
Qaynar.info D18 Hərəkatının başqanı Ruslan İzzətli ilə olan müsahibənin ikinci hissəsini təqdim edir.
- Amma onlarda televiziyaya çıxmadılar...
- Bu siyasi hərəkatda çoxları necə tanınır deyim. Biz heç bir siyasi partiyaya bağlı deyilik. Mövqeyimizi ortaya qoyur və tənqidlərimizi edirik. Bir siyasi partiya ona bağlı olmayan və müstəqil mövqeyi olan hərakatı necə qabartsın? Amma digər siyasi hərəkatlar açıq-aşkar müxalifətdən hansısa partiyaya yaxındılar, bu açıq şəkildə görünür. Hətta eləsi var ki, həm o partiyada müavindir, bu partiyada üzvdü. Mən yeni üzvlərlə görüşəndə bildirdim ki, kiminsə partiya üzvlüyü varsa, ya partiyasından çıxıb gəlsin, ya da bizim hərakata üzv olmasın. Üzv olmağa israr edirsə, yalnız könüllü ola bilər.
Bir dəfə blok yaradan dostların birinə demişdim ki, sizin verdiyiniz namizədlərin də siyahısını qoyaq, bir də bizim İdarə Heyətimizdəki dostların siyahısını qoyaq. Görək sizin on nəfər namizədin neçəsinin ali təhsili var. Namizədə qalsa, biz də verə bilərdik. Hamsı da ali təhsilli idi. Burda və xaricdə təhsil alan uşaqlarımız var. Bizim üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. Bir namizəd olsun və nəticəsini də ortaya qoysun. Özlərini öyən siyasi hərəkatlara baxın görək 2015-ci il seçkilərində hansı təşkilatçılıq edə biliblər. Bir video və ya şəkil çəkiblərmi? Bir seçki qərərgahının hesabatı yayıldımı? Amma D18 hərəkatında seçki qərərgahının verdiyi hesabatlara baxaq. İddia edirik ki, Bakıda olan namizədlərin içərisində 2-3 ən ciddi faktlar varsa, biri bizimdi. Bunu bu işlə məşğul olan vəkillər deyir, mən demirəm. Dostlar mənə dedi ki, Avropa İnsan Haqları Məhkəməsinə baş vurmaq üçün ən yaxşı faktlar sizdədir. Ən çox seçki saxtakarlığı ilə bağlı "Azadlıq Radiosu"nda və digər KİV-lərdə yayılan video və şəkillər 33 saylı Xətai Seçki Dairəsində çəkilmişdi. Bu da bizim komandanın işi idi.
- Belə bir söhbət var deyirlər ki, seçki zamanı birinci şəxsin səsləri artırılır, amma ikinci şəxsin səslərinə dəyilmir. Siz seçkilərdə nə qədər səs topladız?
- Birincisi, bunu deyənlər hakimiyyətlə bərabər seçkini müəyyənləşdirmişdilər? Bu siyahını necə müəyyənləşdirirlər, deyə bilmərəm. Amma kənd Əhmədlidə Bakı şəhər xəstəxanasında yerləşən 32 saylı məntəqənin sədri bizim komissiya üzvünə belə deyib: "Sizə yüz səs gəlib. biz onu aşağı yazmaq məcburiyyətindəyik". Mənə o məntəqədən 56 səs yazıblar. 7 saylı məntəqənin seçicilərindən 52 nəfər şəxsən tanıdığım adamın mənə səs verməsinə baxmayaraq, ordan 7 səs gəlib. Necə olur ki, dostlarım və şəxsi münasibətim olan adamlar mənə səs verməsin. Həbsxanada təbliğat aparmamışam, ordan mənə necə 132 səs yaza bilərlər? Biz faktlara söykənib danışırıq. Digər partiyalar necədi, kimsə kiminlə bərabər siyahımı hazırlayıb, bunu mən deyə bilmərəm.
