Caliber.az saytının məlumatına görə, havalar isinən kimi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə ermənilər yenidən mühəndis-inşaat işlərinə start verib. Məlumatda deyilir ki, mayn 3-də qanunsuz erməni yaraqlılarının Xocavənd istiqamətində uzunmüddətli atəş nöqtələri qurduqları müşahidə edilib.
Maraqlısı odur ki, bu hadisə sülhməramlıların gözü qarşısında baş verib. Bu bir daha göstərir ki, Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəliyə uyğun hərəkət etmir. Belə təsürat yaranır ki, onların işləri yalnız qanunsuz erməni silahlı dəstələrini müdafiə etmək, onların qanunsuz addımlarına göz yummaqdan ibarətdir. Belə vəziyyət isə istər-istəməz sülhməramlılara azdan-çoxdan olan etimadın tamamilə iflasa uğramasına gətirib çıxara bilər.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Fikrət Sadıxovun fikrincə, yaranmış vəziyyət belə deməyə əsas verir ki, Rusiya sülhməramlıları Qarabağa məhz qanunsuz erməni silahlı dəstələrinə kömək etmək, açıq şəkildə onları dəstəkləmək üçün yerləşiblər:
"Azərbaycan 5 il müddət qoyub. Bu müddət ərzində sülhməramlıları erməni təxribatlarına belə göz yummaqda davam edəcəklərsə, Bakı birmənalı şəkildə məsələ ilə bağlı Moskvaya etirazını bildirməlidir. İndiyə kimi də bəzi hallarda bu kimi etirazlarımız olub. Amma bundan sonra daha ciddi şəkildə etməliyik”.
Bununla belə həmsöhbətimiz indiki şəraitdə erməniləri dəstəkləməkdə davam edən Rusiya sülhməramlılarının ərazidən çıxarılması tələbilə çıxış etməyin real görünmədiyi qənaətindədir:
"Amma birmənalı şəkildə onlara etirazımızı bildirməli, narazılığımızı çatdırmalıyıq. Eyni zamanda, yadlarına salmalıyıq ki, onlar Azərbaycan torpağında müvəqqəti yerləşiblər. Vəziyyət belə davam etsə, 5 il tamam olandan sonra artıq Rusiya sülhməramlılarının mandatının uzadılmaması məsələsi bütün çılpaqlığı ilə gündəmə gələcək”.
Rüfət Sultan