
Ukrayna ətrafında cərəyan edən geosiyasi proseslər və Krımın Rusiya tərəfindən işğalı ilk növbədə SSRİ-nin varisinə qarşı həyata keçiriləcək iqtisadi sanksiyaları gündəmə gətirdi.
Siyasi bəyanatların mənasını itirdiyi zamanda dünyamız artıq gücün boy göstərdiyi və hərbi qüvvənin dövrəyə girdiyi bir geosiyasi reallıqla üz-üzədir. İki Dünya müharibəsinin baş verdiyi Avropa və Asiyanın qovşağı növbəti qlobal savaşın baş verəcəyi narahat bir coğrafiyaya çevrilib. Rusiya fəal şəkildə və açıqdan-açığa hərbi gücünü dəyənək kimi postsovet məkanı üzərində sallayaraq bölgəni təsir dairəsinə salmaq istəyən Qərbə meydan oxuyur. SSRİ-nin bətnindən çıxan ən iri dövlətlərdən biri olan 50 milyonluq Ukrayna az qala ərazisinin yarısını itirmək təhlükəsi qarşısındadır. Azərbaycanın başına açılan Qarabağ, Moldovanın Dnesteryanı, qonşu Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemləri fonunda Moskva son Maydan hadisələrindən və V.Yanukoviçin devrilməsindən sonra Ukraynanı da öz əlində saxlamaq üçün separatizm kartını ortaya atdı. Ölkənin şərqində gedən proseslər dünyanın bir nömrəli gündəm xəbərinə çevrilərək Yaxın Şərqdəki Ukrayna hadisələrinin kölgəsində qalıb.
Krımın anneksiyasından sonra Qərbin Rusiyaya etdiyi birinci xəbərdarlıq "iqtisadi izolyasiya" oldu. Həqiqətən də Krım kampaniyasından sonra bir həftə ərzinda 30-31 rubla satılan dolların qiyməti 39 rubla qalxdı. Dünyanın ən iri fond birjalarında səhmləri satışa qoyulan rus şirkətlərinin qiymətli kağızlarının dəyəri kəskin şəkildə aşağı düşərək ümumilikdə Rusiya iqtisadiyyatına 100 milyard dollardan çox ziyan vurdu. Qərb Moskvanı hərbi kampaniyanı dayandırmağa çağıraraq sanksiyaların daha da sərtləşdiriləcəyi ilə hədələdi. Daxildə təşviş yaratmamaq və Rusiyanın gücünün yetərli olduğuna ictimaiyyəti inandırmaq üçün Moskva əlindəki resurslar vasitəsi ilə geniş təbliğat həmləsinə keçdi. Kremlin nəzarətində olan informasiya vasitələri və hakimiyyətin ekspertləri ekranları, mətbu orqanların səhifələrini öz "patriot" analizləri ilə doldurdular.
Bir şeyi xüsusilə vurğulamaq istəyirəm ki, Maydan hadisələrindən sonra qlobal şəbəkədə rus istifadəçilərin sayı və aktivliyi dəfələrlə artıb. "Şəbəkə müharibəsi"nin vacibliyini dərk edən Rusiyanın hakim dairələri Krımı işğal etdikdən sonra sosial şəbəkələrdə qızğın bir antiamerika təbliğatına start veriblər. Təxmini hesablamalara görə Krım hadisələrindən sonra rus "şəbəkə döyüşçüləri"nin sayı bir neçə dəfə artıb. Krımın işğalından sonra populyar sosial şəbəkələrdə ruslar tərəfindən on minlərlə yeni profillər açılıb və onlarda standart, Kremlin Ukraynada apardığı siyasətə haqq qazandıran, Donbas, Odessa, Xarkov və digər Ukrayna vilayətlərinin Rusiyanın tərkibinə keçməsinin vacibliyi vurğulanan informasiya mətnləri yayımlanır. Yeni yaradılmış "Ukrayna", "Malorussiya", "Novorussiya", "Donbass xalq respublikası" və digər adlar daşıyan şəbəkə qruplarında həm ukraynalı, həm də rus istifadəçilər adından Rusiyanın yeni yaratdığı "şəbəkə döyüşçüləri" müzakirələrdə Cənub-Qərbi Ukrayna əhalisinin tam olaraq rus ordusunu gözlədiyi təsəvvürü yaratmağa çalışırlar. Kiyevin Krımı itirdikdən sonra informasiya məkanında öz imicinin reabilitasiyası üçün addım ata bilməməsi, Maydanın şəbəkədəki təbliğatçılarını ruh düşgünlüyünə uğradaraq fəaliyyətlərinin passivləşməsi ilə nəticələndi.