Bu gün də istənilən jurnalistlə gedək o dairəyə, görün 9 namizədin içərisində ən çox kimi tanıyırlar. Seçilməsək də, bu gün biz o seçicilərin problemləri ilə məşğul oluruq. Məsələn, iki seçicimiz gəlib bizim hüquqi yardım mərkəzində məhkəmə və digər problemlərinə görə iddia ərizələri yazdırıb. Biz işimizə davam etdiririk. Sizin sayta və digər saytlara da demişdim ki, noyabrın 1-ə qədər hakimiyyətin namizədi burdadı. Noyabrın 1-dən sonra mən burda olacam. Mən ora millət vəkili olmaq üçün getməmişdim. Anlıyıram ki, 26 yaşında bir gənci heç kim bu ölkədə millət vəkili etməz. Özü də mövqeyini və hədəfini dəqiq müəyyən etmiş bir gənci heç seçməzlər. Ama mənim bütün məntəqələrdə görüşüm oldu. Buna hamı şahiddir. Bütün məntəqə üzvlərindən görüşüb hallalıq almışdım. Onlara dedim ki, mənim gəlişimin səbəbi göstərir ki, bu ölkədə hamı pula satılmıyıb və hələ də bu hökümətin üzərinə gedəcək insanlar var. Getdim onu göstərdim.
- Səhv etmirəmsə rəqiblərizdən biri də Arif Hacılı idi. İkinci yer onu yazmışdılar...
- Arif Hacılı orda nə qədər güclü oldu, onu bilmirəm. Ama ikinci yer məni yazsaydılar, bilirsiz hökümət üçün nə baş verərdi? Bu artıq ölkədə yeni müxalifət var deməkdir. Hökümət deyir ki, bir mənəm və mənim müxalifətim 1992-ci ildən qalanlardır. Ölkədə yeni müxalifət yoxdur. Bu hökümətin strategiyasıdır. İkncisi, artıq 1996-cı ildə doğulan gənc mənim dairəmdə və ölkədə seçici idi. Ona "1989-cu ildə Azadlıq meydanında bu cür iş gördük" deyə səs ala bilməzsiniz. Biz gedib insanların qapısını döyürdük və iş görürdük. Bizim prestijimiz gənc olmağımız idi. Biz "Qarabağı alacağıq" və sair siyasi fikirlərlə seçkiyə getməmişdik, o dairənin problemlərini qabardırdıq. İstəninlən bir jurnalist zəng etsin küçə-küçə deyim bu dəqiqə orda hansı problemlər var. İstənilən vaxt Arif Hacılı da komandası ilə gəlsin, biz də gedək, görək seşici kimi tanıyacaq. Baxın görün kim gedib o seçicinin ayağına və o seçici kimə gəlib səs verib. Mən iddia edirəm ki, 10 qapıdan birini döysək seçici bizi tanıyacaq.
- Sizin elə olur ki, həftədə 2-3 dəfə müxtəlif saytlarda məlumatlarınız yayımlanır. Amma sadəcə sizinlə bağlı məlumatlar yayılır. D18 hərəkat və Ruslan İzzətli. İdarə Heyətində olan digər şəxslərdən hər hansı birinin tanınması ilə bağlı iş görürsünüzmü?
- Bizim bu yaxınlarda siyasi məsələlər üzrə müavinin açıqlaması mətbuatda getmişdi. Birinci müavin Samirə xanımın siyasi məhbuslarla bağlı tez-tez mətbuatda açıqlamaları olur. Ama təəssüf ki, onu vəkil kimi təqdim edirlər. Siyasi kimliyini bildirmirlər, özü də dəfələrlə narazılıq edib. Bundan başqa, hərəkatın 3 aydır fəaliyyəti zəifləmişdi. Ofisimiz yox idi, yeni ofis tutmuşuq. Hərəkatın tərkibində hüquqi yardım mərkəzi var. İşlərə yenidən start verəciyik. Mart və aprel ayları ərzində bizim iki böyük konfransımız olacaq.
Bizə daim hakimiyyətin basqısı var. Amma alternativlər tükənmir. Burda edə bilmiriksə, Ankarada edəcəyik, orda edə bilməsək Tiflisdə edəcəyik. Fevral ayından artıq bizim mətbuat xidməti məlumatları yayır. Müavinlərdən birinin yazısı var idi, ancaq bir çox saytlardan bildirdilər ki, bu yazı çox sərtdir, verə bilmərik. Belə problemlərlə rastlaşırıq. Bəzən isə mətbuat baxır ki, onsuz da danışan adam azdır. Tanınmamış insanı danışdırmaqdansa, tanınanı danışdırıb, daha çox oxucu qazanım. Təəssüf ki, belə hallar var. Şəxsi mətbuat orqanımız olmadığı üçün hərəkatın piarını apara bilmirik.
