Bir müddətdir ki, Tacikistanın paytaxtı Düşənbədə ABŞ Mərkəzi Komandanlığının təşkil etdiyi "Regional Əməkdaşlıq-22” komanda-qərargah hərbi təlimləri keçirilir.
ABŞ, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və Pakistan hərbçilərinin qatıldığı təlimlər avqustun 20-dək davam edəcək. Təlimlərlə bağlı danışan ABŞ-ın Tacikistandakı səfiri Con Pommerşaym bildirib ki, ABŞ-ın Mərkəzi və Cənubi Asiya ölkələrinin iştirak etdiyi ən böyük hərbi təlimi olan "Regional Əməkdaşlıq-22” bölgədəki tərəfdaşlarımızla əlaqələri gücləndirmək üçün unikal imkanlar yaradır:
"Təlimlər qlobal çağırışlara dinc cavablar, informasiya mübadiləsi və təhlükəsizlik sahəsində əməkdaşlıq daxil olmaqla, aktual regional problemlərin həlli üçün platforma rolunu oynayır”.
ABŞ səfirliyinin açıqlamasında qeyd edilir ki, təlimlər koordinasiya yaratmaq imkanı verəcək, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, kütləvi qırğın silahlarının, narkotiklərin və terror ünsürlərinin ələ keçirilməsi imkanlarının artırılmasına yönəlib. Görünən odur ki, ABŞ artıq Rusiyanın patronajlığı altında olan və KTMT-də təmsil olunan ölkələri belə hərbi təlimlərə cəlb edə bilir. Bu isə birmənalı şəkildə Rusiyaya meydan oxumaq deməkdir. Bu, tək Rusiyaya deyil, həm də Orta Asiya ilə ciddi əlaqələr quran Çinə də mesajdır. Moskva isə aydın məsələdir ki, Ukraynada ilişib qaldığından prosesə aktiv şəkildə etiraz edə bilmir. Yaranmış vəziyyətdən Vaşinqton məharətlə yararlanaraq, bu kimi təlimlərlə özünün Mərkəzi Asiyada mövqeyini bərpa etmək istəyir. Bu kimi addımlar göstərir ki, ABŞ Rusiya üçün onun sərhədləri perimetri üzrə əlavə problemlər yaratmaqda israrlıdır. Ona görə də MDB məkanında Ukrayna ilə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda da Moskva üçün əlavə problemlər yaradır. Bütün bunlar isə zamanında Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən düşünülmüş "Anakonda” əməliyyatının tərkib hissəsidir. Bu əməliyyat Rusiyanı müasirəyə alıb, onu dünya siyasətinə təsir imkanlarından təcrid etmək məqsədi daşıyır. Bir sözlə, görünən odur ki, ABŞ Rusiyaya qarşı bütün cəbhə boyu hücuma keçərək, onu olduqca çətin duruma salmaq üzərində ciddi çalışır.
Rüfət Sultan
Şərhlər