Xəbər verdiyimiz kimi, Rusiya Azərbaycan sərhədinin bir kilometrliyində hərbi baza tikir. Bir aydan çoxdur ki, Tavuş vilayətinin Berd rayonunun Ayqepar kəndi yaxınlığındakı keçmiş hava limanının ərazisində Rusiya hərbi bazasının aktiv tikintisi aparılır. Sovet dövründə orada "Yak-40” təyyarələri üçün uçuş-enmə zolağı olub. Erməni saytı "Azatutyun”un qeyd edir ki, Ermənistan hökumətinin saytında yerləşdirilən əsaslandırmaya görə, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşən yerləşdirmə məntəqələrinin ünvanlarının dəyişdirilməsi ilə əlaqədar torpaq sahələrinin tərkibində dəyişikliklər edilməsi zərurəti yaranıb. Rusiya tərəfinə verilmiş daşınmaz əmlaka, habelə hüquqi əsası təşkil edən sənədlərə də dəyişiklik ediləcək. Əsaslandırmanı müdafiə naziri Suren Papikyan təqdim edib.Əsasnamədə deyilir ki, protokolun imzalanması Rusiya hərbi bazasının hərbi hissələrinin tərkibində dəyişiklik nəticəsində onların fəaliyyəti üçün şəraitin təmin edilməsi zərurəti ilə bağlıdır.
Azərbaycanla sərhəddə tikilən bu obyekt nədir? Burada hərbi baza yerləşdiriləcəyi barədə deyilənlər doğrudurmu?
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Ayqepar kəndi ərazisindəki aeroportda inşa edilən hərbi obyekt olsa da, onun hərbi baza ilə heç bir əlaqəsi olmayacaq. Həmsöhbətimiz düşünür ki, orada inşa edilən infrastrukturu baza adlandırmaq olmaz:"Hansısa hərbi infrastruktur ola bilər, amma baza ola bilməz. Baza dediyimiz kifayət qədər bahalı və böyük həcmə malik hərbi infrastrukturdur. Onun daxilində məktəb, uşaq bağçasından tutmuş, zabit, gizir heyətinin təlim, tədris, istirahət və yaşaması üçün bütün vacib infrastrukturlar olmalıdır”.
Ekspertin fikrincə, tikilən obyekt böyük ehtimalla sərhədlə bağlı zastava, sərhəd dəstəsi olacaq: "Azərbaycanla sərhədə bu qədər yaxında Rusiyanın baza tikməsini normal hesab etmirəm. Böyük ehtimalla bu Rusiyaya aid sərhədlə bağlı hansısa bir zastava, sərhəd dəstəsi ola bilər. Bilirsiniz ki, Azərbaycanla Ermənistan sərhədinin Qazax rayonu hissəsində hələ də gərginlik mövcuddur. Buradakı 7 kəndimiz hələ də ermənilərin nəzarətindədir. Ermənilərin oradan çıxarılmasından sonra yəqin ki, bəlli bir gərginlik yaşanacaq. Hansını ki, Kəlbəcər, Laçın-Qaragöz istiqamətində zaman-zaman hiss edirik. Ermənilər adətən geri çəkiildikləri ərazilərdə atəş açmaqla burada sanki "bizə də aydiyyatı” varmış siqnalını verməyə çalışırlar. Yəqin ki, sərhəddə bu kimi problemlərin olmaması üçün müəyyən müddət üçün orada Rusiya sərhədçiləri yerləşdiriləcək. Ona görə də buna uyğun infrastruktur yaradırlar. İnşaatın miqyasl kifayət qədər məhduddur. Bu məsələ sərhədlə bağlı deyil, digər məqsəd daşıyan inşaatdırsa, Bakı ilə razılaşdırılmayıbsa, Azərbaycan rəsmi şəkildə buna etirazını bildirməlidir. Belə məsələlər Bakı ilə razılaşdırılmalıdır”.
Ə. Verdiyev Rusiyanın Gümrü bazasının öz funksiyasını icra etməkdə davam edəcəyini də söylədi:"Gümrü bazasının həmin tikilən obyektə heç bir aydiyyatı yoxdur. əmin bazasının təyinatı Azərbaycanla sərhədi qorumaq deyil. Onun funksiyası başqadır. Gümrü bazasının funksiyasına yaxın olan ərazidən çıxarılıb, vəzifəsindən daha uzaq məsəfədə yerləşdirilməsi sağlam məntiqə sığmaz”.
Rüfət Sultan