
D18 Hərəkatının başqanı Ruslan İzzətli ölkədə və dünyada baş verən hadisələrlə bağlı Qaynar.info saytına müsahibə verib. Həmin müsahibənin birinci hissəsin təqdim edirik
- Ruslan bəy, bu yaxınlarda Amerikaya səfər etmişdiniz. Çox sayda görüşləriniz oldu. Bilmək istərdik səfərinizi kim təşkil etmişdi, bu təklif kimdən gəldi? Görüşdüyünüz şəxslər kimlər idi və nələri müzakirə etdiniz?
- Azərbaycan siyasətini, bizim fəaliyyətimizi izləyənlər bilir ki, Türkiyədəki siyasi partiyalarla dost və səmimi bir münasibətimiz var. Bu dostlar da Azərbaycanı demokratik dünyanın bir parçası görmək istəyirlər. Azərbaycanın region və Türkiyə üçün nə qədər önəmli olduğunu bilirlər. Mənim onlarla çox ciddi əlaqəm var. Bu əlaqələr əsasən Türkiyədə təhsil alarkən yaranıb.
Bu səfəri də Türkiyədə olan dostlar təşkil etmişdi. Azərbaycanın problemlərini okeanın o tərəfinə daşımaq, səfər etmək çox önəmlidir. Səfər iki mərhələli idi. Birinci biz orda Türk-Amerkan təşkilatı ilə və həmin təşkilatın başqanı ilə görüşdük. Bundan sonra üç gün davamlı olaraq səhərdən axşama qədər konqresdə olduq. İyirimiyə yaxın konqresmenlə görüşümüz oldu. Konqresmenlərin içində "Demokratlar" və "Respublikaçılar" da var idi. Görüşlərimizin əsas müzakirə mövzusu Azərbaycanda siyasi məhbuslar məsələsi idi. Dünyanın 13 məşhur məhbus qadınının ikisinin Azərbaycanın payına düşməsi ilə bağlı müzakirələr apardıq. Mətbuata və azad fikrə qarşı hakim partiyanın kəskin mövqeyi müzakirə mövzusu oldu.
Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini konqresmenlərə müzakirə etdik. Bir çox konqresmen Azərbaycandakı durumu bilir. Bəzilərinin bir o qədər bilgisi yox idi. Biz onları da məlumatlandırdıq və hata bildirdik ki, Amerikanın bir çox təşkilatları Azərbaycanda fəaliyyətini dayandırıb. Dedik ki, baxın Azərbaycanda nə dərəcədə avtoritar sistem hökm sürür. Bir çox konqresmen açıq şəkildə bildirdi ki, koqresmen Smitin Azərbaycana qarşı sanksiyalar lahiyəsini dəstəkləyəcəklər.
Daha sonra "Amerikanın səsi"nə müsahibə verdim. Bundan sonra da səfərlərimiz davam edəcək. Növbəti aylarda Avropaya səfərlərimiz olacaq. Bundan sonra Türkiyəyə bir turnirimiz təşkil ediləcək. Orda Türkiyənin ən azı 10 məşhur universitetində 300-400 gəncin iştirakı ilə Azərbaycanda demokratiya və insan haqlarının durumu panelində çıxış edəcəm. Düşünürəm ki, Azərbaycan da ilk dəfə olaraq bir siyasi hərəkat bu cür lobbiçilik qurur.
Biz kimsə bizim problemlərlə maraqlanmalıdır deyə düşünməməliyik. Adamların yanına gedib, problemlərimizi qabartmalıyıq. Düzdür, mənə bir çoxları irad bildiriblər ki, bunlar Azərbaycandan kiməsə şikayət edir. Bizim Azərbaycandan kiməsə şikayət etmək fikrimiz yoxdur. Əgər bu gün demokratiya və insan haqlarını Çin müdafiə etsəydi və Çinin belə beynəlxalq təşkilatları olsaydı, biz Çinə gedərdik. Hindistanda olacaqdısa, ora gedərdik. Mənim ordakı müzakirələrim yalnız insan haqları ilə bağlı deyil, həm də Qarabağ mövzusudur. Hakimiyət və digər qurumlar "Qarabağ kartı"nı o qədər şou xarakterli istifadə edib ki, bu səbəbdən mən Qarabağ məsələsini müzakirə etdiyimi deməmişəm. "Türkişyanq" adlı bir təşkilat var. O təşkilatla Xocalıda nə etmək olar mövzusunda müzakirələr apardıq. Mənə bilgi verdilər ki, diaspora komitəsi Xocalı adından pul alaraq orda necə biabrçılıqlar edib. Amma Qarabağ və Xocalı məsələsi bizim üçün çox önəmli olduğuna görə hakimiyyətlə eyni mesajları vermək istəmədik.
