ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedan Patel bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan liderlərini onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırıb: "Bizim baxışımız budur ki, birbaşa dialoq bu məsələlərin həllinin və uzunmüddətli sülhə nail olunmasının açarıdır”.
Patel qeyd edib ki, ABŞ hər zaman Cənubi Qafqazın hər üç ölkəsinin suverenliyi və müstəqilliyini dəstəkləyib.
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir. Bundan bir qədər öncə, oktyabrın 4-də isə tərəflər Avropa İttifaqının təşəbbüsü ilə Praqada görüşdülər. Görünən odur ki, dünyanın aparıcı ölkələrinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində fəallığı artıb.
Burada üç oyunçunun olduğu bəllidir. Bunlar prosesdə daha konstruktiv olması ilə seçilən Avropa İttifaqı və ABŞ-dır. Digər oyunçu Bakı ilə İrəvan arasında sülhə mane olan və sülhməramlı adı altında bölgədə daha uzun müddətə qalmaq istəyən Rusiyadır. Aİ ilə Rusiya Bakı və İrəvan təmaslarında birbaşa vasitəçi rolunda çıxış etdikləri halda, ABŞ Dövlət Departamenti rəsmisinin açıqlaması isə göstərir ki, Ağ Ev tərəfləri özləri üçün faydalı olan istənilən formatda görüşə çağırıb. Bu müstəvidə də ABŞ tərəflər arasında birbaşa dialoqa üstünlük verdiyini ortaya qoyur.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Mirinin fikrincə, Dövlət Departamentinin rəsmisi bu açıqlama ilə ilk növbədə onu demək istəyib ki, Rusiya sülhün əldə edilməsində maraqlı deyil:
"ABŞ rəsmisinin belə bir açıqlama verməsi ilk növbədə o deməkdir ki, Moskvanın təşəbbüsü ilə istənilən danışıqlar sistemi konkret siyasi nəticələr verməyəcək. Yəni Rusiyanın vasitəçiliyi münaqişəni həll etməyəcək. Bu xüsusda da ABŞ rəsmisi münaqişənin uzadılması ilə Rusiyanın təsir imkanlarının saxlanılmasını önə çəkir. Patel göstərmək istəyib ki, Kremlin münaqişəni çözmək niyyəti olsaydı, son iki il müddətində prosesdə hansısa konkret nəticələr olardı. Dolayısı ilə onlar bunları vurğulamaqla problemin həllində Kremlin maraqlı olmadığını ortaya qoyurlar”.
Həmsöhbətimiz deyir ki, Patel bu açıqlaması ilə həm də Azərbaycan və Ermənistana ideya verir:
"Bildirir ki, sözügedən münaqişənin çözümü konkret geosiyasi maraqların olmadığı bir məkandır. Bu da birbaşa ikitərəfli danışıqlar sistemidir. Həqiqətən də birbaşa Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində görüşlər olarsa, burada anlaşmaq daha uyğundur. Amma ortada vasitəçi dövlətlər olanda, həmin ölkələrin geosiyasi maraqlarını da uzlaşdırmaq məsələsi ortaya çıxır ki, bunu da mövcud Qərb-Rusiya qarşıdurması kontekstində həll etmək mümkünsüzdür. Bu baxımdan ABŞ rəsmisinin dediyində həqiqət payı var. Bakı və İrəvan problemləri çözmək üçün ikitərəfli qaydada görüşməlidir. Digər çözüm yolu isə üç Cənubi Qafqaz ölkəsinin birgə üçlük formatı yaratmasıdır”.
Rüfət Sultan