Xəbər lenti

Ruslar Duma seçkilərinə necə hazırlaşır?..
Siyasət05:31 19.03.2021

Ruslar Duma seçkilərinə necə hazırlaşır?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şüur və ya dünyagörüşü mövcud reallıqlardan asılıdır – yaxşı xatırlayırıq ki, bir vaxtlar nəinki marksist filosoflar, hətta qeyri-marksistlər də belə yazırdılar.
Bəlkə də bu səbəbdəndir ki, Rusiyanın KİV-ləri qarşıdan gələn Duma seçkiləri haqda çox az yazır, təhlilçilər bu haqda tənbəl-tənbəl mülahizə yürürdür, əksər halda isə susurlar.
Bəli, Rusiyanın siyasi tarixi parlamentarizm ənənələrilə o qədər də zəngin deyil. Məsələn, qoca, monarxist İngiltərədən fərqli olaraq bu ölkədə ilk parlament ötən əsrin əvvəllərində yarandı, özü də müəyyən fasilələrlə - məsələ bundadır ki, ilk Dumalar bir qayda olaraq öz müddətlərini başa vurmurdular, kiçik fikir ayrılığı yaranan kimi çar onları buraxırdı.
Ötən əsrin sonundaca, bəlli yenidənqurma vaxtı da rusların parlamentarizm sarıdan bəxtləri elə də gətirmədi. İlk plüralist parlement – Ali Sovet prezident Boris Yeltsin tərəfindən elə çar Nikolay Romanov Dumanı qovan kimi qovuldu.
Sonra yeni ikipalatalı Rusiya parlamenti – Federal Məclis və Dövlət Düması fəaliyyətə başladı. Nə qədər qəribə olsa da, bu çətin illərdə o, daha çox Vladimir Jirinovski və onun LDP-sı ilə yadda qaldı və Dumaya "plüralist” məzmun verən təlxək Jirinovski oldu. Amma burada təkcə hakimiyyəti qınamaq düzgün olmazdı, çünki filosfların belə deyimi var ki, hər bir xalq öz hakimiyyətinə layiqdir. Parlament də hakimiyyətin üç qanadından biridir və o da Rusiya siyasi gerçəkliyinin aynasıdır –bu xalq hakimiyyəti həmişə yuxarıda, öz başı üzərində görməyə alışıb.
Bəlkə də məhz bu səbəbdən çar Rusiyasında Avropa ölkələrindən fərqli olaraq parlamentarizm ənənələri olmamışdı, hərçənd, rus çarları həmin Avropa xalqlarına özlərini mütərəqqi monarxlar kimi göstərmək üçün az qala dəridən–qabıqdan çıxırdılar. 
Rus çarı Aleksandr özü də bilmirdi ki, o, məğlub olmuş fransızların konstitusiyasını saxlayacağına söz verməklə öz xalqının hərbi elitasını əməlli–başlı təhqir etmişdi və bunun da nəticəsi bəlli Dekabrist üsyanı oldu.
O ki qaldı sovetlərin vaxtına, o dövrdə parlamentə "burjua boşboğazxanası” deyir və ələ salırdılar. Üstəlik, zərrə qədər də fərqinə varmadan, özlərinin yaratdıqları sovetlərə heç bir alternativ olmadan "seçkilər” keçirir və bütün qərarları da "yekdilliklə” qəbul edirdilər. 
Odur ki, qarşıdan gələn Duma seçkiləri haqda deyiləsi tutarlı bir söz yoxdur. Hələlik yalnız onu demək olar ki, seçkilərə "hazırlığın” yalnız və yalnız bir əlaməti var – bu da Aleksey Navalnının həbsidir. Bəlkə də bu adam rusların kütləşmiş siyasi ehtiraslarını təzədən oyada bilərdi, gəl, prezident Putin və tərəfdarları belə hesab etdilər ki, əgər ölkənin yeganə və real müxalifətinin lideri daha bir "tarixi seçkini” dəmirbarmaqlıqların arxasından izləsə, daha yaxşı olar.
Amma belə bir çox məşhur rus deyimi də var ki, müqəddəs yer qətiyyən boş qalmır. Rusiya KİV-ləri belə xəbər verir ki, guya Mixail Xodorkovskinin adamları Aleksey Navalnının elektoral resurslarına maraq göstərir və onun adamları ilə kontakt arayırlar. 
Amma müxalifət seçki koalisiyası yaratmaq üçün hər hansı nəzərəçarpacaq cəhddə bulunmur. Özümüzün Azərbaycan təcrübəmizdən xatırlayırıq ki, "demokratik müxalifət” otuz il "birləşməyə” can atdı, müxtəlif "koalisiya”lar yaratdı, amma əsasən boş və mənasız siyasi kombinatorika ilə məşğul oldu, çünki onun yaratdığı formatların əsasını demək olar ki, eyni partiyalar təşkil edirdi.
Eyni sözləri Rusiya müxalifəti haqqında da demək mümkündür. Seçicinin sənə səs verməsi üçün özünü onun yadına salmalısan. Bəs Rusiyada nə baş verir? Real siyasi etiraz müstəvisində yalnız Navalnı və tərəfdarları var. Rusiya siyasi elitasının bir hissəsini "qoca”lar, yəni siyasətə doxsanıncı illərdə gələnlər təşkil edir. Onlar artıq bir siyasi yükə çevriliblər. Qeyd edək ki, bu, təkcə Rusiyada baş vermir, bir sıra post-sovet ölkələrində də siyasi spektr durğun və statik hala gəlib. Bunu ona bənzətmək olar ki, teatrda gənclər olmadığından onların da rolunu qocalar oynayır. Amma burada bir məsələ var. Qrim insanların yalnız xaricini dəyişə bilir...
Hüseynbala Səlimov