- Avropadakı görüşlərə də Türkiyə vasitəsiylə gedəcəksiz?
- Bütün görüşlərimizə Türkiyədəki dostlarımız yardım edir. Sizin sayt da vermişdi, mənim beynəlxalq əlaqələr üzrə müavinim Seyfəddin Boğazlı türkiyəlidir. Çox adam düşünə bilər ki, xarici ölkə vətəndaşı siyasi hərəkatda necə rəhbərliyə gətirilir. Bu gün Ukraynada da həmin model var. Bir zamanlar Azərbaycanda da bu modeldən Əbülfəz Elçibəy istifadə edib. Azərbaycanda siyasi hakimiyyət dəyişsə, niyə də xaricdən ciddi kadrlar gətirilməsin. Bu kadrlar təhlükəsizlik sahəsində, hərbi sahədə, iqtisadiyyat sahəsində Azərbaycana öz faydasını verə bilər. Bu gün bizim Türkiyədə beynəlxalq əlaqələr üzrə təmsilçimiz oturur. Ola bilsin ki, mart ayında D18 Hərəkatının Ankarada da ofisi açıldı.
Avropa səfərlərimiz də sırf lobbiçilik üzərində qurulacaq. Burda da bir çox parlament üzvləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəciyik. Daha detallı danışma istəmirəm. Amma bu səfər zamanı bir çox yeniliklərə imza atacığıq.
- Ruslan bəy, Amerikaya getmək, görüşlər təşkil etmək də böyük maliyyə tələb edir. Sirr deyilsə, bu görüşlərin maddi xərclərini kim qarşılayır?
- Biz siyasətə gələndə düşüncəmiz bu olub ki, siyasi hərəkat olaraq dəyişiklik etmək istəyiriksə, onun lideri və komandası da mütləq maliyyə qaynaqlarını əldə etməlidir. Demirəm ki, iqtidar və ona yaxın partiyalar kimi maliyyə qaynağımız olsun. Amma ən azı bu səfərləri etmək imkanı, bir ofisi, adamlarla görüşmək imkanı olsun. Azərbaycanda demokratik dəyişiklik istəyən dostlarımız bizə bu yöndə kömək olurlar. Bu dəstək də artacaq. Bir siyasi hərəkatın əsas işi həm də sağlam maliyyə mənbəyi tapmaqdı. Bizi yaxından tanıyanlar maliyyə mənbələrimizin nə qədər sağlam olduğunu bilirlər.
Azərbaycanda ya hakimiyyətdən pul alıb siyasətlə məşğul olmalısan, yaxud da digər partiyalar kimi hakimiyyəti tərifləməklə gündəmdə qalmalısan. Azərbaycandan narazı o qədər iş adamları, dostlar var ki, biz onlardan dəstək almışıq. Düşünürəm ki, 3 ildə yaranan bir siyasi hərəkat kimlərinsə dəstəyini ala bilibsə, bu çox ciddi bir uğurdur. Pul qazanan bir iş adamı çox ağıllı olur. Ağıllı adam isə nəticəsi olmayan bir işə dəstək verməz.
- Burdan bir keçid edək. Digər gənc siyasətçilər var ki, sizinlə eyni yaşda olarlar. Onlar da işləyirlər, mətbuata açıqlama verirlər. Deyə bilmərəm nə qədər yaxşı və doğru işləyirlər. Sadəcə sizin sosial şəbəkələrdəki açıqlamalarınız daha radikal təsürat bağışlayır.
