Xəbər lenti

Rusiya sülhməramlılarının mandat məsələsi Azərbaycana lazım deyil – Keçmiş XİN şefi
Siyasət08:11 07.09.2021

Rusiya sülhməramlılarının mandat məsələsi Azərbaycana lazım deyil – Keçmiş XİN şefi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya sülhməramlılarının mandatı məsələsində əlavə hüquqi mexanizmlərlə bağlı müzakirələr Azərbaycana lazım deyil”. 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq XİN rəhbəri Tofiq Zülfüqarov Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin BBC-yə açıqlamasında Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə "müəyyən müzakirələr hələ davam edir” fikrinə münasibət bildirərkən deyib.
Həmsöhbətimiz qeyd edib ki, əslində Azərbaycan tərəfi bu mandatın qəbul olunmamasında maraqlıdır: 
"Çünki istər-istəməz beynəlxalq prosedurlara uyğun olan mandat sülhməramlıların beynəlxalq legitimliyini tanıyacaq. Bu isə düşünürəm ki, ölkəmizə lazım deyil. İkinci bir tərəfdən, bu zaman mütləq prosedur mövcuddur. Qəbul edən tərəf qarşılıqlı anlaşma adlanan sənədə imza atmalıdır. Bəllidir ki, bu Azərbaycandır. O biri tərəfdən Qarabağda qeyri-qanuni formalaşan hərbi birləşmələr, özlərini müxtəlif adlarla adlandıran qurumlar bir növ beynəlxalq prosedurlara uyğun olaraq hansısa legitimlik alacaq. Bu isə Azərbaycana lazım deyil. 
Təbii mandatla bağlı danışıqlar davam etdirilməlidir. Amma indiyə qədər tətbiq olunan de-fakto təmasların nəticəsində, sülhməramlılar, habelə birbaşa Moskva və Ankara kimi paytaxtlarla praktik əlaqə saxlanılarkən elə de-fakto mandat formalaşıb”. 
Politoloq bildirib ki, mandat məsələsində ilk növbədə beynəlxalq təcrübəyə istinad etməliyik: 
"Beynəlxalq təcrübədə görürük ki, hansısa sazişdən sonra bir müddət müzakirələr aparılır və onun nəticəsi olaraq sülhməramlıların mandatı razılaşdırılır. Mandatı qəbul edən tərəflər sonda qarşılıqlı anlaşma sənədi imzalayır. Onun əsasında da qəbul edən tərəflər hansısa öhdəliklər götürür. Daha sonra beynəlxalq təcrübə tələb edir ki, BMT səviyyəsində sülhməramlılarla bağlı bəyanat və ya xüsusi qətnamə qəbul olunsun”. 
Rüfət Sultan