
Orxan Nəbiyev
Antimüstəqillik planı
Antik Roma Respublikasının tanınmış konsullarından olan Lusius Cassius Longinus Ravillanın (e.ə. II əsr) məhkəmə-hüquq sisteminə daxil olmuş çox tanınmış ifadəsi var: “Cui Bono? Cui Prodest? (Kimə sərf edir? Kim udur?)”.
Bu sualları verməklə hər hansı bir hadisənin əsl üzünü, gizlənmiş məqamları aydın etmək mümkündür.
Son günlərdə Rusiya ictimaiyyətində trend olmuş hadisələr Azərbaycan və Rusiya arasında gərginliyi artırmaqdadır. Belə ki, Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməsi Rusiya mediyasında rezonans doğurdu və Rusiya millətçilərinin kütləvi etirazlarına gətirib çıxardı. Bunun nəticəsi olaraq, azərbaycanlıların çalışdıqları ticarət obyektləri – bazarlar qapadılır, azərbaycanlılar təcavüz və zorakılığa məruz qalırlar.
90-cı illərdən bu yana demək olar ki, hər gün Rusiyadan azərbaycanlının qətli xəbərini eşitmədəyik. Nə qədər də kədərli olsa da, bu xəbər artıq bir çoxları üçün adiləşib. Rusiyada işləməyə gedən azərbaycanlılar da bu riski nəzərə alıb bu addımı atırlar. Təbii ki, eyni zamanda ruslar da azərbaycanlılar tərəfindən qətlə yetiriliblər, bu da reallıqdır. Lakin məsələnin bir başqa tərəfi var ki, müəyyən suallar doğurur. Bu hadisənin bu cür qabardılması, ictimailəşməsi hansı məqsədlərə xidmət edir? Bu hadisənin davamı olan ictimai nifrətin qarşısını necə almaq olar? Bunun qarşısı alınmayacağı təqdirdə bizi nə gözləyə bilər?
Baş vermiş bu hadisənin ictimailəşməsi və Rusiya cəmiyyətində miqrantlara, xüsusən azərbaycanlılara qarşı zorakılığın artması məqsədli şəkildə aparılır. Çox aydın şəkildə görünür ki, bu böyük bir oyundur. Hətta 1988-ci il Sumqayıt hadisələrinin bu məsələ ilə paraleldə Rusiya mətbuatında adının çəkilməsi bu oyunun arxasında kimlərin durması artıq məlum məsələdir. Məqsəd isə Azərbaycana təzyiqlərin olmasıdır.
Hər bir kəs çox gözəl şəkildə bilir ki, Rusiyada yüz minlərlə qeyri-qanuni şəkildə yaşayan Azərbaycan vətəndaşları var və onların da Rusiyanın ərzaq ticarət sektorunda çalışmaları həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına cavab verir. Lakin bu “simbiozun” pozulması nəticəsində həmin azərbaycanlıların vətənə dönməsi və hər ay Rusiyadan Azərbaycanın rayonlarına milyonlarla manat vəsaitin kəsilməsidir. Bu isə Azərbaycanda iqtisadi gərginlik yarada bilər. Eyni zamanda hamıya aydın şəkildə Rusiya Azərbaycana Avrointeqrasiyadan əl çəkib, Avrasiya Birliyinə qoşulmasına dair öz üslubunda dəvət edir.
Maraqlı bir fakt isə Rusiya hökümətinin ölkəsində artan aqressiyaya qarşı heç bir bəyanat və mövqe sərgiləməməsidir. Bu sakitlik iki xalqı üz-üzə qoymaq cəhdidir. Sonda isə Rusiya öz xalqının iradəsinə “qarşı” çıxmamaqla izaholunan yuxarıda qeyd olunmuş deportasiya və ya viza tətbiqinə gətirib çıxara bilər və ya məsələlərin bu tərzdə və bu surətlə inkişafı təbii və ya Rusiyanın ölkəmizdəki təsir mexanizmlərini özündə cəmləşdirən insanlar tərəfindən Azərbaycanda yaşayan ruslara qarşı fəaliyyətə başlana bilərlər. Bu isə Rusiyanın gözlədiyi ssenaridir. 8 Avqust 2008-ci ildə Rusiya Gürcüstana məhz öz “vətəndaşlarını qorumaq” adı ilə daxil olmuşdur.