- Əslində bizim radikal olmaq kimi istəyimiz və düşüncəmiz yoxdur. Azərbaycanda radikallığın bədəli nədir onu biz bilirik və o bədəli ödəyirik. Amma biz yaranan gündən komandamızla qərara gəlmişik ki, həm şəxsi həyatımıza, həm də hərəkatımıza olan basqıları ictimailəşdirməyək. Çünki insanlar qorxu olan yerə gəlmirlər. Siyasətdə qorxu amili olmamalıdır. Mən ölkədə demokratiyanın boğulmasının, insan haqlarının pozulmasının, iqtisadiyyatın bu duruma düşməsinin, gənclərin evsiz və işsiz qalmasının, Qarabağ qazisinin ac-yalavac yaşamasının hesabını kimdən soruşmalıyam? İcra başçısındanmı, komitə sədrindənmi xəbər almalıyam? Belə bir düşüncə yaranıb. Bəziləri bunu söyləməkdən qorxur. Hakimiyyətdə bəlli adamlar var ki, onları nə mətbuat, nə də siyasi partiyalar tənqid etmir. Çünki tənqid etməyin qarşılığının nədən ibarət olduğunu bilirlər. Kimsə tənqid etməyə başlıyırsa, bu kompleks hesab olunur. Nəyin kompleksini hiss edəcəyik? Bizim hökümətlə alış-verışımız yoxdur ki, deyək tənqidlə imitasiya edirik. Jurnalistlər özləri də yaxşı bilir ki, hakimiyyət 2015-ci il parlament seçkilərindən sonra imitasiya siyasətinin qarşısını aldı. Artıq imitasiya yoxdur. Artıq tərəfini və mövqeyini göstərməlisən. Bizim hərəkat olaraq digərlərindən fərqimiz budur ki, biz hədəfi dəqiq müəyyənləşdirmişik. Siyasətdə hədəfi dəqiq müəyyənləşdirmək çox önəmlidir. Məsələn, siyasət humanitar bölümə daxil edilsə də, 70-80-ci illərdən sonra Avropada siyasət dəqiq elmlər kimi keçrilməyə başladı. Çünki siyasətdə boş, insanları aldadacaq, hədəfdən yayındıracaq fikir deməməlisən. Hərəkat və komanda olaraq hədəfini ortaya qoymalısan. Hara gedirik, kimi qarşımıza alırıq və kimi qarşımıza alanda hansı bədəlləri ödəyəciyik... Bunun hamısın strateji olaraq düşünürük. Həftədə ən azı bir dəfə İdarə Heyətimiz toplanır və biz hədəflərimizlə bağlı qərarlaşdırırıq. Kİmi tənqid edib-etməyəcəyimizə qərar veririk.
Təbii ki, bizim özümüzün də bir qırmızı xətlərimiz ola bilər. Biz bunu qabartmaya da bilərik. Bu toplum üçündür. Toplum bunu ciddi qəbul edə bilməz. Çünki əlimizdə mətbuat və televiziya yoxdur. Ancaq hakimiyyətə qarşı münasibətdə bizim heç bir qırmızı xəttimiz yoxdur. Bu ölkədə diktatura sisteminin olduğunu deyən siyasi hərəkatlardan biri də bizik. Siyasətdə hər kəs səni qəbul edəcək və bəyənəcək deyil. Ama kənardan izləyən, obyektiv qiymət verən adamlar kimin kim olduğunu çox yaxşı bilir.
- Ruslan bəy deyirsiz ki, hakimiyyət imitasiyadan əl çəkib. O zaman hakimiyyət onları tənqid edənlərə də əvvəlki qədər təzyiqlərdən əl çəkib. Məsələn, yaxınlarıını işdən çıxarmaq və s. Bu şəxsin özünə yönəlik təzyiqlər ola bilər, yəni həbs və başqa maddələrlə tutulsun. Bu qədər hədəfi dəqiq nişan alıb tənqid edən şəxslərdən biri olaraq nə zamansa və ya indi özünüzə təhlükə hiss edirsinizmi?
