"Bu görüş sülh müqaviləsinə doğru prosesdə növbəti hazırlıq mərhələsi kimi dəyərləndirilməlidir. Mövqelərin yaxınlaşması ilə Rusiyanın prosesdə iştirakına da xətt çəkilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropa İttifaqı Şurasının Prezidenti Şalr Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlam Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında iyulun 15-də keçirilən Brüssel görüşünü şərh edərkən deyib.
"Qarabağ məsələsində qismən də olsa irəli addım atılıb ki, bu da əhəmiyyətlidir. Çünki açar məsələ Qarabağdır. Bu məsələ razılaşdırıldığı təqdirdə, sülh müqaviləsini imzalamaq o qədər də problem yaratmayacaq”, deyə ekspert bildirib.
Ekspert bildirir ki, burada əsas məqam hər iki dövlət başçısının bir-birinin ərazi bütövlüyünü bir daha təsdiq etmələri olub:
"Artq bundan sonra danışıqlar və razılaşdırılacaq sülh mətni məhz bu prinsiplər əsasında aparılacaq. Bu isə bəzi regional və qlobal güclərin geosiyasi maraqlarını təmin etməyin üstündən xətt çəkir. Onun nəticəsidir ki, Brüssel görüşündən dərhal sonra Rusiya XİN-ni həddini aşan bəyanat verdi”.
Həmsöhbətimiz qeyd edir ki, görüşdə Bakı qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasını tələb edib ki, artıq bu reallıq dünya gücləri tərəfindən də qəbul olunur:
"Belə bir reallğın dünya gücləri tərəfindən qəbulu Azərbaycana antiterror əməliyyatı ilə prosesi həyata keçirməyə imkan yaradır. Qarabağ ermənilərinin alternativ təchizat mənbələrinin qəbulu məsələsi də əhəmiyyətli məqamdır. Azərbaycan göstərdi ki, humanitar məsələlərdə təchizat mənbəyi təkcə Ermənsitan ola bilməz. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər üçün bu təchizat Azərbaycandan edilməlidir. Ona görə də alternativ mənbə kimi Ağdam və Bərdə şəhərləri göstərilib və Brüssel bunu qəbul edib. Bu da ermənilərin reinteqrasiya məsələsində Brüssel formatında açılan növbəti qapıdır”.
Politoloq deyir ki, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması da müzakirə predmeti olub:
"İrəvan qoşunların güzgü xarakterli geri çəkilməsini gündəmə gətirib. Ermənistan bununla dünyaya göstərmək istəyir ki, hərbi toqquşmaların əsas səbəbi qoşunların bir-birinə yaxın olmasıdır. Ona görə də hiyləyə əl ataraq, ermənilər neytral ərazinin yaradılmasına çalışır. Bu həm də Fransa tərəfindən İrəvana verilən ideyadır. Azərbaycan sərhəddə ən yüksək strateji yüksəklikləri əlində saxlayır. Güzgü xarakterli geri çəkilmə məsələsini gündəmə gətirməklə İrəvan həmin yüksəkliklərdən Azərbaycanın ərazilərə nəzarət məsələsində hegemonluğunu əlindən almaq istəyir. Azərbaycan da buna razı olmayıb. Kommunikasiyaların açılması məsələsi isə hər şeyin qarşılıqlıq prinsipi əsasında həyata keçiriləcək. Azərbaycana nə qədər maneəsiz keçid təmin olunacaqsa, Ermənistana da Rusiyaya getmək üçün eyni maneəsiz keçid tanınacaq”.
Natiq Miri vurğulayıb ki, görüşdə Ermənistandan qovulan Qərbi Azərbaycanlı soydaşlarımızın geri qayıtmasının müzakrə predmeti olması, bu hüququn tanınması da mühüm məqamlardan biridir.
Rüfət Sultan