Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ-a qarşı şok Qarabağ ittiham irəli sürüb.
Sergey Narışkin deyib ki, ABŞ və müttəfiqləri Ermənistandakı millətçiləri qəsdən təhrik edir ki, tərəflərin Dağlıq Qarabağla bağlı 9 noyabr razılaşmasını pozsunlar. Narışkin iddia edib ki, Vaşinqton hazırda erməni və Azərbaycan xalqları arasında nifaq salmağa çalışır: "Onlar erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. ”Sona qədər müharibə" zəruriliyi fikrini ortaya atırlar, azərbaycanlılara isə deyilir ki, Azərbaycan Ordusu Xankəndini götürməyə bir addım qalanda Kreml onların "qələbəsini oğurlayıb”.
Narışkinin açıqlamalarını Qaynarinfo üçün şərh edən politoloq Nəzakət Məmmədova hesab edir ki, Rusiya bununla ABŞ və Fransaya cavab verməyə çalışıb:
"Rusiya ABŞ-da Baydenin prezident seçilməsi ilə növbəti 4 ildə daha da gərgin münasibətlər dövrünə qədəm qoyur. Bayden Adminstrasiyasının üzərində baş sındırmahlı olduğu problemlər sırasında Qarabağ problemi də olacaq. ABŞ Fransa ilə birlikdə Minsk formatına qayıtmağı istəyir, bu, onlara Qarabağ məsələsini bəhanə etməklə Cənubi Qafqazda olmaq imkanı verirdi, lakin Rusiya sülhməramlı göndərməklə faktiki ABŞ və Fransanı prosesdən kənara atdı, tərəfdaş olaraq Türkiyəni seçdi. Baydenin növbəti prezidentlik müddəti 4 il sonra başa çatacaq. Onun ikinci dəfə seçilməsi isə sırf yaş baxımdan mümkün deyil, həmin vaxt o, 81 yaşında olacaq və ikinci dönəmə iddiası absurd olardı. Rusiyanın sülhməramlı qüvvələrinin müddəti isə 5 il sonra başa çatacaq və beləliklə, Rusiya ABŞ ilə razılaşmalı olmayacaq, həmin vaxt ABŞ növbəti prezident seçkilərinə başı qarışacaq. Narışkinin açıqlaması Rusiyanın da Minsk qrupundakı iki həmsədrlə Qarabağla bağlı yollarını ayırdığını göstərir. Parisdə olan Pompeo Fransa XİN rəhbəri Jan İv Le Driyanla görüşüb və Qarabağ məsələsindən danışıblar, sonra isə Rusiyadan hesabat tələb ediblər ki, o, nə üçün özbaşına bölgəyə sülhməramlı yeridib. Narışkinin açıqlaması Pompeo və Le-Driyanın Rusiyadan hesabat istəmələrinə cavab hesab oluna bilər.
Politoloq Elxan Şahinoğlu bildirir ki, Rusiya ikili oyun oynamağa çalışır. Ona gör burada iki suala cavab tapmaq lazımdır:
"Birincisi, Putinlə Narışkinin yanaşmasındakı fərq nə ilə bağlıdır? Putinin Qarabağla bağlı Amerika və Fransaya etirazı yoxdur, Narışkin isə hər iki dövlətə qarşı ciddi ittihamlar irəli sürür. Görünür, Putin özünü daha dözümlü göstərməyə çalışır və demək istəyir ki, Vaşinqton və Parisin Rusiyaya qarşı müxtəlif sanksiyalarına baxmayaraq, Dağlıq Qarabağın statusunun müəyyənləşməsində onlarla əməkdaşlıq etməyə hazırdır.
Putin üçün əsas sülhməramlılarını Azərbaycanda yerləşdirmək idi, ona da nail oldu. Putinin Dağlıq Qarabağın status məsələsini Amerika və Fransa ilə birgə müzakirə etməyə hazır olması isə onun Türkiyəni bu iki dövlət vasitəsilə bölgədəki fəallığını azaltmaq məqsədi daşıyır.
Yəni, Putin Türkiyəyə qarşı özünün edə bilmədiyini başqalarının əli ilə həyata keçirməyə çalışır. Buna baxmayaraq, Putin Vaşinqton və Parisin təxribatlarını ölkəsinin baş kəşfiyyatçısı Narışkinin dili ilə səsləndirir. Bu dəfə isə Putin Narışkinin açıqlaması vasitəsilə Vaşinqton və Parisi Rusiyaya qarşı "pis əməllərdən” çəkindirməyə çalışır”.
İkinci suala gəldikdə politoloq Narışkinin "Qərb ölkələrinin rəsmiləri azərbaycanlılara deyirlər ki, "Kreml sizin qələbənizi oğurladı, Stepanakertin bir addımlığındaydız” ifadəsinə diqqət çəkir: "Ermənistan hakimiyyətinin Fransaya bağlılığı məlumdur, Amerika ilə də sıx əlaqələr qurmağa çalışıblar. Yəni Vaşinqton və ya Paris Paşinyanı qızışdıra bilər. Ancaq Vaşinqton və Paris rəsmi Bakını niyə qıcıqlandırsın ki?
Tam əksinə, Vaşinqton və Paris müharibənin ilk günündən bizə mane olmağa çalışırdı, indi də Azərbaycana qarşı təxribatlarından əl çəkməyiblər. Ona görə də Qərb ölkələrinin rəsmilərinin bizə "sona qədər getməli idiniz” deməsi inandırıcı deyil. Narışkin sadəcə həmişəki kimi Ermənistanla Azərbaycan arasında balans yaratmağa çalışıb, yəni Qərb ölkələri həm erməni, həm də guya azərbaycanlı millətçilərə müraciət ediblər”.
Orxan Əhmədli