Siyasət 18:20 15.07.2022

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər.

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Prezident qeyd edib:

"Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın".

Prezident bildirib ki, Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın ikinci görüşü gələn ay keçiriləcək.

"Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik", - dövlət başçısı vurğulayıb.