
Ukraynada ötən ilin sonlarından başlamış proses artıq dəhşətli şəkil almağa başlayıb.
Avropaya inteqrasiya sazişinə imza atmayan Viktor Yanukoviçin prezidentlikdən devirilməsindən sonra şiddətlənən prosesləri artıq separatizm dalğası müşahidə edir. Kiyevin yeni qurulmuş hökuməti hər nə qədər güc tətbiq etsə də, vəziyyətdən çıxa bilmir. Krım isə artıq itirilib.
Qeyd edək ki, Ukrayna hadisələrində Rusiyanın aqressiv addım atması heç də səbəbsiz deyil. Çünki Kiyevin itirilməsi Rusiyanın sonunu yaxınlaşdırmaqdan başqa heç nəyə xidmət etməyən bir haldır. Bunu Moskvada yaxşı bildiklərindən Qərbin oyunlarını pozmaq üçün gücə əl atıldı və nəticədə ilk olaraq Krım ələ keçirildi.
Aydın məsələdir ki, Rusiya Krımı nəzarəti altına almaqla Ukraynanı rəsmən parçaladı. Üstəlik, Kiyevin Qara dənizə çıxışını bütünlüklə bağladı. Bundan sonrakı mərhələdə təkcə Ukraynanın deyil, Qərbin dənizdəki manevr imkanları da məhdudlaşmağa başlayacaq. Hətta bunun Gürcüstana da müstəsna təsirləri olacağı qaçılmazdır. Yəni Rusiya istədiyi vaxt Qara dənizdən keçən istənilən gəmini yoxladıqdan sonra buraxacaq. Bəzən də istəyinə uyğun olaraq, ümumiyyətlə, buraxmayacaq. Bu da Amerika üçün olduqca təhlükəli məqamlardan biridir.
Bəs Ukraynadakı olayların sonu nə ilə nəticələnəcək? Separatizm dalğasının Ukraynada rusların yaşadığı bölgələrə transfer olması və onların silahlı şəkildə orduya müqavimət göstərməsi şübhəsiz Rusiyanın dəstəyi ilə reallaşır. Donetsk, Xarkov və daha bir neçə şəhərdə artıq yeni «respublikalar» belə qurulub. Və bu qurulan «respublikaların» günün birində «birləşdirilməsi» prosesinə də start veriləcək. Təbii ki, Moskva bütün bunları əvvəlcədən düşünüb və planını həyata keçirməyə başlayıb.
Amma Kremlə bu gün Krım daha çox lazımdır. Donetsk, Xarkov və daha digər şəhərlərdə yaradılmış oyuncaq «rejim»lər Kiyev hakimiyyətinə təsir etmək, onlara «dərs» keçmək üçün nəzərdə tutulub. Əgər hadisələr daha qanlı məcraya yönələrsə, Rusiya birmənalı olaraq əsgər itkilərinə yol vermədən ərazilərdən çəkilməyə başlayacaq. Amma həmin bölgələrdəki təsir imkanlarını itirməmək üçün bir sıra variantlara baş vuracaq. Məsələn, nəzarətində olan şəhərlərində vaxtaşırı separatçı təzahüratlara yol verərək Kiyevin daima ağlını məşğul edəcək. Və ya orada yaşayanları silahlandıraraq kriminalın artmasına imkan yaradacaq.
Ancaq Krım yarımadası bütün hallarda ruslarda qalacaq. Qərbin ortabab sanksiyalar tətbiq etməsinin də faydalı olacağı inandırıcı deyil. Rusiya İran, İraq və ya bir başqa dövlət deyil ki, potensial imkanları olmasın. Zamanında da böyük sıxıntılardan keçmiş bu ölkənin ərazisi Avrasiyanın 1/3-nə bərabərdir. Bu ölkədə yerin altından hər şey çıxır. Yerin üstündə isə bütün zəruri qida məhsulları bitir. Rusiyanın sərhədlərini bağlaması isə ən çox Avropaya zərər gətirər ki, bu da Avropanın bu ölkənin bazarlarına çıxış imkanlarının azalması ilə yanaşı, həm də bu ölkədən aldığı təbii qazın girovuna çevrilməsi deməkdir. Yəni Rusiyanı iqtisadi cəhətdən sıxışdırmaqla onu acından öldürmək və ya ağır vəziyyətə salmaq yaxın gələcəkdə mümkün deyil. Düzdür, Qərb öz mövqeyində ardıcıl və tətbiq olunan sanksiyalar uzunmüddətli olacaqsa, Moskva ciddi zərərlər görəcək.
Beləliklə, Ukraynada baş verən proseslər zaman içində həm Ukraynanın, həm də Rusiyanın taleyində fərqli məcraya yönəlməyə başlayacaq. Hadisələrin gedişatı Ukrayna üçün birmənalı olaraq ərazi itkisi deməkdir. Rusların yaşadığı Ukrayna ərazilərində də sabitliyin bərpası, dinc həyata qayıdış yaxın gələcəkdə mümkünsüz görünür. Amma yuxarıda qeyd etdiyimiz kimi, hadisələrin sonrakı gedişatı həm də Qərbin öz mövqeyndə nə qədər prinsipial və adıcıl olmasından asılı olacaq. Rusiya artıq regionun və Avropanın baş ağrısına çevrilib. Bir vaxtlar SSRİ-nin dağıdılması üçün tətbiq olunan texnologiyalar, uzunmüddətli soyuq müharibə strategiyası Rusiyaya qarşı tətbiq olunarsa, bu zaman nəyəsə ümid etmək olar. Şünki Rus ayısının diqqəti daxili problemlərə yönəldilməsə, pəncəsi daha da uzaqlara uzanacaq. Rusiyada potensial münaqişə ocaqları yetərincədir. Yenidən fövqəldövlətə çevrilmək iddiasında olan bu ayının qış yuxusundan tam ayılmasını gözləmədən onu öz yuvasına həbs etmək lazımdır. Yoxsa bu proseslədən bütün Avropa və Qərb itirəcək. Elə biz də...
Qaynar.info