Xəbər lenti

Rusiyanın enerji mənbələrinə qarşı ən radikal plan: "Bu, Avropanın bərpası üçün lazımdır”
Ekonomiks13:13 30.03.2022

Rusiyanın enerji mənbələrinə qarşı ən radikal plan: "Bu, Avropanın bərpası üçün lazımdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa bunu ilin sonuna qədər Rusiyanın enerji mənbələrindən imtina etmək niyyətindədir.
Qaynarinfo "AP News"a istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.
"Bu gün biz Rusiya karbohidrogenləri - Rusiya nefti, qazı və kömüründən mərhələli şəkildə imtina edilməsi ilə bağlı Avropada ən radikal planı təqdim edirik. Bu plan Avropanın bərpası üçün lazımdır”, deyə Moravetski vurğulayıb.
Onun sözlərinə görə, Polşanın Rusiyadan kömür idxalına tam embarqo tətbiq edəcəyi və Rusiya qazının idxalını azaldacağı son tarix may ayıdır. Moravetskiyə görə, Polşa ən çox Rusiya neftindən asılıdır, lakin ilin sonuna qədər bunu aradan qaldırmağı planlaşdırır:
"Biz Rusiya qazından daha çox neftindən asılıyıq. Plokdakı ən böyük neft emalı zavodumuz texniki və logistik cəhətdən Rusiyadan xam neft tədarükünə uyğunlaşdırılıb”.
Baş nazir digər Avropa ölkələrini də nümunə götürməyə, Avropa Komissiyasını isə Rusiyanın karbohidrogenlərinə vergi tətbiq etməyə çağırıb.
Xatırladaq ki, Almaniya və Fransa Rusiya təbii qazın nəqlinin dayandırılması ehtimalını nəzərə alaraq hazırlıq işləri görürlər. Bu səbəbdən Almaniyanın İqtisadiyyat naziri Robert Habek çərşənbə günü səhər qaz təchizatında fövqəladə vəziyyət yaranacağı təqdirdə plandan xəbərdarlığın birinci mərhələsini işə salıb. Bu barədə "Spiegel” nəşri məlumat verib.
Plan Rusiyadan tədarük dayandırıldıqdan sonra belə qaz tədarükünün təmin edilməsini nəzərdə tutur. İqtisadiyyat Nazirliyinin məlumatına görə, hazırda qaz çatışmazlığı yoxdur və təchizatın təhlükəsizliyinə zəmanət verilir.
RFİ-nin məlumatına görə, Rusiya qazının tədarükü əhəmiyyətli dərəcədə azaldıqda, Fransa ən böyük istehlakçılara onların iqtisadi fəaliyyətlərinə xələl gətirmədən təbii qazın verilişini müvəqqəti və planlı şəkildə dayandırmaq niyyətindədir.
"Le Figaro”nun məlumatına görə, hökumət yaxın günlərdə istehlakın azaldılmasını nəzərdə tutan tənzimləmə mexanizmlərini dərc etməlidir:
"Layihə, müəyyən istehlakçılara təbii qazın verilməsini müvəqqəti və planlı şəkildə azaltmaq məqsədi daşıyır". 
Tənzimləmə mexanizmləri, ölkədə beş minə yaxın olan iri istehlakçıya aid olacaq. Belə tənzimləmələr məktəblər, xəstəxanalar, qocalar evləri və s. kimi ictimai əhəmiyyətli müəssisə və təşkilatlar üçün istisna edir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin hökumətə, Rusiya Mərkəzi Bankına və "Qazprom”a martın 31-dək "dost olmayan” ölkələr üçün qaza görə ödənişləri rubla keçirməyi tapşırıb.
Bundan sonra G7 və Avropa Birliyi ölkələri Putinin bu tələbini yekdilliklə rədd ediblər.
Nizami Bağırov
Qaynarinfo