ABŞ və Aİ-nin bu istiqamətdə fəallaşması fonunda Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında siyasi eksklüzivliyini itirir.
Qaynarinfo xəbər verir ki, bu fikri rusiyalı politoloq-beynəlxalqçı Sergey Markedonov Teleqram kanalı
yazıb.
Politoloq qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli uzun illərdir ki, ümidsiz hesab olunur. Və bəzi həllər tapmaq üçün hər cür cəhdlər yalnız qısamüddətli marağa səbəb olur.
Markedonovun fikrincə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyulun 11-də verdiyi açıqlamalara diqqət yetirməyə dəyər.
"Qriqoryan Azərbaycanla münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin fəal iştirakçılarındandır. Deməli, o, nəinki insayderləri tanıyır, həm də onları formalaşdırır. İkincisi, o, ictimai fəal şəxsdir, Ermənistan hökumətinin bir çox təlimatlarını geniş ictimaiyyətə çatdırır”, - Markedonov Telegram kanalında qeyd edib.
Politoloq Ermənistan Təhlükəsizlik Şurası katibinin bir neçə əsas ideyasını vurğulayıb: İlham Əliyevlə Nikol Paşinyan arasında iyulun 21-nə planlaşdırılan danışıqlar daha əvvəl baş tuta bilər; Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti ümidləri doğrultmur; Qarabağ ermənilərinin problemi ərazilərlə bağlı deyil, vətəndaş hüquqları ilə bağlıdır (fakt olaraq Azərbaycan dövləti daxilində; ABŞ ilə əlaqələr Ermənistan üçün xüsusilə vacibdir, onlar hərtərəfli gücləndirilməli və inkişaf etdirilməlidir.
Markedonovun sözlərinə görə, Qriqoryanın təqdim etdiyi "siyasi və diplomatik dizayn” Qərbin vasitəçiliyi ilə əldə edilən çərçivə razılaşmasının əvvəlkindən daha yaxın olduğunu göstərir.
"Söhbət məzmun baxımından münaqişənin həllindən getmir, söhbət Ermənistan və Azərbaycan elitasının daxili bazarda az-çox uğurla "sata" biləcəyi "paketdən" gedir. Rusiya üçün bu xəbər o qədər də xoş deyil. Əlbəttə ki, hər şeydə Ermənistanın qərbyönlü siyasətçilərini günahlandırmaq olar və bu cür tənqidi pafosa müəyyən mənada haqq qazandırılacaq. Kimsə Rusiyanın başının Ukrayna ilə qarışdığını xatırlayacaq (və haqlı olaraq). Amma obyektivlik naminə Qafqazla "qalıq prinsipi” (2022-ci ildən yox, daha əvvəllər) üzrə işimizi və informasiya işindəki boşluqlarımızı (səsimizi çıxarmaq lazım olan yerdə susqunluq) qeyd etmək yerinə düşərdi. Bir sözlə, kompleksli problem”, - Markedonov qeyd edib.
O, hesab edir ki, ABŞ-a üstünlük verən Ermənistan qazancdan çox itirə bilər, lakin Rusiya üçün bu, yaxşı təsəlli deyil.
"Digər tərəfdən, isterikaya qapılmaq və hay-küy salmaq lazım deyil. Amma başa düşmək lazımdır ki, Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında öz siyasi eksklüzivliyini (hər gün daha çox) itirir", - rusiyalı politoloq vurğulayır.
Markedonovun sözlərinə görə, ABŞ və Aİ tərəfindən moderatorluq edilən çərçivə sazişi bu tendensiyanı gücləndirəcək.
Markedonovun fikrincə, rəqabət hökm deyil, onu qazanmaq olar və qazanmaq lazımdır. Amma Moskva indi bu rəqabətə qoşularaq bərabərlər arasında birincilik qeyri-rəsmi statusunu itirir.
Rusiyalı politoloq hesab edir ki, narahatlığa əsas var. Zamanın dayanmadığı şəraitdə səhvlər üzərində ciddi iş son dərəcə vacibdir.
Nizami Bağırov