Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Məlumata görə, söhbət zamanı iqtisadiyyat, ticarət və enerji sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı məsələləri müzakirə edilib.
Noyabrın 18-də isə İlham Əliyevin Regionlararası Forumda iştirak üçün gələn Bakıya gələn Rusiya hökumətinin sədri Mixail Mişustin ilə də geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycan Prezidenti bildirib ki, iki ölkə arasında qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır:
"Biz yükdaşımaların həcmində də yaxşı dinamika görürük. Tranzit yüklərə gəldikdə isə, mənim fikrimcə, burada rekord göstəricilərə nail oluruq. Təqribən 50-60 faiz artım var və artım perspektivi böyükdür. Aviareyslərin sayı sürətlə artır. Həftədə 130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il təqribən 80 faiz artım olub. regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik”.
Politoloq Turan Rzayev Qaynarinfo-ya açıqlamasında Putinin İlham Əliyevə zəngini Rusiyanın regionumuzda varlığını göstərmək, habelə Bakı ilə olan gərginliyin dozasını aşağı salmağa hesablanmış diplomatik gediş kimi dəyərləndirdi:
"Son zamanlar Bakı-Moskva münasibətlərində gərginlik müşahidə olunur. Bu istər hər iki ölkənin dövlət televiziya kanallarının qarşılıqlı şəkildə bir-birini ittiham etməsi, istərsə də rəsmilərin bir-birinə qarşı sərt ritorikasında hiss edilir. Bütün bunlar rəsmi Bakının Moskvanın Qarabağ probleminə baxışından narazı olduğunu göstərir. Rus sülhməramlılarının konkret fəaliyyəti müəyyən edilsə də, onlar bir çox hallarda səlahiyyətlərini aşırlar. Bu isə Azərbaycanın daxili işlərinə müdaxilədir. Tərəflər arasında gərginliyin davam etməsi fonunda Kreml rəsmisinin Bakıya gəlişi, Putinin telefon danışığı Azərbaycanın Qərbə yönəlməsinə imkan verməmək üçün Moskvanın atdığı strateji addımdır. Kreml anlayır ki, Ukrayna müharibəsi davam etdiyi bir zamanda Cənubi Qafqaza istədiyi şəkildə təsir edə bilməyəcək. Ona görə də müəyyən mənada Bakı ilə İrəvan arasında balans saxlamağa çalışır. Bu telefon zəngi Rusiyanın regionumuzda varlığını göstərmək, habelə Bakı ilə olan gərginliyin dozasını aşağı salmağa hesablanmış diplomatik gedişdir”.
Həmsöhbətimiz qeyd edir ki, Moskva regiona əvvəlki tək təsir edə bilmir. Ona görə də Bakı ilə münasibətlərdə də diplomatik gediş və ritoridana istifadə edir:
"Azərbaycan Prezidenti açıq şəkildə bildirib ki, rusların planlaşdırdığı "Vardanyan layihəsi” alınmayacaq. Güman etmək olar ki, Putinlə telefon danışığının əsas mövzusundan biri də məhz Vardanyan məsələsi, sülhməramlıların fəaliyyəti, Bakı ilə Moskva arasındakı son gərginlik və Azərbaycanı narahat edən digər məsələlər olub. Rusiya indiki halda regionumuza əvvəlki tək təsir edə bilməyəcək. Ona görə də diplomatik gediş və ritorikadan istifadə etməyə məcburdur. Bunu Bakı da bilir və maksimum dərəcədə bu amildən istifadə edir”.
Rüfət Sultan