Hüseynbala Səlimov
Ruslar nəinki Türkiyə ilə
müharibəni istəmirlər, hətta bu işi yerinə yetirəcək qoşun bölmələrini (Cənub-şərqi
hərbi dairə!) də göstərirlər – bəli, bu haqda aparıcı Rusiya qəzetlərindən
birinin saytında oxuyandan sonra məndə zərrə qədər şübhə qalmadı ki, ermənilərin
son təxribatlarının da arxasında Rusiyanın müəyyən dairələri dayanır.
Qeyd edək ki, oxşar qənaətlərə
yalnız son aylarda Rusiyanın hava nəqliyyatı ilə İrəvana silah-sursat
daşınması, Moskvanın siyasətçilərinin və diplomatlarının müəmmalı sükutu kimi
hamıya məlum faktlar sövq etmir – yox, buna rus qəzetlərində bir sıra məqalələri
oxuyandan sonra da gəlmək olar, ona görə ki, bu ölkənin nəşrləri, xüsusən də mətbuatı
hələ də Vladmir İliç Lenin yoldaşın dediyi kimi, "kollektiş təşkilatçı və təbliğatçı”
funksiyasını yerinə yetirir.
Hörmətli oxucu, güman ki,
ötən həftənin sonunda oxuduğum bir məqalədən kiçik bir sitatı gətirsəm, elə Siz
də dərhal mənə inanarsınız:
"...Azərbaycan düşmən
dövlət deyil, amma onu müttəfiq adlandırmaq da olmur...”
Etiraf edirəm ki, başqa
bir vaxt bu detala bəlkə də məhəl belə qoymazdım, amma dəfələrlə qeyd etdiyimiz
ki, hazırda Bakı ilə İrəvan arasındakı münasibətlər və durum hər bir an
partlamağa hazır olan barıt çəlləyini andırır.
Təəccüblüsü də budur ki,
Moskva bu durumu mülayim hala gətirmək, yumşaltmaq üçün daim öyündüyü təsir
rıçaqlarının heç birini hərəkətə gətirmir, halbuki o bir anın içində ermənilərin
azğınlığına son qoya bilər.
Xatırladaq ki, ötən həftə
Avropa İttifaqının Cənubi Qafqaz üzrə təmsilçisi Toyvo Klaarı qəbul edərkən Azərbaycan
prezidenti İlham Əliyev Minsk Qrupunun həmsədrlərinin ünvanına çox kəskin və tənqidi
fikirlər səsləndirdi, onların bəyanatlarını "ünvansız” adlandırdı. Üstəgəl,
prezident İlham Əliyev qeyd etdi ki, təkcə bəyanatlarla heç nəyi həll etmək
mümkün deyil, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır, əks
təqdirdə bəyanatlar da TŞ–nin dörd qətnaməsi kimi kağız üzərində qalacaqdır.
Düşünürük ki, bu sözlər həm
də Rusiyaya aid idi, hansı ki, sadəcə üç həmsədrdən biri deyil, yox, Moskva Cənubi
Qafqaz regionunu da özünün maraq və nüfuz sferalarından biri adlandırır və daim
qeyd edir ki, coğrafi və tarixi amillər sayəsində onun Cənubi Qafqaz ölkələrinə
də təsiri Minsk Qrupunun digər üzvlərinin, hətta həmsədrlərinin təsirindən daha
böyükdür.
Bu, elə həqiqətən də belədir,
amma bir ciddi düzəlişlə - ikinci belə bir ölkə də var və o Türkiyədir,
hansının ki, nəinki Bakıya böyük təsiri var, həm də Dağlıq Qarabağ və yaxud Azərbaycan-Ermənistan
münaqişəsinə bilavasitə dəxli var, çünki Ankaranın razılığı olmadan regionun nəqliyyat–kommunikasiya
sistemini açmaq, onun, necə deyərlər, tam de-blokadasını təmin etmək qəti mümkün
deyil.
Ona görə də Moskva və
Ankara öz aralarında savaş açmaq haqqında yox, Cənubi Qafqazın problemlərini
birgə həll etmək barədə düşünməli və öz səylərini əlaqələndirməlidirlər.
Düşünürük ki, Türkiyə Gürcüstanla Rusiya arasında da vasitəçi ola bilər, təkcə
ona görə yox ki, gürcülərin bir hissəsi İslama etiqad edir və ya ona görə yox
ki, Türkiyədə ta qədimlərdən böyük gürcü icması yaşayır, həm də ona görə ki, Gürcüstan
Türkiyəyə böyük hörmətlə yanaşır – o səbəbdən ki, Tiflısin çətin vaxtında
Ankara daim onun yanında olub.
Amma çox təəsssüf ki,
rusiyalı politoloqların bir hissəsi Türkiyəni və türkləri əbədi düşmən hesab
edir və belə faktı unudurlar ki, hazırda post-sovet türk ölkələri olmadan
Rusiyanın geosiyasi konfiqurasiyaları bircə günün içində çökər, onun MDB-si,
KTMT-si, Avrasiya İttifaqı, Gömrük Birliyi kimi təsisatları tamam-kamal mənasızlaşar.
Amma nədənsə təkcə
jurnalistlər deyil, çox şeydən xəbərdar olan rusiyalı politoloqlar belə daim
bunu "unudur”. Üstəlik, tək insanların məişətində deyil, hətta böyük siyasətdə əbədi
düşmənlər olmur. Bəli, vaxtilə Rusiya ilə Türkiyə çox vuruşublar (daha doğrusu,
Osmanlı və Rusiya imperiyaları!). Amma bu, bizə əsas vermir ki, keçmişi gələcəyə
ekstrapolyasiya edək. İngilislər nahaq yerə demir: onların ölkəsinin əbədi
dostları və düşmənləri yox, əbədi maraqları var.
İki Dünya müharibəsi
zamanı almanlar bütün avropalı xalqlarla vuruşublar, amma indi onların hamısı
ilə dostluq və əməkdaşlıq edirlər. Ona görə də Rusiya və Türkiyə də daha çox
birləşdirici məqamları önə çəkməlidirlər. Onlar isə təkcə geosiyasi və
geoiqtisadi layihələrdə özünü biruzə vermir: Rusiya Federasiyanın tərkibində belə
bir xeyli türk subyekti var, bu ölkənin əhalisinin on faizini müsəlmanlar təşkil
edir! Məgər bunlar bizi birləşdirmək gücündə deyilmi?..
Şərhlər