Xəbər lenti

Rusiyanı fəlakət ssenarisindən qoruyan üç əsas faktor...
Siyasət16:53 12.05.2014

Rusiyanı fəlakət ssenarisindən qoruyan üç əsas faktor...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ və Qərb Kremlin kaprizləri ilə oynamağa və Rusiyanı dağılmaqdan qorumağa məhkumdur; Ancaq prezident Vladimir Putinin hazırda buraxdığı kobud səhvlər gələcəkdə Rusiyanın başına bəla aça bilər

Ukrayna böhranının başlanmasıyla Rusiya çətin vəziyyətə düşüb. Kreml hazırda beynəlxalq siyasət məkanındakı mövqelərini əhəmiyyətli səviyyədə itirmək təhlükəsiylə üzləşib. Hətta Rusiyanın öz mövcudluğu belə, təhlükəyə düşmüş kimi görünür.

Təbii ki, Kremldəkilər beynəlxalq rəqiblərin Rusiya üçün hansı faciəvi sonluğu planlaşdıra biləcəyini çox gözəl bilirlər. Ona görə də, hazırda  başda prezident Vladimir Putin olmaqla, Rusiyanın siyasi liderləri bu qədər qəzəbli və əndişəlidirlər. Bu baxımdan, Kreml sahibinin aqressiv davranışlarını və isterik ruh halıyla buraxdığı kobud səhvləri anlayışla qarşılamaq da olar.

Məsələ ondadır ki, prezident V.Putin ən böyük rus millətçisidir. O, həm də KQB-nin təlimləriylə yetişdirilmiş bir ultramillətçi dövlət xadimidir. O, təbii olaraq, yüziliklərlə sürən imperiya tarixli dövlətini xilas etməyə çalışır. Bunun üçün hər şeyi etməyə hazır olduğunu da gizlətmir. 

Putinin nə vaxtsa Rusiyaya qarşı çevrilə biləcək kobud səhvləri...

Putinin Krımı ilhaq etməsi, Ukraynanı parçalayıb, şərq hissəsini ələ keçirtməyə çalışması da Rusiyanı öz sərhədləri içərisinə “həbs edərək”, orada boğmağı planlaşdıranlara (ABŞ-a və bu dövləti səhnəarxasından qullanaraq, dünya hökmranlığına can atanlara) açıq xəbərdarlıq mesajıdır. Güman ki, Putin Ukrayna ilə bağlı atdığı bütün addımlarda beynəlxalq qanunları kobud şəkildə pozmaqla demək istəyir ki, “əgər Rusiyanı boğmaqda davam edərsəniz, son anda ehtiyac yaranarsa, hətta nüvə başlıqlı raketlərin düyməsini belə, sıxaram”.

Halbuki ABŞ və Qərbə də məhz Putinin belə isterik vəziyyətdə buraxdığı kobud səhvlər lazımdır. ABŞ və Qərb nəinki Krımı, hətta Ukraynanın rusdilli şərq əyalətlərini belə, Rusiyanın ovucuna buraxmağa hazırdır. Yetər ki, Putin bunların qarşılığında gələcəkdə Rusiyanın özü üçün fəlakət mənbəyinə çevriləcək səhvləri bir-birinin ardınca sıralamaqda davam etsin.

Çünki Kremlin Krımda keçirtdiyi referendumun və Şərqi Ukraynada alovlandırdığı separatizmin Rusiyanın analoji federal milli-etnik subyektlərində nə vaxtsa, təkrarlanması üçün bundan yaxşı presindent fikirləşib, tapmaq çətin olardı. Halbuki Kreml sahibi Rusiyanın gələcəyi üçün ən real təhlükə mənbəyinə çevrilə biləcək bu kobud səhvləri ABŞ və Qərbin ovucuna elə özü qoyur.

