Xəbər lenti

Rusiyaya Ukraynadan yaxın dövlət yox idi, başına nələr gətirdi... (ŞƏRH)
Siyasət09:31 29.12.2020

Rusiyaya Ukraynadan yaxın dövlət yox idi, başına nələr gətirdi... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qazaxıstan hakimiyyəti və cəmiyyəti Rusiyadan çəkinməkdənsə, müstəqil xarici və təhlükəsizlik siyasətinə üstünlük verməlidir. Rusiya real güclə hesablaşır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Elşax Şahinoğlu Rusiya ilə Qazaxıstan arasındakı gərginliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya rəsmiləri və deputatları həqiqətən Qazaxıstanın Rusiya torpaqları üzərində qurulduğuna inanırlar: 
"Rusiyalı deputatlar arda-arda Qazaxıstan əleyhinə açıqlamalar verirlər. Onların sözlərinə görə, Qazaxıstan adında dövlət olmayıb və bu dövlət Rusiya torpaqları üzərində qurulub. Deputatlardan biri isə Qazaxıstanı açıq hədələyib: "Elə etməyin ki, torpaqlarımızı geri alaq!”.
Axı Qazaxıstan və qazaxlar nə ediblər ki, rusiyalı deputatlar bu ölkəni hədələməyə başlayıblar? Qazaxıstan Rusiyanın müttəfiqidir, Moskvanın təsis etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Qazaxıstan Rusiyanın maraqları əleyhinə Qərb ölkələri ilə də sıx əlaqələr qurmayıb ki, deyəsən, Moskva buna görə Astananı hədələyir. Qazax dostlarım məndən soruşurlar ki, bu Azərbaycanın Ermənistan üzərində qələbəsiylə əlaqəli ola bilərmi? Əlaqə görmürəm. Çünki rəsmi Astana aşkar şəkildə Azərbaycanı dəstəkləmədi ki, Moskva Qazaxıstan hakimiyyətinin bu siyasətindən narazı qalsın. Halbuki qazaxların mütləq əksəriyyətinin bizə böyük simpatiyası var.
Əslində yeni heç nə yoxdur. Rusiya rəsmiləri və deputatları həqiqətən Qazaxıstanın Rusiya torpaqları üzərində qurulduğuna inanırlar. Ancaq bəziləri bunu açıq dilə gətirir, digərləri isə Astananın xətrinə dəyməməmək üçün düşüncələrini səsləndirmirlər. SSRİ-nin son illərində rusların əfsanəvi yazıçısı Aleksandr Soljenitsın da "Komsomolskaya pravda” qəzetində təxminən bir səhifəlik yazısında iddia edirdi ki, Qazaxıstanın az qala yarısı Rusiyaya aiddir. Elə Rusiya prezidenti Vladimir Putin də bir neçə il əvvəl açıqlamasında demişdi ki, Nursultan Nazarbayev olmasaydı, Qazaxıstan adında dövlət olmazdı. Putin bununla guya Nazarbayevi tərifləyirdi, ancaq həmin cümlədə Astanaya xəbərdarlıq var idi. Yəni Putin də Qazaxıstanı hədələyən deputatlar kimi düşünür.
Astana daha nə etməlidir ki, rusiyalı rəsmilər və deputatlar bu ölkəyə ərazi iddialarından əl çəksinlər? Rusiya Krımı ilhaq edəndə belə Astana bunun əleyhinə açıqlama vermədi, hətta Krım tatarlarının lideri Mustafa Cəmiloğlu Qazaxıstan hakimiyyətinin siyasətini anlamadığını bildirdi. Moskvanın siyasəti bir daha sübut edir ki, Rusiyaya müttəfiqlər yox, vassallar lazımdır. Qazaxıstan hakimiyyəti və cəmiyyəti isə Rusiyadan çəkinməkdənsə müstəqil xarici və təhlükəsizlik siyasətinə üstünlük verməlidir. Rusiya real güclə hesablaşır. Bu, Azərbaycan üçün də keçərlidir. Rusiyaya Ukraynadan yaxın dövlət yox idi, başına nələr gətirdi! Bu gün Belarusda hakimiyyətə fərqli qüvvələr gəlsə, Moskva qardaş adlandırdığı növbəti ölkənin də parçalanması prosesinə başlayacaq…”
Alpər