş verməyib, festivalın nəticələrinə görə uşaq mükafatçılar sırasına düşüb və mərasimdə barmağı qipsli iştirak edib".