"Rusiyanın Ermənistanı tərk etməsi mümkün deyil”.
Bunu Qaynarinfo-ya politoloq Azər Qasımov "İrəvanda Rusiya əleyhinə çağırışların güclənməsi fonunda Ermənistanda Qərb qalib gələrsə, Kreml bu məğlubiyyəti qəbul edib, Qarabağdan sülhməramlıları, Gümrüdən isə rus hərbçilərini çıxara bilərmi” sualına cavab verərkən deyib.
Azər Qasımov deyib ki, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbyönlü ölkə olacağı fikri utopiyadan başqa bir şey deyil:
"Bu, erməni toplumunun bir hissəsinin arzusudur. Arzu olaraq da qalacaq. Qərb bu günə kimi məlum regionların heç birinə Qərb dəyərləri gətirə bilməyib. Nəticədə həmin regionları məhv olma durumuna gətirib çıxarıb, sonra isə heç nə olmamış kimi qəfil çəkilib gedib. "Coğrafiya ölkələrin taleyidir" deyimini heç vaxt unutmaq olmaz. Qərbə inteqrasiya "Qərbə doğru getmək" və ya "Qərbi dövlətə gətirmək" demək deyil. Qərbə inteqrasiya Qərb dəyərlərini mənimsəyib, milli mentalitetə uyğunlaşdırmaq deməkdir”.
Politoloq əlavə edib kİ, Rusiya üçün məğlubiyyət anlayışı nisbi anlayışdır və heç vaxt qəbul edilən deyildir:
"Odur ki, Rusiya özünü heç vaxt məğlub hesab etməyəcək. Bu baxımdan, Rusiyanın Qarabağ ərazisindən çıxması gözləntilərinin müəyyən səbəbləri var. Rusiyanın Ermənistandan çıxması məsələsi isə mümkün deyil. Ermənistan özünü Qərbə inteqrasiya edirmiş kimi göstərdiyi halda belə reallıq imkansızdır”.
Azərbaycanla Rusiya arasında baş tuta biləcək ikitərəfli danışıqların şərtləri haqqında da danışan Azər Qasımov bildirib ki, danışıq şərtləri bərabərhüquqlu dövlət kimi qonşuluq münasibətlərini inkişafı və davam etdirməsi olacaq:
"Bir-birinin dövlət maraqlarının nəzərə alınması, regionda destruktiv qüvvələrin fəaliyyətinə imkan və şərait yaratmamaqla bağlı şərtlərin olması ehtimalı ən məntiqli variantdır. Təbii ki, regionun gələcəyi üçün gərginlik yarada biləcək və hazırda Rusiyanın bunun üstündə Ukrayna ilə müharibə apardığı NATO-nun genişlənməsi planına qarşı olaraq addımlar atıla bilər. Rusiya bilmək istəyir ki, regiona Şimali Atlantika Alyansının gətirilməsi nəzərdə tutulur, ya yox. Bu istiqamətdə danışıqlar baş tuta bilər”.
"Əgər Rusiya Ermənistanda məğlub olarsa, Moskva Gümrüdəki hərbçi bazasını harda yerləşdirə bilər" sualına cavab verən politoloqun fikrincə, nəzəri olaraq bu mümkün olsa, Rusiyabnın Gümrüdən çıxaracağı hərbçilərin gedəcəyi yer bəllidir:
"Bura Ukrayna cəbhəsi olacaq. Məsələ ondadır ki, Rusiyanın Cənub Dairəsi Ordusu Qafqaz regionuna nəzarət üçün yaradılıb, artıq Zaparoje cəbhəsi Ukrayna ordusu tərəfindən məhv edilib. Odur ki, Gümrüdəki ordunun onun yerinə getməsi məntiqli görünür”.
Günay İlqarqızı