"Rusiya tərəfi Ukrayna cəbhəsində uduzsa, bu məğlubiyyət birbaşa Ermənistana təsir edəcək".
Qaynarinfo xəbər verir ki, bu sözləri erməni politoloq Benyamin Matevosyan mümkün Rusiya-Qərb hərbi münaqişəsindən danışarkən deyib. Ekspert bildirib ki, Rusiya məğlub olacağı halda Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək:
"Rusiya uduzsa, Zəngəzur dəhlizi deyilən yol Türkiyənin təsir dairəsinə keçəcək. Bu bizim üçün son dərəcə təhlükəli vəziyyətdir. Münaqişənin olmaması bizim üçün daha müsbət haldır. Rusiya uduzsa, nəticədə zəifləmiş ortada bir Rusiya olacaq. Elə bir vəziyyət yaranacaq ki, Türkiyənin tərəfdaşı olan Qərb Rusiyaya öz siyasi iradəsini diqtə edəcək və bu da regiona birbaşa təsir edəcək. Minsk qrupu həmsədrlərinin formatı bütövlükdə dağılacaq. Burada təkcə kommunikasiyalara nəzarət məsələsi müzakirə edilməyəcək, həm də Qarabağdakı Rusiya sülhməramlılarının məsələsi, eləcə də ermənilərin fiziki olaraq qovulması məsələsi qaldırılacaq. Rusiyanın nəinki Ukrayna böhranından minimal itkilərlə çıxması, həm də Minskdə əldə olunmuş Donbas-Luqansk razılaşmalarını həyata keçirə bilməsi Ermənistanın Qarabağın maraqlarına cavab verir”.
Benyamin Matevosyanın sözlərinə görə, Rusiya Ukrayna böhranının başa çatmamasına qədər heç bir həll yolu haqqında düşünmür:
"Fikrimcə, Rusiya bu regionda yeni müharibəyə ehtiyac duymur. Ruslar başa düşürlər ki, Ermənistan-Türkiyə münasibətlərində son məqsəd Zaqafqaziyada Rusiya amilini tamamilə məhv etməkdir. Türklər Ermənistanla sərhəddin açılmasında maraqlı deyillər ki, Nikol Paşinyanı seçən Brnakot kəndinin sakini Vaçik kişi yaxşı yaşasın. Türkiyə həm Ermənistandan, həm də Qarabağdan Rusiyanın mövcudluğunu aradan qaldırmaqda maraqlıdır. İndiki vəziyyətdə Rusiya öz maraqlarını ölçüb-biçməyə çalışır. Zəngəzur dəhlizinə nəzarət böyük ehtimalla Rusiya tərəfinə keçəcək. Biz bir şeyi başa düşməliyik ki, konkret hesablama olduğu üçün Ermənistan tərəfi bu prosesdə fəal iştirak edib. Hesablama isə belədir: həm Rusiya, həm də Qərb Ermənistanda başqa tərəfdaş tapa, onunla səmərəli işləyə bilər. Türkiyə və Azərbaycan isə yeganə dövlətdir ki, Paşinyanla işləməyə hazırdır. Nə Türkiyə, nə də Azərbaycan Paşinyandan daha yaxşı Nikol tapmayacaq. Paşinyan da buna əsaslanaraq həm Türkiyənin, həm də Azərbaycanın maraqlarını anlayaraq hansısa aktiv prosesləri həyata keçirməyə çalışır.
Ermənistanın Qafqazda mövcudluğu Türkiyə və Azərbaycan üçün qəbuledilməzdir. Əgər bu iki dövlət öz məqsədinə çatsa, növbəti addım təkcə Rusiyanın hərbi varlığını regiondan çıxarmaq deyil, həm də Ermənistan dövlətçiliyini məhv etmək olacaq".
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ərəfəsində Rusiya hərbi bazasının Ermənistandan çıxarıla biləcəyi ilə bağlı yayılan söz-söhbətlərə toxunan politoloqun fikrincə, bu baş versə, Ermənistan yeni Suriyaya çevriləcək:
"Rusiya hərbi bazası burada olmasaydı, Ermənistan dövlətçiliyi ümumiyyətlə mövcud olmazdı. Bu halda Suriyaya çevirilməməyimizə səbəb olan yeganə xilasedici kəmər məhv ediləcək. Rusiya hərbi bazası Ermənistanın Suriyaya çevrilməsinin qarşısını alır, türk qoşunlarının Ermənistan Respublikasının suveren ərazisinə daxil olmasına imkan vermir.
Telman Qasımov