Bu baxımdan, hesab etmək olar ki, nə vaxtsa, məsələn, Rusiya zəiflədilib, öz “yanlış atəş açan silah”ıyla vurularaq, parçalanma həddinə çatdırılarkən, Putinin bu kobud səhvləri həm Kremlin başına bəla olacaq, həm də Ukrayna indi itirməkdə olduğu ərazilərini geri qaytara biləcək. Ancaq bütün bunların belə tezliklə baş verə biləcəyini düşünmək də sadəlövhlük olardı.

Rusiya çökəcək, ya çökməyəcək?

Düzdür, bir çoxları indiki situasiyanı ABŞ və Qərbin qorxaqlığı və Rusiya qarşısında geri çəkilməsi kimi izah edirlər. Hətta israrla iddia edirlər ki, ABŞ və Qərbin Rusiyanı çökdürməyə heç vaxt gücü çatmayacaq.

Halbuki bunun əksini düşünənlər və tez-tələsik Rusiyanın yaxın vaxtlarda çökəcəyinin anonsunu hamıdan əvvəl vermək uğrunda yarışa girənlər də var. Hətta Ukraynada Yanukoviç hakimiyyətinin devrilməsindən dərhal sonra politoloqlardan biri Putinin 10 gün içərisində hakimiyyətini itirəcəyini və Rusiyanın bir neçə həftəyə çökəcəyini iddia etmişdi.

Göründüyü kimi, ziddiyyətli mövqelərdir. Yəni bəziləri ABŞ və Qərbi Kremlin qarşısında məğlub təsəvvür etdiyi halda, digərləri “Rusiyanı çökdürmək” üçün xüsusi “canfəşanlıq”la tələsirlər. Halbuki hər iki yanaşma tərzi kökündən yanlışdır. Çünki “ayı nə qədər tələssə də, meşədə armud öz vaxtında yetişər”.

O da nəzərə alınmalıdır ki, politoloğiya riyaziyyat qədər dəqiq hesablama tələb edən sahədir. Hər hansı geopolitik proses haqqında proqnoz və ya ehtimallar irəli sürərkən yalnız üzdə görünən faktorlara əsaslanmaq adətən yanlışlığa yol açır. Çünki hər hansı geopolitik prosesin əsas səbəbləri və istiqamətləndirici faktorları adətən səhnəarxasında olur. Xüsusilə də geopolitik proseslərin iştirakçısı olan beynəlxalq siyasi iradə mərkəzlərinin maraqları və hədəfləri, onların qarşıya qoya biləcəkləri məqsədlərin müəyyənləşdirilməsində həlledici rol oynayır.

Rusiyanın çökdürülməsi mövcud dünya sisteminin dağılmasına yol aça bilər

Deməli, Rusiyanın gələcək taleyinin necə ola biləcəyini daha çox səhnəarxası faktorların məzmununda axtarmaq olar. Və biz də onlardan bəzilərinə diqqət yetirməyə çalışacağıq.

Elə ondan başlayaq ki, Rusiyanın qısa müddətdə çökdürülüb, sıradan çıxarılması qətiyyən mümkün deyil. Halbuki etiraf etmək lazımdır ki, bir çoxları gecə yatıb, səhər oyandıqda bunun reallıq olduğunu görməyi çox istərdilər. Və təbii ki, Kremlin divarları arasında dünyada belə bir istəyin nə qədər güclü olduğunu hamıdan yaxşı bilirlər.

Ancaq Kremlin divarları arasında onu da çox gözəl bilirlər ki, hətta bu, mümkün olsa belə, ABŞ və Qərb Rusiyanı qısa müddətdə dağıtmaq kimi bir qorxunc planın icrasına cəsarət etməz. Çünki Rusiya dünyanın önəmli bir parçasıdır. Bu dövlət dünyanın hərbi-siyasi, maliyyə-iqtisadi, və hüquqi sisteminin həlqələrindən biridir. Bu həlqələrdən birinin ehtiyatsızcasına qoparılıb, atılması bütövlükdə dünya sistemini çökmə həddinə çatdıra bilər. Yəni Rusiyanı çökdürənlər, bunun faciəvi nəticələriylə ruslarla eyni məzmun və keyfiyyətdə üzləşməli olardılar.

