Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Rusiyanın enerji təchizatına dərhal embarqo qoya bilməz. Çünki bu, Rusiya üçün faydalı ola bilərdi. U.Leyenin dediyinə görə, Aİ Rusiya neftinə dərhal və birdəfəlik qadağa qoysa, Putin Avropaya satdığı nefti dünya bazarında başqa istiqamətlərə çıxarmaqla qiymətlərin artması fonunda xeyli qazanc götürə bilər. Bu isə Leyenə görə, Putinə hərbi xəzinəni doldurmağa imkan verə bilərdi. Ona görə də, AK rəhbəri düşünür ki, Avropa iqtisadiyaytına ciddi ziyan vurmamaq üçün həmin məsələdə strateji düşünərək düzgün balans tapmaq lazımdır.
Qeyd edək ki, U. Leyenin bu açıqlaması birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən neft-qaz üzrə ekspert İlham Şaban isə Ursula fon der Leyenlə tam həmrəy olduğunu vurğulayıb:
"Rusiya neftindən imtina məsələsi sanksiyaların 6-cı paketinə salınsa da, bu heç də ani olaraq rus yanacağından tam imtina anlamına gəlmir. 2023-2024-cü illərdə hansı faiz nisbətində Rusiya yanacağından imtina ediləcəyi həmin sənəddə göstərilir. Yeraltı qaz anbarları ilə bağlı Avropa Kommisiyasının qəbul olunan direktivində qeyd edilir ki, bu anbarlar oktyabra qədər 80 faiz, gələn il isə 90 faizə qədər doldurulmalı və məcburi qaydada olmalıdır. Heç də hər bir Avropa ölkəsinin yeraltı qaz anbarı yoxdur. Ona görə də qaz anbarının olmadığı ölkə ilə onun bulunduğu dövlət arasında infrastruktur yaranmalıdır. Rusiya neftinə embarqo qoyulması heç də onu nəzərdə tutmur ki, bu barədə qərar qəbul edilən kimi şimal ölkəsindən neft və neft məhsullarının alışı qadağan olunsun. Bu mümkün də deyil. On illiklərlə yaranan infrastrukturu əvəzləmək üçün ən azından bir necə il zaman gərəkdir. Bunu da Avropada başa düşürlər və bir reallıq olduğunu anlayırlar”.
Rüfət Sultan