
"Dmitri Roqozinin Bakıya gözlənilməz səfərinə səbəb rəsmi Bakının Rusiyayanın Ermənistana silah göndərməsi ilə əlaqədar verdiyi nota və prezident İlham Əliyevin Vladimir Putinlə telefon danışıqları ilə bağlı ola bilər"
Bu sözləri Qaynar.info-ya Rusiya baş nazirinin müavini, hərbi-sənaye üzrə kurator Dmitri Roqozinin Bakıya gözlənilməz səfərini şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, heç şübhə də yoxdur ki, Erməistan aldığı bütün silahları Dağlıq Qarabağ və Azərbaycanla sərhəd olan ərazilərə yerləşdirir: "Rusiyalı politoloqlar və müəyyən siyasi nümayəndələr istisna etmirlər ki, həmin silahların bir qismi Dağlıq Qarabağa göndəriləcək. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin bu yaxınlarda ard-arda iki telefon danışığı oldu. Ola bilər ki, Roqozin telefon danışıqlarında müzakirə edilən mövzular üçün də Bakıya gəlsin. Yəqin ki, Ermənistana satılan silahlarla bağlı da müəyyən izahatlar veriləcək. Eyni zamanda ola bilsin, Azərbaycana da silah almaq üçün müəyyən təkliflər verilsin. Yəni, Ermənistanın silahlanmasından narahatsınızsa, sizə də müasir silahlar verə bilərik. Bu həm nəğd, həm də kredit yolu ilə ola bilər. İstəyirsiz alın. Mən söhbətin bu istiqamətdə gedəcəyi qənaətindəyəm".
Politoloq qeyd edir ki, Rusiya KİV-lərində guya Azərbaycan tərəfinin silah alıb, pulunu ödəyə bilməməsi ilə bağlı deyilənlər tam uydurma və şantajdır: "Rusiya Azərbaycana silah satmazdan əvvəl pulunu alır. Bir müddət öncə Azərbaycan S300 favorit tipli hava hücumundan müdafiə sisteminin üç divizionunu almaq üçün lazım olan məbləği əvvəlcədən ödəmişdi. Amma Rusiya bunu bir müddət gecikdirdi. Sonra da cəmi bir diviziya göndərdi. Pulunu almağına baxmayaraq, hələ iki divizionu göndərməyib. Azərbaycanın Rusiyadan silah alıb pulunu ödəyə bilməməsi tamamilə uydurmadır, şantajdır".
Qeyd edək ki, Dmitri Roqozin bu gecə prezident İlham Əliyevlə görüşmək üçün Bakıya səfərə gəlib. Bu səfərin öncədən planlaşdırılması barədə mətbuatda heç bir məlumat getməmişdi.
Qafqaz Rafiqoğlu
Qaynar.info