Təbii ki, Kremldə buna əmin olduqları üçün Rusiya hazırda bütün dünyaya bu qədər arxayınlıqla meydan oxuya bilir. Prezident V.Putin hələ yetərincə vaxtının olduğuna əmindir. Ona görə də, Rusiyanın orta perspektiv planda dünya xəritəsindən silinməsinə yönəlik planların qarşısını almaq üçün bütün mümkün vasitələri işə salmağa çalışır.

Faciəvi sonluqdan sığortalanan Rusiyanın əhalisi dünyaya humanitar fəlakət vəd edir

Digər tərəfdən, Rusiyanı planlaşdırılan faciəvi sonluqdan sığortalayan çoxsaylı amillərlə yanaşı, Kremlin güvəndiyi və arxalandığı daha üç önəmli faktor da mövcuddur.

Birinci faktor Rusiyanın əhalisinin sayı ilə bağlıdır. Belə ki, Rusiya qısa zaman intervalında çökdürülərsə, bu, bütün dünyada humanitar fəlakətə yol aça bilər. Bu baxımdan, Rusiyanın çöküşünü vaxtilə süquta uğradılmış SSRİ-nin planlı şəkildə dağıdılmasıyla eyniləşdirmək doğru olmazdı.

Məsələ ondadır ki, keçmiş SSRİ dağıdılarkən dünyanı humanitar fəlakətdən sığortalayan önəmli faktorlar mövcuduydu. Xüsusilə də, keçmiş SSRİ-nin subyektləri olan 15 respublikanın hər birisində hazır və işlək dövlət strukturlarının mövcudluğu humanitar fəlakətdən yayınmaq şansı verirdi.

Ancaq indiki Rusiya Federasiyası üçün eyni iddiada olmaq mümkün deyil. Çünki müasir Rusiyanın federal subyektləri müstəqil idarəçilik sistemi üzrə formalaşdırılmayıb. Və Federasiyanın iflası halında, bütün federal subyektlərin, eləcə də bütövlükdə Rusiya məkanının çox qısa zaman içərisində xaos diktaturasının təsiri altına düşəcəyi şübhə belə, doğurmur.

Nəticədə aclıq və səfalətin aqressivləşdirəcəyi onmilyonlarla Rusiya vətəndaşının çörək və dolanışıq ardınca dünyanın müxtəlif ölkələrinə, xüsusilə də, Avropaya üz tutacaqlarını istisna etmək mümkün deyil. Və belə bir idarəolunmaz insan kütləsinin Avropa ölkələri üçün hansı təhlükələri yarada biləcəyini təsəvvür etmək belə, qorxuncdur.

Çünki bu, əvvəlcə qarşısıalınmaz humanitar fəlakət, daha sonra açıq və amansız kriminallaşma prosesi, nəhayətində isə bütün “qoca qitə”ni ağuşuna ala biləcək dərin xaos təhlükəsi yaradardı. Və nəinki, hər hansı dövlət təklikdə, hətta heç Avropa Birliyi ümumilikdə də bu kataklizmlərin qarşısını ala biləcək gücə sahib deyil. Nəticədə bu, bütün Avropa dövlətlərinin sosial-iqtisadi, maliyyə və hüquqi cəhətdən çöküşünü qaçılmaz edərdi.

Rusiyanın başına bir iş gəlsə, dünya nüvə fəlakətiylə üzləşə bilər

İkinci faktor Rusiyanın nəhəng nüvə dövləti olmasıyla bağlıdır. Belə ki, Rusiyanın çökdürülməsi planlaşdırılarkən bu önəmli faktorun nəzərə alınmaması bəşəriyyətə çox baha başa gələ bilər.