Rusiya KİV-lərinin əhali arasında təşviş yaratmamaq məqsədi ilə son dəfə yaydığı bir materialı oxucularımızın diqqətinə çatdırırıq. “Tamhüquqlu üzvü olduğu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yığıncağında ABŞ-a bağladığı müqavilələrə sadiq qalmasının vacibliyini xatırlatmağa hazırlaşan Rusiya, illik bir-neçə milyard dollar həcmindəki ticarət dövriyyəsini pozmaqla ABŞ-ı sanksiyalar tətbiq etməkdən çəkindirməyə çalışacaq”. Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukayevin bəyanatının da əlavə edildiyi bu analitik yazıda, ABŞ-ın ÜTT çərçivəsində Rusiya ilə bağladığı ticarət müqaviləsini pozmağa ixtiyarının olmadığı vurğulanır. Rusiyalı nazir Vaşinqtonun sanksiyaları tətbiq edəcəyi təqdirdə öz üzərinə götürdüyü iqtisadi tərəfdaş öhdəliyini pozacağını bildirərək Moskvanın ÜTT-dən çıxacağını deyib.
A. Ulyukayev Rusiyanın ÜTT-yə çox çətin və ağır prosesdən keçərək üzv olduğunu, lakin bu təşkilata üzvlüyün ölkəyə gözlənilən xeyri vermədiyini qeyd edərək, ÜTT-ni ABŞ-ın əlində oyuncaq olan bir qurum adlandırıb. ÜTT-dən çıxmaqla Rusiyanın "soyuq müharibə"ni daha da körükləyəcəyi göz qarşısındadır. ÜTT-də söz sahibi olan ABŞ-a qarşı Rusiyanın hansı cavab tədbirləri görəcəyi məsələsinə isə hətta Moskvanın ekspertləri özləri belə yumor və ironiya ilə yanaşırlar. Rus banklarının Visa/MC ödəmə sistemindən istifadəsinə ABŞ tərəfindən qoyulan məhdudiyyətin Rusiyanın maliyyə sisteminə vurduğu zərər ifadə edilməyəcək qədər böyükdür. Nazirin və kremlpərəst ekspertlərin əhalidə nikbinlik yaratmaq məqsədi ilə səsləndirdiyi fikirlərə münasibət bildirən, emosiyaların deyil, sağlam düşüncənin səsinə qulaq asan mütəxəssislərin proqnozları isə birmənalıdır: "Rusiya bu iqtisadi müharibəni uda bilməyəcək!".
P.S. Rusiya Ukraynanın nə qədər içərilərinə doğru irəliləyirsə, iqtisadi böhran da bir o qədər Rusiyanın içərilərinə irəliləyir. Təsirin əks-təsirə bərabər olduğu prinsipi ilə. Kreml təbliğatının əhatə etdiyi ərazi isə hər gün böyüyür. Ukraynanın işğalına legitimlik donu geyindirən Moskva artıq Cənubi Qafqaz və Orta Asiyanın Rusiya imperiyasının ərazisi olduğunu xəcalət və utanc hissi keçirmədən vurğulayır. Bu, gələcəkdə baş verəcək böyük təlatüm və dağıdıcı müharibələrdən xəbər verir. Yəni "soyuq müharibə" buzunun əridiyi və müharibə alovunun isə dünyanı bürüməyə başladığı bir dövrün astanasındayıq...
Qafqaz Ömərov
İnterpress.az