- Mənim özümə və yaxınlarıma hər zaman basqı olur. Elə bir ay olmur ki, bizim evə girməsinlər. Mən Amerikadan gələndə bizim evə girdiklərini görmüşəm və bunu bütün dostlarım bilir. Mühafizə xidmətini dəvət etdim ki, kameranı açsınlar. Niyə mənim evimə girirsiz və nə axtarırsımız. Elə bir səfər olmur ki, məni hava limanında 2-3 saat saxlamasınlar. Bu ikinci bir təzyiq vaitəsidir. Üçüncüsü, hər hansı unversitetə özək sədri təyin edirəm prorektor işə qarışır ki, "niyə ordasız". Ama bizim bir fərqimiz budur ki, bunları ictimailəşdirmirik. Qərərgahımız dağıdıldı, adamlarımız tutuldu və s., amma ictimailəşdirmədik. Bu məsələlər ictimailəşəndə artıq hakimiyyətin maraqlarına xidmət edirsən. Hakimiyyət qorxu sistemi yaradır. Gənclər də düşünür ki, getsəm mənim də başıma bu işlər gələcək.
Cəmiyyətin apolitik olmasının tək səbəbi insanlarda qorxu sisteminin yaranmasıdı. Ama mən heç zaman bunu mətbuata açıqlamamışam. Ancaq etibar etdiyim vəkilləri bu barədə məlumatlandırmışam. Hava limanında saxlanmışıq, özü də çox açıq şəkildə, insanların gözü qarşısında elə tərbiyəsiz davranıblar ki, mən özümü hansısa terror və radikal qruplaşmanın üzvü kimi hiss eləmişəm. Sadəcə vəkilə bildirmişəm ki, burdan harasa apara və işgəncə verə bilərlər, məlumatınız olsun. Yaxud saat demişəm ki, bu saata qədər xəbər olmasa, mətbuata çıxa bilərsiz.
Dostlarım və komandamız bizə hansı basqıların olduğunu bilir. Ən çox ofis dəyişən siyasi hərəkatıq. Ofis tuturuq bağlayırlar, yenisini tuturuq. Ofisimizə girib əşyalarımızın dağıdılmasını bütün dostlarımız bilir, amma biz bunu mətbuata demirik. Çünki hansı sistemlə mübarizə apardığımızı bilirik. Bütün bunlara narmal baxırıq, çünki bunların mahiyyəti budur. Bunu mətbuata açıqlayıb, insanlarda niyə qorxu hissi yaratmalıyıq. Başqaları metroda ya küçədə kiminsə ona biz söz deməsinə sərt reaksiya verir, mətbuata danışır və ulduza çevirilir. Hamı də düşünür ki, basqı onun üzərindədir və müxalifət odur. Bəzən də hakimiyyət açıq basqını o adamlara edir. Çünki "qara piar"ın özüdə "piar" sayılır. Hakimiyyət də başa düşür ki, onun heç bir prespektivi yoxdur.
- Digər siyasi hərəkatlarla müqayisədə D18 Hərəkatında tanınan simalardan bir siz və Samirə xanımdır. Ama digər siyasi hərəkatlarda kifayət qədər tanınmış gənclər var ki, onlara da basqılar olub və həbsdə olanları var. Demək olarmı ki, sizi həbs etməməklə gündəmə gəlməyinizi istəmirlər?
- Mənim ümumiyyətlə siyasətdə ulduz olmaq fikrim yoxdur. Ulduzlar bir zaman gündəmdə qalır və müəyyən zamandan sonra gedir. Mənim üçünsə əsas komandamızla bir yerdə bizi tanıyan insanların həqiqətən də bizə dəyər verməsinə və xidmətimizi anlamasına nail olmaqdır. Hamı ulduz ola bilər. Dünən ulduz olanın bu gün əfv ərizəsi yazdığını görürük. Dünən ulduz olanların bu gün hakimiyyətin tərəfində olduğunu görürük. Dünən ulduz olanların 2015-ci il seçkilərini demokratik adlandırmasını görürük. Amma illərlə bu xalqa xidmət edən insanlar var ki, hakimiyyət cəmiyyətlə aralarında uçrum yaradıb və cəmiyyətin bizdən xəbəri yoxdur. Televiziyaya və mətbuata buraxmır. Məncə, aktiv kəsimin bizim haqqımızda mövqeyi birmənalıdır. Yəni vicdanla və partiya kimliyini kənara qoyub düşünsək, bizimlə bağlı rəy bəllidir. İkincisi, tanınan simanın olub-olmamasının səbəb TV və mətbuata çıxmamalarıdır.
(Ardı var)
Elkin Xəlilov
Qafqaz Ocaqverdiyev
Qaynar.info



