"Qondarma DXR və LXR barədə Moskvanın ABŞ-dakı səfirinin bir, prezident Putinin isə başqa fikir səsləndirərək fərman verməsi Rusiyanın manevr etmək cəhdindən xəbər verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Rusiyanın Vaşinqtondakı səfiri Antonovun ölkəsinin Donetsk və Luqanskı Ukraynanın ərazisi kimi tanıdığı barədə dünən səhər səsləndirdiyi fikrindən çox keçməmiş, bu ölkənin prezidenti Vladimir Putinin tamamilə fərqli davranaraq sözügedən separatçı rejimləri tanıması barədə qərar verməsinə münasibət bildirərkən deyib:
"Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə artıq soyuq müharibənin yeni formatda başlaması reallaşdı. Rusiya ciddi tarixi səhvə yol verdi. Başqa ölkənin ərazisini işğal etmək ənənəsini davam etdirməsi bütün dünyanı, xüsusən də Qərbi Rusiyanın bu addımına qarşı daha qəti addımlar atmağa sövq etdi. Ukrayna üzərindən gedən proseslər bütün Avropanı təhlükə olaraq silkələyib. Bu baxımdan yəqin ki, Putinin sözügedən addımına qarşı cavab tədbirləri də olacaq. Bir neçə saat ərzində Ukrayna ilə bağlı Rusiya rəsmiləri tərəfindən səslənən fərqli, bir-birinə zidd fikirlər onların manevr etmək cəhdindən xəbər verir. Əvvəlcə, səfirin diliylə Donetsk və Luqanskı Ukraynanın ərazisi kimi tanıyır, ardınca isə "B” variantını işə salaraq qondarma rejimləri tanıyırlar. Bunu reallaşdırmaqla Moskva Minsk razılaşmasını pozdu. Hər hansı bir şəkildə bölgədə tərəf olmağa başladı. Rusiyanın tərəf olaraq açıq görüntü verməsi yeni bir təhlükəli situasiya yaratdı”.
Deputat əmindir ki, Moskvanın ABŞ-dakı səfirinin dedikləri ilə Putinin atdığı son addımın bir-birinə zidd olması beynəlxalq aləmdə Rusiyanın etibarının daha da azalmasına gətirib çıxaracaq:
"Çünki verilən sözün yerinə yetirilməsi baş vermədi. Bundan sonrakı nəticələr riskli və sərt qərarlar şəklində üzə çıxacaq”.
Qeyd edək ki, dünən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov CBS telekanalına müsahibəsində ölkəsinin Donetsk və Luqanskı Ukraynanın tərkib hissəsi hesab etdiyini deməsindən bir neçə saat sonra Prezident Vladimir Putin qondarma DXR və LXR-i tanıdığı barədə fərman verdi. Belədə, görünən odur ki, bir neçə saatın içərisində Rusiya öz qərarını 360 dərəcə dəyişir”.
Rüfət Sultan