Xəbər lenti

Rusiyanın Qazaxıstana ordu yeritməsi KTMT müqaviləsinə uyğundurmu? (ŞƏRH)
Siyasət12:52 10.01.2022

Rusiyanın Qazaxıstana ordu yeritməsi KTMT müqaviləsinə uyğundurmu? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın KTMT-dən istifadə edərək Qazaxıstana ordu yeritməsi müqavilə şərtlərinə uyğun olmayan yanaşmadır və anoloji situasiyanın digər postsovet ölkələrində təkrarlanacağı istisna deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli KTMT-nin Qazaxıstana qoşun yeritməsini şərh edərkən deyib:
"KTMT nizamnaməsinə görə, yalnız xarici təhlükə olduqda üzv ölkələrə digərlərinin hərbi dəstək verməsi nəzərdə tutulur. Bu baxımdan KTMT qüvvələrinin Qazaxıstana yeridilməsi qurumun müqavilə şərtlərinə uyğun olmayan davranışdır. Qarabağda 44 günlük savaşdan sonra Rusiya özünü "sülhməramlı” adlandıraraq tərəflər arasında vasitəçi donuna girdiyi kimi, Qazaxıstan məsələsində də anoloji situasiya baş verdi. Sülhməramlı mandatı əslində BMT mandatı əsasında formalaşır. Eyni zamanda, bu sayaq münasibətlər dövlətlərarası müqavilələrdə nəzərdə tutulan saziş və razılaşmalarla da qurulur”. 
Həmsöhbətimiz KTMT-nin Qazaxıstana hərbi müdaxiləsini Rusiyanın özünün yaxın xaric adlandırdığı ərazilərə hər zaman müxtəlif bəhanələrlə müdaxilə etmək niyyətinin davam etdiyinin göstəricisi kimi dəyərləndirir: 
"Deməli, Moskva hələ də bu çirkin niyyətindən əl çəkməyib. Moskva son zamanlar keçmiş SSRİ-nin bərpası ilə bağlı heç bir əsasa söykənməyən arqumentlərini intensivləşdirib.  Qazaxıstana KTMT qüvvələrinin yeridilməsi də onun tərkib hissəsidir. Qazaxıstanda təxminən əhalinin 30 faizini rusdillilər təşkil edir. Ola bilsin, Qazaxıstan hökuməti tərəfindən indiki şəkildə dəvət edilməsəydi, güman ki, KTMT adı altında Rusiya rusları qorumaq bəhanəsilə fərqli müdaxiləyə əl atardı. Necə ki, Ukraynada bunu etdi. Bu baxımdan Rusiyanın yanaşması təcavüzkar yanaşmadır”. 
Politoloq anoloji təhlükələrin digər postsovet məkanı ölkələrini təhdid edə biləcəyini də istisna etmir:
"Mövcud vəziyyət onu göstərir ki, Rusiya tərəfindən bu sayaq addımların digər postsovet ölkələri məkanında təkrarlana biləcəyi də istisna deyil. Belə bir "əlverişli” şərait yaranarsa, bundan Moskvanın bəhanə kimi istifadə etməsi mümkün görünür”.
Rüfət Sultan