Məsələ ondadır ki, əgər Rusiya çökdürüləcəksə, onda əvvəlcə bu şimal nəhənginin nüvə arsenalının gələcək taleyinə də mütləq aydınlıq gətirilməlidir. Və bəzi önəmli suallara dəqiq cavabların tapılması vacibdir.

Birincisi, ABŞ və Qərbin fəlakət ssenariləriylə Rusiyanın mövcudluğu təhlükə altına düşərsə, rus generalları necə davranacaq? Hansısa nəzarətdən çıxmış “potriot” rus generalı “Za rodinu” şüarına sarılaraq, intiqam almaq üçün nüvə bağlıqlı raketlərlə hara gəldi, zərbə endirməzmi? Rusiya ordusunda bunu edəcək onlarla generalın tapıla biləcəyi qətiyyən şübhə doğurmur.

İkincisi, federal subyektlərin mərkəzdənqaçma prosesiylə Rusiyanın dağılması reallığa çevrilərsə, bu superdövlətin nüvə başlıqlarının beynəlxalq terror şəbəkələrinin əlinə düşməyəcəyinə təminat vermək mümkündürmü? Hər halda, SSRİ-nin dağılma dönəmində belə bir təhlükə varıydı. Sadəcə, keçmiş sovet respublikalarının dövlət mexanizmlərinə malik olması həmin təhlükəni zərərsizləşdirməyə imkan verdi. O dövrdə ABŞ hətta Ukraynadakı nüvə başlıqlarını öz maliyyə vəsaiti hesabına məhv elədi.

İndisə situasiya daha kritik xarakter ala bilər. Çünki Rusiyanın federal subyektlərini keçmiş sovet respublikalarıyla müqayisə etmək sadəlövhlük olardı. Deməli, Rusiyanın başına bir iş gəlsə, dünyaya fəlakət vəd edən minlərlə nüvə başlığı bəzi rus generallarının nəzarətinə keçmiş olacaq. Onlarınsa, həmin nüvə başlıqlarını müxtəlif terror təşkilatlarına sataraq, asan varlanmaq niyyətinə düşməyəcəklərinə əmin olmaq çox çətindir. Hər halda, rus generallarının bəzi strateji silah növlərini gizli şəkildə satmaqdan çəkinmədiklərini göstərən örnəklər olmamış deyil. Əgər bu, nüvə silahına münasibətdə də təkrarlanarsa, beynəlxalq terror şəbəkələrinin bütün dünyaya meydan oxuması reallaşa bilər.

Rusiyanın Uzaq Şərq əraziləri Çin üçün potensial “böyümə” məkanıdır

Üçüncü faktor Rusiyanın Çinlə həmsərhəd bölgəsi olan Uzaq Şərqlə bağlıdır. Belə ki, həmin bölgə Çin üçün potensial “böyümə” məkanıdır. Bunu həm Qərbdə, həm Kremldə çox gözəl anlayırlar.

Düzdür, hazırda Çinə də Rusiyanın parçalanaraq, süquta uğraması sərfəli deyil. Çünki Rusiya olmasaydı, indi ABŞ və Qərbin əsas hədəfi məhz Çin olardı. Halbuki Çin ABŞ və Qərblə birbaşa üz-üzə qalaraq, rəqabət aparmağa hələlik tam hazır deyil.

Bəzi proqnozlara görə, belə bir rəqabətə tab gətirə bilmək üçün rəsmi Pekinin hələ bir neçə onillik zaman intervalına ehtiyacı var. Ona qədərsə, Rusiyanın beynəlxalq savaş məkanında ABŞ və Qərb ilə Çin arasında “qoruyucu çətir” rolunu oynayan supergüc olaraq, qalması rəsmi Pekinə sərfəlidir.

Ancaq bununla belə, Çin də artıq indidən Rusiyasız dünya modelinə hazırlaşmaqdadır. Hər halda, zəngin çinlilərin Rusiyanın Uzaq Şərq bölgəsində boş və istifadəsiz torpaq sahələrini böyük həvəslə satın alması artıq heç kəsi təəccübləndirmir. Əksinə, həmin ərazilərdə torpaq sahibi olan Rusiya vətəndaşları da öz mülkiyyətlərini dəyərindən daha baha qiymətə alan çinlilərdən çox məmnundurlar.

