Bildiyimiz kimi, Ukraynaya hücum fonunda Qərb Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Hansı ki, bu saknsiyalar Rusiyanın bütün sahələrini, xüsusən də hərbi sahəni əhatə edir. Sanksiyalar fonunda orta və uzaq vədədə Rusiyanın ciddi maliyyə itkisinə məruz qalacağı birmənalıdır. Belədə isə Rusiya digər sahələr bir yana, hərbi baxımdan mövcud olan və ya gələcək üçün nəzərdə tutduğu bir sıra planlarından da imtina etmək məcburiyyətində qala bilər.
Qeyd edək ki, hazırda Rusiyanın ölkə xaricindən kənar separatçı rejimlər də daxil dünyanın 10 bölgəsində hərbi bazası var. Dnestryanı, Abxaziya, Cənubi Osetiya kimi separatçı bölgələrdə, habelə Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan, həmçinin Suriya və Vyetnamda Rusiya bu və ya digər dərəcədə hərbi bazalara sahibdir. Rusiya Azərbaycanda isə sülhməramlı adı ilə müvəqqəti olaraq ölkəmizin Qarabağ bölgəsində yerləşir. Aydın məsələdir ki, kəskin sanksiyalar öz nəticəsini verdiyi təqdirdə, Moskvanın məcburiyyət qarşısında xaricdəki bəzi hərbi bazalarından vaz keçməsi mümkündür. Belə ki, gözlənilən kəskin maliyyə böhranı Kremli bu məcbuiyyətə getməyə vadar edə bilər. Ancaq bu heç də o anlama gəlməməlidir ki, Rusiya bütün hərbi bazalarını təhvil verib geri dönəcək. Ola bilsin, Moskva çətin məqamda Vyetnam, Qazaxıstan və Qırğızıstandakı hərbi bazalarından imtina etsin. Amma bunu NATO ilə sərhəddə yerləşən Belarus, Ermənistan, Əfqanıstanla sərhəddəki Tacikistana, habelə dəstəklədiyi separatçı rejimlərə aid etməyəcək.
Görəsən, sanksiyalar fonunda Rusiya Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirdiyi sülhməramlı qüvvələrini də müqavilədə nəzərdə tutulduğundan daha tez müddətdə geri çağıra bilərmi? Qeyd edək ki, müqaviləyə əsasən, Rusiya sülhməramlıları bölgəyə 5 il müddətinə gəlib və 2025-ci ildə bu müddət başa çatır.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirdi ki, sanksiyalarla çətin duruma düşsə də, Rusiyanın Qarabağdakı sülhməramlıları vaxtından əvvəl çıxarmağa məcbur olacağı ağlabatan deyil:
"İnanmıram ki, ciddi sanksiyalarla üz-üzə qalsa da, Rusiya Qarabağda sülhməramlı qismində yerləşdirdiyi kiçik kontingenti müddət bitməmiş oradan çıxarsın. Burada elə də böyük kontingent yoxdur. Digər tərəfdən, Rusiyanın Qarabağdakı sülhməramlı missiyası elə də ciddi maliyyə tələb etməyən hərbi kampaniyadır. Düşünürəm ki, rus sülhməramlılarının Qarabağdan çıxarılması məsələsi yalnız Moskvanın qərarı ilə mümkün olan məsələ deyil. Çünki müqavilə 3 dövlət arasında imzalanıb. Ona görə də onların bölgədən çıxarılması həmin 3 dövlətin məsələyə münasibətdə sərgiləyəcəyi mövqe ilə də bağlıdır”.
Ekspertə görə, Moskvanın buna getməsi Rusiyanın gücsüz olduğu anlamına gələcək ki, Rusiya da heç zaman ona razı olmaz:
"Rusiya insan resursları və hərbi texnika baxımından kifayət qədər bazaya malik ölkədir. Bu baxımdan Rusiyanın Qarabağdakı kontingentini vaxtından əvvəl çıxarmağa möhtac olacağı ağlabatan deyil. MDB məkanına özünün arxa bağçası kimi baxan bir ölkənin hələ ki, həmin regiondan çıxmaq niyyəti yoxdur. Belə olan halda çətinliklərlə qarşı-qarşıya qalsa da, ən azından MDB məkanına münasibətdə Kreml sözügedən addıma getməyəcək. Ona görə də bunun yaxın müddətdə baş verəcəyini düşünmürəm. Moskvanın buna getməsi həm də öz gücsüzlüyünü göstərməsi anlamına gələ bilər”.
Bununla belə, həmsöhbətimiz bildirir ki, 5 illik müddət bitəndən, yəni 2025-ci ildən sonra isə böhran içində çabalayan Rusiya istəməsə belə, sülhməramlılarını Qarabağdan çıxarmağa məcbur ola bilər:
"Belə bir ehtimal var və mümkündür. Razılaşmanın müddətinin bitməsilə rus sülhməramlılarının Qarabağdan çıxmasında Azərbaycan da maraqlıdır”.
Rüfət Sultan