"Antonovun belə açıqlaması Rusiyanın diplomatik danışıqlara hazır olduğuna işarədir. Məhz Rusiyanın ABŞ-dakı bu səfirinin açıqlamasından sonra iki dövlət rəhbərləri arasında görüşün razılaşdırıldığı barədə informasiya verildi. Bu da onu göstərir ki, Rusiya ən azından bir xeyli müddət Ukraynaya hücum etməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun CBS telekanalına müsahibəsində ölkəsinin Donbas və Luqanskı Ukraynanın tərkib hissəsi hesab etdiyi barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:
"Antonovun bu açıqlaması əslində həqiqəti əks etdirir. Çünki Donbas və Luqansk Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləridir. Burada yaradılan separatçı rejimləri Moskvanın özü belə müstəqil subyekt kimi tanımayıb”.
Həmsöhbətimizin fikrincə, Antonov bu əraziləri Ukrayna ərazisi kimi qeyd etməklə Rusiyanın buranı işğal və ilhaq etməkdə o qədər də maraqlı olmadığını nümayiş etdirir:
"Bu, dolayısı ilə həm də ona işarədir ki, Rusiya Ukrayna ilə böyük müharibə istəmir. Bütün dünyada hazırda belə bir mövqe formalaşıb ki, Moskva yaxın zamanlarda Ukraynaya hücum edəcək. Fakt ondan ibarətdir ki, informasiya və yaxud dezinformasiya olmasından asılı olmayaraq, bu cür fikirlər Rusiyanın küncə sıxışdırılmasına səbəb olub. Küncə sıxışdırılan Rusiyanın isə müharibəyə başlamaq, yaxud da geri çəkilmək kimi iki seçimi qalıb. Hər iki variantla bağlı Rusiya qeyri-müəyyənlik vəziyyətindədir. Ona görə ki, müharibəyə başlasa, Rusiyanı irəlidə hansı vəziyyətin gözlədiyi tam bəlli deyil. Geri çəkildikdə isə beynəlxalq ictimai rəydə Rusiyanın qorxudan geri çəkilməsi fikri formalaşacaq. Bu da öz növbəsində Rusiya daxilində Putinə qarşı olan qüvvələri aktivləşdirəcək”.
Rüfət Sultan