Fikrimcə, liderlərin idarə etdiyi siyasi hərəkatlar hər zaman qalib gəlir. Fərdlərin idarə etdiyi deyil. Fərd varsa, siyasi hərəkat var, fərd yoxdursa, siyasi hərəkat yoxdur. Bu gün Azərbaycanda onlarla partiya saya bilərəm ki, fərdlər var, ama liderləri yoxdur. Nə yazıq ki, bəzən şərq insanı liderə görə hərəkatı tanıyır. Hər zaman onun tərəfdarı olmuşam ki, mən mətbuata daha az çıxım, dostlarımız daha çox çıxsın. Çalışırıq ki, bu ofisin əlimizdə olmasından istifadə edərək İdarə Heyətini daha çox tanıtdıraq. Çünki İdarə Heyətinin mətbuata çıxması və onların çıxışlarına qulaq asılması hərakata daha çox insanı cəlb edəcək.
- Ruslan bəy, niyə digər hərəkatlardan fərqli olaraq, sizdə başqanlıq sistemi oldu? Bunu İdarə Heyəti istədi?
- Bizdə qərarları İdarə Heyəti verir. Sədr hərəkatı cəmiyyətdə tanıdan birinci şəxsdir.Ama bunu da qəbul edək ki, bura Şərqdir, Qərb deyil. Bu gün Amerikada Respublikaçılar Partiyasının sədrinin kim olduğunu bilirsinizmi? Yaxud Avropada hansısa partiyanın sədrinin kim olduğunu bilirsinizmi? Sadəcə orda liderlər var. Bu gün Demokratlar Partiyasından 2-3 nəfər prezdentliyə namizəddir. Onlar səs almaq üçün bir-birlərini ştatlarda tənqid edirlər.Bizdə olsa, bilirsiz nə baş verər?Partiya parçalandı deyə mətbuatda manşet çıxacaqdı. Şərqdə liderə görə partiyaya gəlirlər. Türkiyəyə baxaq, bir zamanlar əsas partiya Ana Vətən Partiyası idi.Ama Turqut Ozal öldü, partiya zəiflədi. Demokrat Partiyası dünyada tanınırdı, ancaq Tansu Çiller getdi, partiya da zəiflədi. Bu partiyalar yenə var. Bir misal deyim, Bənazir Bhutto öləndə Pakistanda ekspertlər dedi ki, ora Talibanın olduğu bölgədi, niyə Bənazir Bhutto ora getdi? Amma Bənazir Bhutto o bölgəyə getməsəydi, müavinlərini göndərsəydi, heç kəs görüşə gəlməzdi. Çünki Şərq insanı liderə baxır. Təbii ki, partiya sədrini güclü göstərən onun yardımçılarıdır.Yardımçılar hərəsi bir sahə üzrə kömək edir. Bu yardımçılar öz sahələrinin uzmanı olmalıdır. Çünki mənim təhsilim iqtisadiyyatla bağlı deyil.İqtisadiyyatla bağlı bir açıqlama verəndə, ya yazı yazanda həmin sahə üzrə köməkçidən məsləhət alıram.Yoxsa bəzi partiyaların rəhbəri kimi hərşeyşünas olmamalısan.Liderin əsas işi odur ki, hərəkatın ideyasını cəmiyyətdə yaxşı tanıtsın. Mən düşünürəm ki, biz bunu edə bildik.
- Seyfəddin bəyi xarici əlaqələr üzrə müavin təyin etdiniz. Bildiyimizə görə, Seyfəddin bəyin partiya mənsubiyyəti var. Bayaq qeyd etdiz ki, biz partiya üzvü olan şəxsləri üzvülüyə qəbul etmirik, tələblər qoymuşuq.Amma müavin vəzifəsinə gətirdiyiniz adamın partiya mənsubiyyəti var.
