Ukrayna müharibəsində çətin duruma düşən Rusiya qismən səfərbərliklə yanaşı, nüvə silahından istifadə edəcəyilə də hədələyir. Nüvə silahı isə taktiki və strateji olmaqla iki növə ayrılır.
Onların funksiyaları barədə məlumat almaq üçün Qaynarinfo.az olaraq hərbi ekspertə müraciət etdik. Sayta açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, taktiki nüvə silahları yalnız hərbi obyektləri dağıtmağa, strateji nüvə silahı isə iri şəhərləri vurmaqla daha böyük dağıntı və sarsıdıcı nəticə əldə etməyə hesablanmış silahlardır:"Taktiki nüvə silahı sırf hərbə aid silahlardır. Məhdud nüvə zərbəsi endirmək üçün taktiki nüvə silahlarından istifadə oluna bilər. Məsələn, Rusiya Xersonda hansısa bir hərbi birləşməyə zərbə endirmək üçün strateji deyil, taktiki nüvə silahından istifadə edə bilər. Taktiki nüvə silahları elə də böyük gücə malik deyil. İndiyə qədər dünyada taktiki nüvə başlıqlarından heç zaman istifadə olunmayıb. Rusiyanın cəmi 6 min ədəd nüvə başlıqlı raketi var. Onun da 2 mini taktiki nüvə başlıqlı tratil ekvivalentli və ən çoxu 100 tona bərabər olan raketlərdir. Taktiki nüvə silahı məhdud sayda uzağı 10 kilometr məsafədə hərbi hissəni darmadağın etməyə hesablanmış silahdır. Rusiyanın yerdə qalan raketləri isə strateji raketlərdir. Strareji raketlərdən isitfadə zamanı isə bir neçə yüz kilometr ərazi onun dağıdıcı təsirinə məruz qalır. Ona görə də Rusiya istifadə etsə, ancaq bir neçə taktiki nüvə silahından istifadə edəcək. Strateji nüvə silahına əl atması isə onun ağılsızlığı demək olacaq. Çünki buna görə onun hərəkəti cavabsız qalmayacaq”.
Rüfət Sultan