İstənilən halda bu ssenarilər Azərbaycanımızın müstəqilliyinə qarşı yönəlmiş hərəkətlərdir. Bu ssenarinin pozulması üçün, bu ssenarinin qarşısının alınması üçün məhz iki ölkənin ziyalıları cəmiyyətə təsir etməlidir. Belə ki, Rusiyada illərlə yaşayan, ad qazanmış ziyalılarımız, incəsənət xadimlərimiz, müəllimlərimiz və alimlərimiz öz rusiyalı həmkarları ilə birgə cəmiyyətdə irqi və milli zorakılığın artmasına qarşı çıxmalıdırlar. Gənclərə səslənməlidirlər. Çünki bu aqressiyanın aləti rusiyalı gənclərdir.
Çox böyük təəssüf hissi ilə demək olar ki, bu gün istənilən rusiyalı gəncdən soruşsaq ki, Rusiyada ən tanınmış erməni kimdir? Cavabı bu cür olacaq: Qarik Martirosyan və ya Mixail Qalustyan. Lakin eyni sualı azərbaycanlılarla əlaqəli versək, çox böyük ehtimal ilə son hadisələr məcbur edəcək ki, həmin respondent Orxan Zeynalovun adını çəksin. Heç kimə də sirr deyil ki, Rusiya telekanallarının əksəriyyətində rəhbər vəzifələri erməni əsilli şəxslər çalışır. Baş vermiş bu hadisənin ictimailəşməsi birbaşa olaraq, həmin şəxslərin maraqlarına xidmət edir. Rusiya və Azərbaycan xalqları arasında düşmənçiliyin yaranmasına və azərbaycanlıları barbarlıq və millətçilikdə ittiham olunmasının sübuta yetirilməsi uğrunda həmin şəxslər bu dəqiqə öz potensialını maksimum ortaya qoymaqdadırlar. Məhz bu səbəbdən də Rusiyada yaşayan azərbaycanlı ziyalılar buna qarşı çalışmalı və bu planın baş tutmasının qarşısını almalıdırlar. Məhz bu məsələ ilə bağlı R.İbrahimbəyov, T.Salahov və digər tanınmış və Rusiya ictimaiyyəti tərəfindən qəbul edilmiş şəxslər ictimaiyyətinə səslənməlidirlər.
Bunu da qeyd etmək olar ki, Azərbaycan Respublikasının müstəqilliyi və sivil bir topluma sahib olmağı, Avropaya inteqrasiya etməyi dönməz bir prosesdir. Çünki Azərbaycan müstəqillik əldə etdiyi dönəmdən bu yana qədər öz inkişaf perspektivində məhz Avrointeqrasiya modelini görüb və bu yolu tutmuşdur. Azərbaycanı müstəqillik və inkişaf yolundan döndərmək cəhtləri eyni ssenariyə uyğun olaraq gedir. Milli zəmində nifaq salmaq və bundan istifadə edərək azərbaycanlıları millətçi-şovinist çıxartmaq istəyi XX əsrin 80-ci illərinin sonlarında, 90-cı illərin əvvəllərində də baş vermişdir. Azərbaycan xalqı bu təxribatlara getməyərək üzüağ çıxmışdır. Eyni ssenari də indi baş verməkdədir.
Unutmaq lazım deyil ki, buna bənzər təxribatlar Azərbaycandakı etnik azlıqlardan istifadə etməklə də olmuşdur. Lakin yenə də Azərbaycan xalqı irqindən, dinindən, milliyətindən asılı olmayaraq hər bir vətəndaşına özündən biri kimi münasibət bəslədiyini nümayiş etdirmişdir.
Sonda isə hər bir Azərbaycan vətəndaşını 18 oktyabr Müstəqilliyimizin bərpa olunma günü ilə ürəkdən təbrik edirəm!
Qaynar.info