- Çox doğru bir yanaşmadır. Amma biz seçkidə və siyasətdə AKP ilə mübarizə aparmırıq.Biz Azərbaycan sərhədləri içərisində partiya üzvlüyü olan kimisə üzvlüyə qəbul etmirik. Amma bu gün Gürcüstanda, Avropada, Amerikada və Türkiyyədə ciddi kadrlar varsa, biz onları cəlb edərik.Azərbaycanda kadrlar çoxdur. Təəssüf ki, avtoritar bir sistem olduğu üçün gəlməyə qorxurlar. Amma dostumuz Azərbaycana gəldi və burdakı durumu gördü. Biz birlikdə bölgələrə də getdik. Dedi ki, "mən sizə yardım edə bilərəm. Mənim yardımım da budur ki, siyasi hərəkatın və Azərbaycandakı demokratiyanın durumunu bir növ beynəlxalq əlaqələr üzrə lobbiçiliyini qurum".Mən də razılaşdım.
- Lobbiçilikdən söz düşmüşkən, bilirsiz AKP-nin siyasi sferada, əsasən də müxalifət kəsimi arasında nüfuzu bizdə bir o qədər də yaxşı deyil. Niyə CHP-dən yox, AKP-dən özünüzə müavin gətirdiniz?
- Mənim CHP-də də, MHP və HDP-də də çox səmimi dostlarım var. Onlar bizə hər zaman dəstək olur.Biri lobbiçilikdə, biri maliyyə məsələlərində yardım edir. Bu gün orda kifayət qədər azərbaycanlı tələbə var ki, çətinlik çəkirlər. Bir xanım bizə məktub yazmışdı. İzmirdı oxuyur, imtahan nəticələrini mənə göndərib. Birinci yeri tutubş Amma oxuya bilmir. Çünki ölkədə devalvasiya olduğundan ailəsi pul göndərə bilmir. Mən dostlardan xahiş etdim ki, ona təqaüd verilməsinə və dövlət yataqxanasına yerləşdirilməsinə yardım etsinlər. Onlar bu problemi həll etdilər. Mənim üçün önəmli olan kimin hansı partiyanın üzvü olması deyil. Mənim üçün əsas odur ki, kim Azərbaycana necə dəstək ola bilər.
Mən digər siyasi partiyalar kimi Azərbaycandakı çirkablıqdan qurtulmamış Ərdoğanı, Putini və kimisə tənqid edəcək adam deyiləm. Təbii ki, bizim Rusiyaya mövqeyimiz bəllidir.İran siyasi sisteminə qarşı mövqeyimiz bəllidir.
Amma biz bu gün Azərbaycanda normal seçki keçirə bilmirik. Mən sosial şəbəkələrdəki statusumda da yazmışdım ki, bu gün Amerikada prezidentliyə namizədlər artıq yaşıllıqları necə qoruyacaqlarını, heyvanlara hansı haqları verəcəklərini müzakirə edirlər. Biz isə XXI əsrdə hələ normal seçkidən, demokratiyadan, insanların sərbəst fikirinə görə həbs olunmamasından danışırıq.Görün biz hardayıq?Biz bundan çıxmağın yollarını axtarmalıyıq. Yoxsa mən vaxtımı itirib, Ərdoğanı tənqid edim, o birsi gün başqasını tənqid edim, bəs Azərbaycan? Tənqid etdiyimiz ölkələr həm korrupsiyaya, həm demokratiyanın durumuna, mətbuat azadlığına görə bizdən öndədirlər. Sizə "Freedom House"nin xəritəsini göstərim. O xəritədə Türkiyə qismən azad olan ölkələr sırasına düşür. Azərbaycan isə azad olunmayan ölkələr sırasındadır.Monqolustan azad ölkələr sırasındadır.Görün biz hardayıq? Biz artıq Afrika ölkələri ilə eyni sıradayıq.
- Bu xəritə ilə bağlı mətbuatda belə bir açıqlamalar getdi ki, o hesabatda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib...
