Xəbər lenti

Rusiyadan Qarabağla bağlı yayılan son xəbərlərə reaksiya
Siyasət14:50 23.06.2016

Rusiyadan Qarabağla bağlı yayılan son xəbərlərə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra yayılan bəzi məlumatlara aydınlıq gətirib.
ANS PRESS-in məlumatına görə, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərini kənarlaşdıraraq Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın hər şeyi özündə kilidləməsinə dair narahatlıq əsassız şayiədir.
Zaxarovanın sözlərinə görə, belə üçtərəfli formatdan həssas məsələlərin müzakirəsi üçün əvvəllər də istifadə olunub:
Hər şey Minsk qrupunun digər iki həmsədri ilə sıx təmasda baş verir. Prezidentlərin Sankt-Peterburqda keçirilən görüşü Rusiyanın guya danışıqların yeni formatını fikirləşməsi, ATƏT-in Minsk qrupunun üzvlərini kənarlaşdıraraq hər şeyi öz əlinə alması ilə bağlı narahatlığın əsassız olduğunu göstərdi. Həmin görüşə Minsk qrupunun həmsədrləri də qatılmışdılar. Onlar görüşün keçiriləcəyi barədə əvvəldən məlumatlandırılmışdılar. Rusiya çalışır ki, Minsk qrupu çərçivəsində illərdir formalaşan potensialı qoruyub saxlasın. Rusiya Qarabağ münaqişəsinin həlli üçün yeni format fikirləşmir.
XİN nümayəndəsi Sankt-Peterburqda keçirilən üçtərəfli görüş barədə prezidentlərin birgə bəyanatının qəbul olunduğunu və həmin bəyanatda danışıqlar prosesində nələrin müzakirə olunduğu və hansı razılıqların əldə edildiyinin əksini tapdığını deyib.
Zaxarova deyib ki, görüşdə əldə olunan razılığı heç kim özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməməlidir. 
M. Zaxarova tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb: "Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş, həqiqətən də, yüksək səviyyədə keçib".
Qaynarinfo.az