Dünya 19:10 16.08.2022

Rusiya və ABŞ arasında tammiqyaslı nüvə müharibəsi baş verərsə…

Rusiya və ABŞ arasında tammiqyaslı nüvə müharibəsi baş verərsə, beş milyarda qədər insan ölə bilər - bu, Yer kürəsinin ümumi əhalisinin 60% -dən çoxunu təşkil edir.
 
Qaynarinfo xəbər verir ki, bunu Ratger Universitetinin klimatoloqları hesablayıblar. Onlar tədqiqatlarının nəticələrini "Nature Food” jurnalında dərc ediblər

Alimlər Rusiya və NATO ölkələrinin dünya nüvə arsenalının 90%-dən çoxundan istifadə edəcəyi bir vəziyyəti proqnozlaşdırıblar. Bu halda, hücuma məruz qalan ərazilərdə odlu tufanlar yaranacaq, atmosferə 165 milyon tondan çox his buraxılacaq. Bu buludlar bütün planeti bürüyəcək və bir neçə onilliklər davam edəcək nüvə qışı başlayacaq.

Nüvə partlayışları səbəbindən 360 milyona qədər insan birbaşa öləcək, 5 milyarddan çox insan isə qida əldə etmək və istehsal etmək mümkün olmadığı üçün Yer kürəsində başlayacaq "aclığın qurbanına çevriləcək".

"Əhalinin qalan hissəsi, beynəlxalq ticarət imkanı olmadan, lakin yaşamaq üçün lazım olan minimum miqdarda - gündəlik 1911 kilokalori miqdarında qida ilə təmin ediləcək", - mətndə deyilir. 

Klimatoloqlar belə qlobal nüvə fəlakətinin qarşısını almaq üçün "qlobal əməkdaşlıq” tələb olunduğunu bildirirlər.
Ukraynada müharibə başlayandan bəri Rusiya hakimiyyəti Qərb ölkələrini Ukrayna ordusuna kömək etməyə davam edəcəkləri təqdirdə onları nüvə silahı ilə hədələyib. Rusiya Federasiyasının nüvə qüvvələri fevralın 24-də tam döyüş hazırlığına gətirilib.

Müharibənin tədqiqi institutunun (ISW) məlumatına görə, Rusiya prezidenti Vladimir Putin ələ keçirdiyi Ukrayna ərazilərini ilhaq etmək və ukraynalıların onları azad etmək üçün əks-hücum əməliyyatına başlamasının qarşısını almaq üçün nüvə müharibəsi ritorikasından istifadə edə bilər.

Eyni zamanda, "Rand Corparation”un analitikləri hesab edirlər ki, Kreml NATO ilə hərbi münaqişənin qaçılmaz olduğu qənaətinə gələrsə, Moskva Ukraynada müharibənin "üfüqi eskalasiyasına” getmək üçün Avropaya nüvə zərbəsi endirə bilər. 

Nizami Bağırov