Xəbər lenti

Rusiyaya məxsus bu silahlar Azərbaycana lazım deyil... – Hərbi ekspert
Siyasət09:20 03.11.2021

Rusiyaya məxsus bu silahlar Azərbaycana lazım deyil... – Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Korotçenkonun açıqlaması sadəcə olaraq Rusiya tərəfinin arzusudur və bununla Bakının reaksiyasını öyrənmək istəyirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkonun Rusiya silahlarının Azərbaycana yeni, miqyaslı tədarükünün nəzərdə tutulduğu barədə iddiasına münasibət bildirərkən deyib. Onun fikrincə, sadəcə, Kreml Korotçenkonun dililə öz arsusunu səsləndirib: 
"Azərbaycan hələ Rusiyadan silah-sursat alır. Amma alınan silahların ümumi faiz nisbətində Rusiyanın payı azalır. İqor Korotçenkonun bu açıqlaması sadəcə olaraq Rusiya tərəfinin arzusudur. Kreml sadəcə müəyyən fikirləri Korotçenko vasitəsilə səsləndirib, Bakının reaksiyasını öyrənmək istəyir. Onlar maliyyə imkanlarına malik Azərbaycanı əldən buraxmaq istəmir. Yəni Rusiya çalışır ki, Azərbaycana silah satışını artırsın”. 
Həmsöhbətimiz bildirir ki, hər şey heç də Moskvanın istəyilə həll olunmur: 
"Azərbaycan 44 günlük Vətən savaşında hansı silahların daha önəmli olduğunu anladı. Rusiyaya məxsus MiQ-35 və ya Su-35 qırıcıları, ZRS S-400, ZRK "Tor-M2”-lər bizə lazım deyil. Rusiya ilə bağlı böyük planlarımız yoxdur. Azərbaycanda kifayət qədər ciddi silahlar var. Hələlik düzdür, Rusiyadan bəzi silah-sursatı almağa məhkumuq”. 
Ü.Cəfərovun fikrincə, növbəti illərdə Azərbaycan Rusiyadan kənar digər ölkələrdən silah alışına daha çox üstünlük verəcək:
"Faiz nisbətinə gəldikdə, növbəti illərdə də silah və hərbi texnikanı Rusiyadan deyil, daha çox başqa ölkələrdən almağa üstünlük verəcəyik. Məsələn, növbəti illərdə silah arsenalımızı əsasən Türkiyə, Pakistan, İsrail, Ukrayna və Belarus istehsalı olan silahlarla təmin edəcəyik. Hətta bu istiqamətdə yaxınlarda yeni ünvanların adını da eşidəcəyik. Hazırda dünyada Rusiya hərbi sənaye kompleksinin buraxdığı silahları almaq məsələsində ciddi tərəddüdlər mövcuddur. Rusiya silahları özünü yetərincə doğrultmayıb. Ona görə düşünmürəm ki, Azərbaycan bundan sonra Rusiya silahlarına üstünlük versin”. 
Qeyd edək ki, rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Rusiya silahlarının Azərbaycana yeni, miqyaslı tədarükünün nəzərdə tutulduğunu iddia edib.
Ekspert 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında müqavilə imzalanacağını proqnozlaşdırır. Onun fikrincə, Rusiya Azərbaycana idarəolunan raket və bomba silahlarının tam dəsti ilə birlikdə MiQ-35 və ya Su-35 qırıcıları, ZRS S-400, ZRK "Tor-M2” və digər növ silahları satacaq.
Rüfət Sultan