Xəbər lenti

Rusiya miqrantlara qarşı mübarizəyə başlayır: Soydaşlarımızı təhlükə gözləyirmi?
Siyasət09:06 20.10.2022

Rusiya miqrantlara qarşı mübarizəyə başlayır: Soydaşlarımızı təhlükə gözləyirmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, hökumət miqrasiya nəzarətini gücləndirmək niyyətindədir. O qeyd edib ki, miqrantların sıx məskunlaşdığı yerlərdə genişmiqyaslı hüquq-mühafizə tədbirləri həyata keçiriləcək. 
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirib. Müşavirə zamanı Putin Rusiyanın miqrasiya siyasətinə dəyişiklik etməyin vacibliyini vurğulayıb. O bildirib ki, dünyada vəziyyət dinamik şəkildə dəyişir, miqrasiya sferasına təsir edən qlobal və regional faktorlar yaranır, bu səbəbdən də hazırkı miqrasiya siyasəti konsepsiyasına korrektə etmək lazımdır. 
Qeyd edək ki, Rusiyada çoxsaylı miqrant yaşayır. Onlar arasında azərbaycanlılar da var. Qonşu ölkədə 767 min azərbaycanlının yaşadığı bildirilir. 
Rusiyanın miqrasiya nəzarətini gücləndirmək istəyi orada qeydiyyatsız yaşayan nə qədər azərbaycanlıya təsir edəcək? 
Qaynarinfo-ya açıqlamasında miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, Kremlin miqrantlarla bağlı atmaq istədiyi yeni addımlar bu ölkədə Azərbaycandan olan 10-50 min arası qeyri-qanuni miqranta təsir edə bilər:
"Düşünmürəm ki, burada söhbət sərtləşdirmədən getsin. İqtisadi sanksiyaların nəticəsi olaraq çoxsaylı miqrant Rusiya ərazisini tərk etməli olub. Bir milyon Rusiya vətəndaşı da ölkəni tərk edib. Nəticədə əmək bazarında ciddi problemlər yaşanmaqdadır. Belə vəziyyətdə Rusiyanın boşalan iş yerlərini dolduracaq əmək ehtiyatlarına ehtiyac var. Miqrantlar üçün əmək fəaliyyəti sahəsində mövcud qaydalar kifayət qədər sərtdir. Əlavə sənədləşmələr, bürokratik əngəllər, süründürməçilik prosesi ağırdır. Ola bilsin bu dəfə mövcud vəziyyətə uyğun olaraq həmin məsələlərə yenidən baxaraq, əmək miqrasiyası prosesində bəzi yumşalmalara getsinlər. Amma bununla belə, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində sərtləşdirilməyə gedilməsi də istisna deyil. 
Rusiyada hazırda 500 minə yaxın azərbaycanlı qanuni əsaslarla yaşayır. Onun da 160-170 mini əmək müqaviləsi əsasında əmək fəaliyyətilə məşğuldur. Ailə üzvləri və uşaqları çıxmaq şərtilə yerdə qalanlar arasında müəyyən sayda qeyri-qanuni əsaslarla əmək fəaliyyətilə məşğul olanlar da var. Onların təxmini sayı 10-50 min arasında ola bilər. Amma Rusiyanın qeyri-qanuni miqrantlara qarşı prosesi sərtləşdirməsi heç də onların geri dönüşünə gətirib çıxarmaya da bilər. Sərtləşdirmə heç də həmişə mütləq geri dönüş demək deyil, bu onların statusunun leqallaşdırılması ilə də bağlı ola bilər”. 
Rüfət Sultan