"Vaxtında qayıtsaydı, çox az müddət həbsdə yatıb, çıxacaqdı, çünki Qərbdə islahatçı kimi tanınan keçmiş prezidenti Gürcüstanda heç bir hökumət uzun müddət içəridə saxlaya bilməz”.
Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin seçkiöncəsi ölkəsinə qayıdacağını bəyan etməsinə münasibət bildirərkən deyib. Politoloqun fikrincə, Saakaşvili çoxdan qayıtmalı idi:
"Amma indiyədək Gürcüstanda keçirilən hər seçkidən öncə Saakaşvilinin fəallaşması onun partiyasına və müxalifətə fayda verməyib, hətta onların əleyhinə işləyib. Çünki bu fəallaşma Saakaşvilinin düşmənlərinin və əleyhdarlarının "Gürcü Arzusu" ətrafında sıx mobilizasiyasına səbəb olur. Mahir siyasət mühəndisi İvanişvili də öz növbəsində mübarizənin ikili rəqabətə çevrilməsindən və seçicilərin iki alternativ arasından seçim etmək zorunda qalmasından maksimum yararlanır”.
Şahin Cəfərli bildirib ki, builki seçkilərin (31 oktyabr) digərlərindən fərqi odur ki, ABŞ və Avropa Birliyi İvanişvilini ciddi güzəştlərə məcbur etdilər:
"Seçkilər bu il də qarışıq sistemlə (77 deputat proporsional, 73-ü majoritar) keçiriləcəkdi, tam proporsional sistemə keçid 2024-cü ildən nəzərdə tutulmuşdu. Majoritar dairələrin çoxluğu hakim partiyaya ciddi üstünlük qazandırırdı, çünki yerlərdə adminresursu arxasına alan iqtidar namizədləri, yaxud böyük maddi imkanları, tayfası olan, hökumətə yaxın güclü adamlar asanlıqla qələbə qazanırdı. Lakin ABŞ və Avropa Birliyinin təzyiqi ilə seçki sistemi dəyişdirildi. (ABŞ İvanişvilinin getməsini istəyir.) Bu il 120 deputat proporsional, 30-u birmandatlı dairələrdən seçiləcək. Digər dəyişiklik ondan ibarətdir ki, 40%-dən çox səs ala bilməyən partiya təkbaşına hökumət qura bilməz. Bu dəyişikliklər müxalifətə ciddi imkanlar açır. Onların başlıca vəzifəsi odur ki, "Gürcü Arzusu" seçkidə birinci olsa belə, 40%-dən çox səs almasın və yerlərin yarısından çoxunu (76 mandat) qazana bilməsin. Amma bir tərəfdən müxalifətin dağınıq vəziyyəti və indidən ölməmiş ayının dərisini bölmək uğrunda öz içərisində mübarizəyə başlaması, digər yandan isə "Gürcü Arzusu"nun mütəşəkkilliyi, koronavirus böhranını uğurla idarə etməsi onun seçki kampaniyasına əsas favorit kimi rahat girməsinə səbəb olub. Seçicilər axmaq deyil, düşünürlər ki, müxalifət indidən bir-biri ilə qırğına çıxıb, əgər "Gürcü Arzusu" azlığa düşsə və müxalifət partiyaları koalisiya hökuməti formalaşdırmalı olsalar, onda bunlar necə razılığa gələcəklər? Razılığa gəlsələr belə, hökumətdə birlikdə, məhsuldar işləyə biləcəklərmi? "Gürcü Arzusu"nun bu dəfə də birinci olacağına heç kimin şübhəsi yoxdur. Əsas sual budur ki, hakim partiya 40%-dən artıq səs toplayıb, azı 76 mandat qazana biləcək, ya yox?..”
Bahar Rüstəmli