"Rusiya prezidenti balans pozulmasın deyə, Ermənistan olmadan Azərbaycanla ayrıca münaqişənin həllini müzakirə etməyə hazır deyil".
Bu sözləri Qaynar.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu yaxın vaxtlarda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün reallaşacağı halda əsas müzakirə mövzusunun hansı məsələ olacağına münasibət bildirərkən deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, İlham Əliyevin İrana uğurlu səfərindən sonra üçlü - Ruisya, Azərbaycan və İran formatı formalaşması fikri ortaya çıxdı: "Bu format çərçivəsində 3 ölkə arasındakı iqtisadi və ticarət münasibətləri müzakirə olunacaq. Çünki böyük layihələr var. Bu layihələrdə Azərbaycan fəal ölkələrdən biridir. Bunun ilk nəticəsi olaraq üç ölkənin Xarici İşlər Naziri bir araya gəldi. Görüş əslində cəbhə bölgəsində gərgin dövrə təsadüf etdi. İndi prezidentlər görüşməlidir. Bu görüşdə də əsas müzakirə mövzusu iqtisadi, ticarət münasibətləri və böyük infrastruktur layihələri olacaq".
Politoloqun fikrincə, prezidentlər böyük mənada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməyəcək: "Birincisi, Rusiyanın konkret təklifləri olduğuna şübhəm var. İkincisi, Rusiya prezidenti balans pozulmasın deyə, Ermənistan olmadan Azərbaycanla ayrıca münaqişənin həllini müzakirə etməyə hazır deyil. Bu görüş prinsip etibarilə yaxın vaxtda olmasa da, il ərzində baş tuta bilər. Bu görüşün reallaşması həyata keçrilən layihələrdən də asılıdır. Əgər layihələrdə bir irəliləyiş olsa, prezidentlərin görüşü aktuallaşacaq"
Qafqaz Rafiqoğlu
Qaynar.info