Təbii ki, ruslar üçün faydasız və istifadəsiz kimi görünən həmin ərazilərdəki torpaq alış-verişi Çinin gələcək taleyində əhəmiyyətli rol oynaya bilər. Belə ki, Rusiyanın parçalanıb, dağılacağı təqdirdə, həmin ərazilərin sahibi olan zəngin çinlilərin öz torpaqlarının Çinə birləşdirildiyini elan edəcəkləri qətiyyən şübhə doğurmur. Və zir-zibil üzərində istehsalı sənayeləşdirməyi bacaran çinlilərin rusların faydasız hesab etdikləri həmin boş ərazilərdən yararlanaraq, sərhədləri böyüyəcək Çini necə qüdrətli superdövlətə çevirə biləcəklərini elə indidən də təsəvvür etmək mümkündür. İndikindən qat-qat güclənmiş belə bir Çinlə ABŞ və Qərbin rəqabət aparması o qədər də asan olmazdı. 

Avropa Birliyi Rusiyanı “Ukrayna bataqlığı”ndan çıxartmağa çalışır

Göründüyü kimi, Rusiyanın parçalanması, çökməsi o qədər də sadə məsələ deyil. Bu, baş verəcəyi təqdirdə, bütün dünyanın siyasi, iqtisadi, hüquqi və mənəvi-psixoloji coğrafiyasını kökündən dəyişdirərək, bəşəriyyət üçün yeni qorxunc problemlər, dəhşətli kataklizm mənbələri yarada bilər.

Ona görə də, hazırda Rusiyanın çökdürülməsi ilk növbədə ABŞ və Qərbin özünə sərfəli deyil. Əksinə, hətta Rusiya Qərbdən asılı olmayan səbəblərdən çökməyə başlasa, dünya supergüclərinin bu nüvə nəhəngini xilas etmək üçün bütün imkanlarını işə salacaqları qətiyyən şübhə doğurmamalıdır.

Əslində, son günlər Avropa Birliyi dövlətlərinin bu istiqamətdə ilkin addımlar atmağa başladıqları da müşahidə edilməkdədir. Fransa prezidenti Fransua Ollandın Kreml sahibi Vladimir Putini öz ölkəsinə dəvət etməsi, Almaniya kansleri Angela Merkelin isə bunu böyük həvəslə dəstəkləməsi nəzərdən qaçırılmamalıdır. 

Böyük ehtimalla prezident V.Putin də bu dəvəti qəbul edəcək və qapalı qapılar arxasında Rusiyanın “Ukrayna böhranı bataqlığı”ndan çıxarılmasının yolları müzakirə olunacaq. Yəqin ki, beynəlxalq siyasət məkanında Rusiyanın dura biləcəyi yer Kreml sahibinə izah ediləcək, Rusiyanın nüfuz dairəsinin yeni sərhədləri dəqiqləşdiriləcək və prezident V.Putin də bununla istər-istəməz barışmaq məcburiyyətində qalacaq.

Hər halda, hazırda Rusiyanın artıq başqa şansı qalmamış kimi görünür. Çünki bundan artıq inadkarlıq Rusiya üçün kataklizm vəd edir. Ağıllı dövlət başçısı olan Putin isə yəqin ki, Rusiyanın şanslarını zorlayaraq, ölkəsinin gələcək taleyini təhlükə altına atmaq istəməz.

Bu baxımdan, Ukrayna böhranıyla başladılan yeni beynəlxalq siyasi savaş kampaniyasının daha bir mərhələsi artıq yekunlaşmaq üzrədir və MDB məkanında yeni siyasi dövrün başlanması qaçılmaz görünür.

Elçin XALİDBƏYLİ
Musavat.com