
Yazıçı və kino xadimi, Demokratik Qüvvələrin Milli Şurasının yaradılmasının ideya müəllifi olan Rüstəm İbrahimbəyov ABŞ və Avropaya səfərə çıxır.
İyunun 6-da Moskvadan “Media forum” saytına açıqlama verən yazıçı deyib ki, səfəri iyunun 8-də başlayacaq: “İyunun 7-də Milli Şura təsis olunur. Təsis toplantısının nəticələrini gözləyirəm. Ayın 8-də ABŞ və Avropaya yola düşürəm. Səfərin məqsədi Azərbaycandakı vəziyyəti, qarşıdan gələn prezident seçkisini və Milli Şuranın planlarını, gələcək fəaliyyətini müzakirə etməkdir. Keçirəcəyim görüşlərdə Milli Şuranı təqdim edəcəm, bu mühüm hadisə haqda məlumat verəcəm. Azad və demokratik dünyanın Milli Şuranın yaradılması kimi mühüm hadisədən məlumatı olmalıdır”.
Rüstəm İbrahimbəyov kimlərlə görüşəcəyini açıqlamayıb: “Mühüm görüşlər olacaq. Görüşəcəyim şəxslər orada olanda müəyyənləşəcək”.
Yazıçı qeyd edib ki, Milli Şuranın təsis toplantısı yüksək səviyyədə və uğurlu keçəcək: “Çünki danışıqlar uğurla gedib. İştirakçılar Milli Şuranın yaradılmasına böyük həvəs və inamla yanaşıblar. Baxmayaraq ki, bir neçə nəfər orada təmsil olunmaqdan imtina edib. Onlar bununla bağlı mövqelərini iyunun 5-də açıqlayıblar və bu, gözlənilməz oldu. Pənah Hüseyn, Rauf Arifoğlu, Arif Hacılı, İlqar İbrahimoğlu Milli Şurada təmsil olunmayacaqlarını deyiblər. Baxmayaraq ki, bir neçə gün əvvəl buna razılıq vermişdilər.
Bütövlükdə prosesi müsbət qiymətləndirirəm və çox yüksək səviyyəli iş görülüb. Son 20 ildə Azərbaycanda belə geniş koalisiya olmayıb. Demək olar ki, bütün demokratik qüvvələr birləşir. Bu, tarixi hadisədir. Hazırda xalqın ümidləri və gələcəyə inamı Milli Şura ilə bağlıdır. Demokratik qüvvələrin birləşməsi nəticə verəcək”.
Azərbaycana nə vaxt qayıdacağına gəlincə, yazıçı deyib: “ABŞ-da on gün qalacam. İki gün isə Avropada olacam. İyunun 25-də Azərbaycana qayıtmağı nəzərdə tuturam. Bakıya gəlişim bir-iki gün tez və ya gec də ola bilər”.
Qaynar.info