Bu günlərdə tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun "Koramal” adlı yeni romanı "Qədim qala" nəşriyyatında işıq üzü görüb.
Qaynarinfo xəbər verir ki, dünyanın ən ucqar nöqtələrinə səyahət edən və əsərlərində uzaq materiklərdə baş verən hadisələri canlandıran yazıçının budəfəki mövzusu doğma Qarabağdır.
Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar... Böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil, çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır.
Daha öncə də müharibə mövzusuna müraciət edən yazıçının Srebrenitsa soyqırımından bəhs edən "Relslər üzərinə uzanmış adam” romanı 2020-ci ildə Amerikada keçirilən beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb.
Qeyd edək ki, işıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənmiş "Koramal” kitabının ilk təqdimatı Gəncə şəhərində baş tutub. Kitabın Bakıda və digər regionlarda da təqdimatı və oxucularla müzakirəsi planlaşdırılır.
Şərhlər