Xəbər lenti

Rusiya Vatikanın sülh danışıqlarında iştirakına qəti şəkildə qarşıdır -
Dünya 10:13 23.05.2025

Rusiya Vatikanın sülh danışıqlarında iştirakına qəti şəkildə qarşıdır - "Bloomberg"

ABŞ və Avropa liderləri Rusiyanı və Ukraynanı sülh danışıqlarına cəlb etməkdə Vatikanın roluna ümid bəsləyirlər. Bu ideyanı ABŞ prezidenti Donald Tramp gündəmə gətirib və Papa XIV Levin bu təşəbbüsə maraq göstərdiyini bildirib. İtaliyanın baş naziri Corcia Meloni də bu məlumatı təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, lakin Bloomberg-in yazdığına görə, Kreml prezident Vladimir Putinin danışıqlar üçün Vatikana getməkdə maraqlı deyil.

Nəşrin mənbələrinə əsasən, Rusiya rəsmiləri nə Putinin Vatikana, nə də başqa bir yerə sülh danışıqları üçün səfərini planlaşdırır. Onlar bunun əvəzində ötən həftə İstanbulda başlayan texniki səviyyəli danışıqlara diqqət yetirirlər və Kremlin gözləntisinə görə, bu danışıqlar yenidən İstanbulda davam edəcək.

Bununla belə, Avropa rəsmiləri Vatikana danışıqlara ev sahibliyi etmək və ya vasitəçilik rolu vermək ideyasının gündəmdə olduğunu deyirlər. Danışıqlar artıq gələn həftə baş tuta bilər, lakin bu, Rusiyanın iştirak etməyə hazır olub-olmamasından asılıdır.

Bloomberg-in mənbələrinə görə, ABŞ rəsmiləri danışıqların baş tutacağından əmin olmaq üçün Ukrayna tərəfi ilə əlaqə saxlayır:

"Onlar eyni zamanda Rusiya tərəfinə sərt xətt tərəfdarlarının – məsələn, 2022-ci ildə İstanbulda Moskva nümayəndə heyətinə başçılıq edən Vladimir Medinskinin – iştirak etmədiyi danışıqlara üstünlük verdiklərini bildirirlər”.

Siyasi müşavir Sergey Markov hesab edir ki, Putin NATO üzvü olan İtaliyaya təhlükəsizlik səbəbilə getməyəcək və Rusiya Vatikanı bu münaqişədə neytral hesab etmir.

Məsələyə çətinlik yaradan başqa bir faktor isə Roma Katolik Kilsəsi ilə Rusiya Pravoslav Kilsəsi arasındakı münasibətlərdir. Rusiya Kilsəsinin başçısı patriarx Kiril Putinin və Ukraynaya qarşı müharibənin açıq tərəfdarıdır. Mənbələrin bildirdiyinə görə, rus kilsəsi Vatikana Ukraynada tarixi rəqib kimi baxır və onun danışıqlarda iştirakını istəmir. Bundan başqa, Vatikan Ukraynada Moskva yönümlü kilsələrin bağlanmasını açıq şəkildə tənqid etməyib.

Əlavə olaraq, İtaliya Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Həmin məhkəmə 2023-cü ilin martında Putinə qarşı Ukraynada hərbi cinayətlər ittihamı ilə həbs orderi çıxarıb. Əgər Putin Romaya səfər etsə, İtaliya onu həbs etmək öhdəliyi daşıyır.

Bloomberg qeyd edir:

"Bütün bu maneələr aradan qalxsa belə, sülh sazişinin imzalanması üçün Tramp, Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşə hələ çox var. Tramp və Putin telefon danışığında belə bir zirvə görüşündən bəhs etməyiblər”.

Kremldəki mənbələrin sözlərinə görə, Rusiya Putinin Tramp ilə əvvəlki görüşündə müzakirə olunan sülh şərtlərini müəyyənləşdirən memorandum üzrə danışıqların davamı üçün Türkiyəni daha münasib məkan hesab edir.

2022-ci ildə yarımçıq qalmış danışıqlarda iştirak etmiş nümayəndələrin yenidən işə cəlb edilməsi və Türkiyənin seçilməsi, Avropa rəsmisinin dediyinə görə, Rusiyanın "danışıqlarda başlanğıc nöqtəsinə qayıtdığını” göstərən siqnaldır.

İtaliyanın baş naziri Corcia Meloni bildirib ki, Papa XIV Lev Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq məqsədilə danışıqların növbəti mərhələsinin Vatikanda keçirilməsinə hazır olduğunu təsdiqləyib.

Daha sonra Wall Street Journal (WSJ) yazıb ki, Ukrayna və ABŞ arasında növbəti danışıqlar raundu iyunun ortalarında Vatikanda baş tutacaq. ABŞ prezidenti Donald Tramp bu danışıqlara dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Kit Kellogu göndərəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->