"Rusiya XİN sözçüsünün açıqlaması kifayət qədər paradoksal və ziddiyyətlidir. Azərbaycan öz ərazisində qanuni olaraq sərhəd-buraxılış məntəqəsi qurub”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Tural İsmayılov Rusiya XİN sözçüsünün Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin yaradılmasını blokadaya alınmaq kimi təqdim etməsi və bundan narahatlığını ifadə etməsinə münasibət bildirərkən deyib:
"Rusiyanın öz suveren hüquqları daxilində hansısa bir şəhərində sərhəd-buraxılış məntəqəsi yaratmaq hüququ olduğu kimi, Azərbaycan da öz ərazisi daxilində bu hüququndan istifadə edir. Bakı öz ərazisində atdığı hansısa addıma görə kiməsə hesabat vermək niyyətində deyil. Rusiya Azərbaycana ağıl öyrətmək əvəzinə, 10 noyabr bəyanatında üzərinə düşən müddəalar üzrə öhdəliklərini yerinə yetirsin. Hələ də qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmayıb. Bu isə üçtərəfli bəyanatın 4-cü maddəsinin kobud şəkildə pozulmasıdır. Ona görə də öz rəhbərinin imzasına hörmət etməyən Rusiyanın Azərbaycanı nədəsə ittiham etməsi çox gülüncdür. Digər tərəfdən, Moskva başa düşür ki, Azərbaycan Rusiyanın təhdid etdiyi hansısa Ukrayna, Moldova və Gürcüstan deyil. Bu gün Rusiyanın Azərbaycanla təhdid dilində danışacaq bir lüksü yoxdur”.
Ekspert qeyd edir ki, Zaxarova da daxil Rusiya siyasi elitasında təmsil olunan bəzi məmurların ölkəmiz barəsində boğazdan yuxarı ifadələrinə görə, Kreml rəhbərliyi onlara xəbərdarlıq etməlidir:
"Əks təqdirdə, Azərbaycanla Rusiya arasında imzalanmış informasiya sahəsi üzrə müqavilənin müddəaları da pozulmuş olur. Bu artıq iki ölkə münasibətlərinin gələcəyini təhdid edir. Laçındakı sərhəd-buraxılış məntəqəsi üçtərəfli bəyanatın müddəaları ilə hansısa bir formada ziddiyyət təşkil etmir. Azərbaycan Qarabağ ermənilərinin inteqrasiyası prosesini prioritet elan edib və bununla bağlı üzərimizə nə düşürsə, onu da edirik. Rusiya da üzərinə düşən məsuliyyəti dərk edərək, ərazidəki separatçıların rədd edilməsinə çalışmalıdır”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin pozulması hallarının artması və Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahat olduğunu dilə gətirib: "Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun olaraq və üçtərəfli bəyanatlar çərçivəsində cavab verəcək”.
Rüfət Sultan