Xəbər lenti

Siyasət 21:45 06.06.2024

"Rusiya ilə münasibətlərimiz həmişə yaxşı olacaq" -  Deputat

"Gənclərimizin ana dili ilə yanaşı, rus dilində də sərbəst danışması beynəlxalq aləmə çıxış imkanları yaradır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiya prezidenti Vladimir Putinin Moskva Bakı münasibətlərinə dair səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Deputat bildirib ki, iki ölkə normal qonşuluq münasibətləri qurub:

”Rusiya və Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq bir-birinin daxili işlərinə qarışmır. Amma birgə əməkdaşlığın mümkün olduğu sahələrdə tərəfdaşlıq edirlər. Azərbaycan Rusiya ilə birlikdə Şimal-Cənub nəqliyyat layihəsinin həyata keçirilməsində maraqlıdır. Bu barədə İranın əvvəlki prezidentilə də danışılmışdı. Görünür, İranda yeni seçkilərdən sonra məsələyə yenə də qayıdılacaq. Onun həyata keçməsi tək Azərbaycan və Rusiya üçün deyil, bütövlükdə böyük region üçün çox əhəmiyyətli olacaq”. 
 


Deputat deyib ki, ölkəmizdə xarici dillərin öyrənilməsinə ciddi diqqət yetirilir:

"Onlar arasında rus dili də var. Hazırda Azərbaycanda 300-dən çox məktəb rus məktəbidir və ya orada rus sektoru da var. Ali məktəblərdə də rus sektorunda müxtəlif ixtisaslar üzrə dərslər keçirilir. Gənclərimizin ana dililə yanaşı rus dilində də sərbəst danışması beynəlxalq aləmə çıxmaq üçün yaxşı bir şəraitdir. Hesab edirəm ki, Rusiya ilə münasibətlərimiz həmişə yaxşı olacaq”. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin informasiya agentliklərinin rəhbərləri ilə görüşündə iki ölkə arasında münasibətlərə dair sualı cavablandırarkən Azərbaycanla Rusiya arasında  münasibətlərin uğurla və çox praqmatik inkişaf etdiyini deyib. O, həmçinin bəyan edib ki, Bakı ilə Moskva arasında əlaqələrin inkişafı üçün logistika və nəqliyyat infrastrukturunu təkmilləşdirmək lazımdır. Putin hesab edir ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün rus dilinin vacib olduğu qənaətindədir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->