- Tam səmimi deyim ki, biz görüşdən çıxandan sonra bu xəritəyə baxdım. Çünki Azərbaycanın durumu mənə bəlli idi, deyə xəritəyə baxmadım.Ama mənim düşüncəm budur ki, hər hansı beynəlxalq təşkilat Amerikada Qarabağı Ermənistan torpağı kimi qələmə verirsə, birincisi buna qarşıyam, doğru bir addım deyil, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. İkincisi, bu gün Amerikada Ermənistan əsilli kifayət qədər iş adamı var. Bu adamların hətta konqresmenlərə və mətbuata təsir etmək gücləri var. Dünyada siyasət lobiçilik üzərində qurulur.Kim güclü lobbi qura bilirsə, o qazanır. Təəssüf ki, Azərbaycan lobbiçilik edə bilmir. Amerikadakı səfirimiz otağından çölə çıxmır. Nyu Yorkda, Vaşinqtonda görüşdüyüm azərbaycanlılar deyir ki, səfirimizi yalnız Novruz bayramında, yeyib-içmək məclisində görürük. Ama digər ölkələrin səfirlikləri çox ciddi lobbiçilik qururlar. Dünyanın ən məşhur mətbuat orqanları olan "Vaşinqton Post", "Nyu York Times"dir. Onlar bu mətbuat orqanları ilə işləyirlər, konqresmenlərlə işləyirlər. Biz nə edirik? Xocalı və Qarabağa aid tədbirlərimizi və lobbiçiliyimizi türk əsilli vətəndaşlar edir.Azərbaycanlılar heç nə etmir.Yalnız burdan bir neçə nəfər gedib orda hər hansı bir küçədə aksiya keçirir və ya kiminsə toplantısına qatılıb şəkil çəkib göndərir ki, mən bunu etdim."Freedom House" bunu edibsə, bu bizim günahımızdır. Biz problemlərimizi çatdıra bilməmişik. Diaspora komitəsinin rəhbəri hansısa ölkədə torpaq alıb, heykəl qoymamalıdır. Onun işi lobbiçilik qurmaqdır. Bu gün o xəritədə elə olub, sabah da başqa təşkilatlar da elə edəcək. Biz kiminsə üzərinə getməkdənsə, harda səhv etmişik, onu düzəltməliyik. Azərbaycan diasporasının bu günə düşməsinin xalq olaraq acısını yaşıyırıq.
- Azərbaycandakı digər siyasi partiyalar və təşkilatlarla münasibətləriniz necədir?
- Biz prinsipial mövqeyi, aydın siyası baxışları olan partiyalarla dostuq. Hakimiyyətə yaxın partiyalar var ki, sədrlərilə çox yaxın dostam. Hətta Milli Məclisdə elə partiya sədrləri var ki, çox yaxşı münasibətlərimiz var. Mən dostlarımı və münasibət qurduğum insanları siyasi kimliyinə görə seçmirəm.Amma siyasətə gəldikdə, bizim hər biri ilə münasibətimiz var. Bir çox partiyalar bizə birlik, birləşmək təklif ediblər.Ancaq düşünürük ki, bu hələ doğru deyil.Bəlkə onlarla bir yerdə olsaq, daha yaxşıdır. Amma İdarə Heyətimizin qərarı ilə bu hələ doğru deyil. Çünki bu gün hansısa hərəkat və siyasi partiya öndə ola bilər. Amma siyasətdə ulduz olmaq önəmli deyil. Önəmlisi bunu arxasını gətirə biləcəksənmi, hara qədər gedəcək? Qarşıdan Cumhuriyyətin 100 illiyi gəlir.Biz buna çox ciddi hazırlaşırıq. Bu yöndə böyük bir konfransımız olacaq. Ora bir çox partiya liderlərini dəvət edəcəyik. Həmin tədbirdə kimlərlə münasibətdə maraqlıyıq mövqeyimizi ortaya qoymaq fikrindəyik.1-2 nəfər var ki, onu dəstəkləyə bilərik. Bunu da orda açıqlayıb bildirəcəyik. Bizim üçün ölkənin dəyişməsi və Cumhuriyyətin bərpa olunması önəmlidir. Amma digər siyasi partiyalar kimi də kim gəlir gəlsin, bu getsin fikrindən uzağıq. Mənim üçün gələn şəxsin prinsipi, baxış bucaqları çox önəmlidir və ideologiyamızın yaxın olması əsasdır. 2018-ci ilin ilk dönəmindən etibarən biz ona dəstək bəyanatımızı yayacağıq.
