Xəbər lenti

Rusiya Bakı və İrəvanın barışmasına mane ola bilər? - Ekspert
Siyasət 18:43 12.02.2025

Rusiya Bakı və İrəvanın barışmasına mane ola bilər? - Ekspert

"Rusiyanın sülh müqaviləsini imzalamaqdan imtina etməsi və ya bu prosesi uzatmaq istiqamətində Ermənistana təsir göstərmək imkanları hələ də qalır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakı ilə Moskva arasında son dövrlər yaşanan mənfi atmosferin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə təsirini şərh edərkən deyib.

"Bu təsir o istiqamətdə ola bilər ki, hazırda Ermənistan Rusiyanı nüfuzdan salmağa, onu bölgədən çıxarmağa çalışır. Azərbaycanla Rusiya arasında  münasibətlərdə yaşanan gərginliyin səbəbi ölkəmizə məxsus təyyarənin Qroznı səmasında vurulması, ona görə qarşı tərəfin kompensasiya ödəməkdən, cinayətkarları cəzalandırmaqdan yayınmağa çalışmasıdır. Amma burada başqa səbəblər də ola bilər", deyə Qulamhüseyn Əlibəyli bildirib.
 


Bu mənada, ekspertə görə, Azərbaycan-Ermənistan münasibətlərində Rusiyanın İrəvana təsir göstərmək imkanları hələ də qalmaqdadır:

"Yəni Kremlin İrəvana bu və ya digər formada təsir göstərmək imkanları var. Moskvanın Azərbaycana təsir göstərmək imkanları isə yoxdur. Bakı ilə  münasibətlərin gərginləşməsi fonunda Rusiya çalışacaq ki, bu məqamdan istifadə etməklə, Azərbaycanla münasibətlərin normallaşmaması üçün Ermənistana daha çox təsir göstərsin. Yəni bununla Moskva çalışacaq ki, sülh sazişi imzalanmasın".

Həmsöhbətimizin fikrincə, bu nöqteyi-nəzər əslində Ermənistanın da maraqlarına uyğundur:

"Çünki İrəvan da çalışır ki, sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə uzatsın, vaxt qazansın. Vaxt qazanmaqda da məqsədi Avropa İttifaqı və ya Amerika hərbi kontingentinin Ermənistanda yerləşdirilməsinə nail olmaqdan ibarətdir".

Qeyd edək ki, artıq bir neçə aydır Rusiya ilə Azərbaycan arasında birincinin tutduğu mövqe səbəbindən münasibətlərdə müəyyən soyuqluq yaşanır. Təyyarə qəzası fonunda Moskvanın qeyri-konstruktiv mövqe sərgiləməsi, bu fonda Rusiyadakı bəzi deputat və siyasilərin Azərbaycana qarşı təhdid dolu çıxışları istər-istəməz münasibətlərdə gərginlik yaradıb. Mövcud durum isə müəyyən mənada Bakı ilə İrəvan arasında sülh danışıqları prosesinə də təsir göstərə bilər. Belə ki, Rusiya mövcud vəziyyətdən istifadə edib, onsuz da sülh danışıqlarında o qədər də aktiv olmayan İrəvanı prosesi daha da tormozlamağa sövq etdirə bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->