"Sülhməramlılarla bağlı məsələ öz həllini 4 ildən də tez tapacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son zamanlar bir sıra rusiyalı ekspertlərin Rusiyanın 5 illik müddət bitəndən sonra Qarabağdan sülhməramlıları geri çəkməyi planlaşdırmadığı barədə rəylərinə münasibət bildirərkən deyib.
"4 ildən sonra nə olacağı barədə indidən danışmaq tezdir. Siyasi prioritet və situasiyadan asılı olaraq müxtəlif fikirlər səsləndirə bilərlər. Amma 4 ildən sonra hansı vəziyyətin yaranacağını ekspertlərin dəqiq söyləməsi mümkünsüzdür. Onlar Qarabağ bölgəsində hansı proseslərin baş verdiyi barədə sadəcə olaraq tendensiyalardan danışa bilərlər. Azərbaycan azad olunmuş ərazilərə qayıdışı təmin etmək üçün infrastruktur yaradır. Müdafiə, iqtisadi və sosial baxımdan bu işlər sürərlə gedir”.
Həmsöhbətimiz düşünür ki, gələn ildən başlayaraq Qarabağa de-fakto qayıdışa başlanılacaq:
"Bu baxımdan 4 ildən sonra vəziyyət tam fərqli olacaq. O biri tərəfdən görürük ki, erməni əhalisinin axını da davam edir. Bu tendensiyalar fonunda kim hansı tərəfə meyil edirsə, ona uyğun da müxtəlif fikirlər səsləndirə bilər. Qeyd etdiyim iki tendensiya onu göstərir ki, məsələ 4 ildən də tez öz həllini tapacaq”.
Qeyd edək ki, rusiyalı hərbi ekspert Vladimir Yevseyev keçmiş sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun son bəyanatını şərh edərək Rusiyanın 5 illik müddət bitdikdən sonra, Qarabağdan sülhməramlıları geri çəkməyi planlaşdırmadığı qənaətinə gəlib.
"Ancaq təbii ki, hər şey mövcud vəziyyətdən asılı olacaq. Azərbaycan, əlbəttə ki, Rusiya sülhməramlılarını bir şəkildə qovmağa çalışacaq, amma onların uğur qazanacağını düşünmürəm", - deyə Yevseyev bildirib.
Rüfət Sultan