"Bu qərar Ermənistanı kritik nəticələrə gətirb çıxarda bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ABŞ Dövlət Departamentinin saytında Rusiyanın silah ixracının və idxalının tam qadağan olunduğu ölkələrin siyahısına əlavə edilməsi ilə bağlı sənədə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu sənəddən sonra Ermənistan Rusiyadan silah almağa cəhd edərsə, hər iki ölkə sanksiyaya məruz qalacaq:
"Hazırda ABŞ ilə Rusiya arasındakı münasibətlər özünün son illərdə ən soyuq dövrünü yaşayır. ABŞ Dövlət Departamentinin saytında dərc olunan sənədə əsasən, Rusiyanın silah ixracının və idxalının tam qadağan olunduğu ölkələrin siyahısına əlavə edilməsi bizimlə münaqişə vəziyyətində olan Ermənistan üçün yaxşı heç nə vəd eləmir. Çünki biz bilirik ki, Rusiya həm Azərbaycana, həm də Ermənistana silah ixrac edir. Lakin Ermənistanın müdafiə sənayesinin imkanlarının və silah tədarük edən ölkələrin sayının məhdud olduğunu nəzərə alsaq, o zaman bu sanksiyaların Ermənistan üçün daha kritik nəticələrə səbəb ola biləcəyini iddia edə bilərik. Çünki Ermənistanın silah idxalının 95%-i Rusiyanın payına düşür, digər ölkələrdən silah ixracı isə ümumi ixracın 5%-ni təşkil edir. Həm də Ermənistanın Rusiya ilə daha əvvəl imzalanan kredit sazişlərinin taleyi sual altına düşür”.
Ekspert hesab edir ki, Azərbaycan isə bu məsələdə kifayət qədər müstəqildir:
"Rusiya Azərbaycana silah ixracında kritik ölkə hesab edilmir. Sadəcə əməkdaşlıq mövcuddur. Hazırda Azərbaycana silah idxalında ilk yerlərdə İsrail və Türkiyə yerləşir. Azərbaycanın yerli istehsal potensialı da yüksəkdir. İxrac sahəsində Azərbaycan İsrail, Türkiyə, Pakistan, Belarus, Ukrayna və s. kimi ciddi imkanlara malik ölkələrlə əməkdaşlıq etdiyi üçün, Rusiyaya tətbiq edilən sanksiya qərarı Azərbaycan üçün ciddi problem vəd etmir”.
Bahar Rüstəmli
<iframe width="798" height="449" src="https://www.youtube.com/embed/wdz9bP36F5Y" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">