- D18 ideoloji bir hərəkatdırmı?
- Biz tək siyasi hərəkatıq, ideologiyadan imtina etmişik. Avtoritar rejimlərə qarşı mübarizədə ideologiyadan istifadə etmək mümkün deyil.Avtoritar ölkələrdə mətbuat və televiziya qapalı olur. Məsələn, siz millətçisiniz. Millətçi ideologiyasının iqtisadiyyata, xarici və daxili siyasətə baxışını xalqa çatdırmalısan ki, xalq gəlib sənə qoşulsun. Televiziyaya çıxmağımız, universitetə girməyəmiz, rayonlarda mitinq etməyəmiz, istədiyimiz vaxt buklet paylamağımız mümkün deyil. Bu halda mən necə bir ideoloji seçib edib, bunu xalqa tanıda bilərəm? Biz deyirik ki, bir araya gəlib mübarizə aparaq, ölkəni avtoritarizmdən demokratik idarəçiliyə keçirək. Ondan sonra xalq kimə istəsə.səs verəcək. Kimi istəsə, hakimiyyətə gətirəcək. Xalq bu gün apolitikdirsə və ölkədə nə baş verdiyindən xəbərdar deyilsə, Mozanbikdə zəlzələdən 100 adam öldüyünü bilir. Ancaq bir il ərzində "dedovşina"dan Azərbaycanda 70-90 nəfərin öldüyünü bilmirsə, hansı demokratiyadan danışmaq mümkündür? Biz dünyəvi dövlətin tərəfindəyik. Parlamentli Respublikanın tərəfindəyik. Fikirlərimiz Azərbaycan Xalq Cumhuriyyətini fikirlərinə uyğundur.Bizim bir üzvümüz ateistdir, digər üzvümüz dindardır. Çalışırıq ki, hər kəs üçün bu ofisdə rahatlıq yaradaq.Yəni bir millətçi bir solçunun üzərinə getməməlidir. Mübahisə edə bilərlər, amma bir-birlərini təhqir etməməlidir. Bir-birlərindən rahatsız olmamlıdılar. Bu mühiti yaratmağa çalışırıq və çətin də ,olsa yaradırıq.
- Birinci və ikinci devalvasiya ilə bağlı bir çox siyasi hərəkat paket hazırladı. Böhrandan çıxış yolu göstərdilər və hakimiyyətə təqdim etdilər. D18 hərəkatı olaraq siz bununla bağlı bir iclas keçirdinizmi, böhrandan çıxmaq üçün nə etmək olar deyə...
- İqtisadi problemlər və böhrandan çıxış yolu ilə bağlı dəyrimi masa keçirib, ölkənin tanınmış iqtisadçılarını dəvət etmək istəyirdik ki, onların da fikirlərini cəmiyyətə çatdıraq.Təəssüf ki, yer problemi var idi. Qərərgah da o səviyyədə deyil ki, daha böyük bir tədbir keçirək. Amma sonuncu dəfə "Amerikanın səsi"nə müsahibəmdə demişdim ki, monopoliya yaradan, rüşvətə bulaşan məmurla heç zaman islahat olmaz. Gənc, təmiz, çirkaba bulaşmamış şəxslərlə islahat edilir. Bu gün Azərbaycanda elə nazirlər var ki, onlar bir neçə holdinqin rəhbəridir. Onlar necə monopoliyanın qarşısını ala bilər? Bir neçə məmur var ki, gömrükdəki monopoliyadan qazanır, o necə monopoliyanın qarşısını ala bilər? İqtisadi böhrandan çıxmaq üçün monopoliyanı, rüşvəti aradan qaldırmalısan. Kiçik və orta sahibkarlığın ayaqda qalması üçün rüşvət alınmamalıdır və onlara şərait yaradılmalıdır.
P.S Müsahibənin birinci hissəsini burdan oxuya bilərsiniz (http://qaynar.info/xeber-ruslan-zztli-quotbizim-frqimiz-hdfi-duzgun-muyyn-etmyimizdirquot-t72088.html)
Elkin Xəlilov
Qafqaz Ocaqverdiyev
Qaynar.info