"Qarabağdakı Rusiya sülhməramlıları Azərbaycan sülhməramlılarından nümunə götürməli, təcrübəsindən yararlanmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli vətənə dönən Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyətini dəyərləndirərkən deyib:
"Azərbaycan sülhməramlıları Əfqanıstandakı peşəkar fəaliyyətlərilə Qarabağda sülhməramlı missiya həyata keçirən Rusiya sülhməramlıları üçün də bir nümunədir. Bilirsiniz ki, Rusiya sülhməramlılarının fəaliyyəti zamanı çoxsaylı qabarıq problemlər yaşanıb və bu xoşagəlməz proses davam edir. Ötən müddət ərzində rusiyalı sülhməramlılar fəaliyyətlərilə özlərini tərəf kimi göstərdi. Halbuki sülhü dəstəkləyənlər neytral mövqedə dayanmalı idilər”.
Ekspert qeyd edib ki, Azərbaycan əsgəri Əfqanıstandakı fəaliyyətilə intizamlı, peşəkar döyüş qabiliyyətinə malik bir qüvvə olduğunu nümayiş etdirdi:
"Azərbaycan əsgəri uzun müddətdir ki, dünyanın müxtəlif bölgələrində, xüsusən də Əfqanıstanda sülhü dəstəkləmə əməliyyatlarında iştirak edib. Azərbaycan sülhməramlılarının bu dövr ərzində Əfqanıstandakı fəaliyyəti tək rəsmi Bakı tərəfindən deyil, NATO rəhbərliyi tərəfindən də yüksək dəyərləndirilib. Sülhməramlılarımız özünü intizamlı, yüksək döyüş hazırlığına malik bir qüvvə kimi göstərməklə yanaşı, kifayət qədər peşəkarlıq nümunəsi sərgiləyiblər. Əfqanıstanda yerli kontingentlə ünsiyyətdə, adaptasiya olunmaq məsələsində də sülhməramlılarımız peşəkarcasına davranıblar. Bir sözlə, onlar Əfqanıstan sınağından da uğurla çıxaraq Azərbaycan dövlətinin imicini siyasi və hərbi baxımdan yüksəltdilər. Bu fəaliyyət nəticəsində qısa müddətdə NATO təcrübəsini də öyrəndik”.
Rüfət Sultan