Niderland kubokunda üz-üzə gələn "Ayaks"la "Feyenord"un qarşılaşması qalmaqalla yadda qalıb.
Qaynarinfo-nun məlumatına görə gərgin keçən oyuna Duşan Tadiçlə Türkiyə millisinin üzvü Orkun Kökçü arasında mübahisə damğa vurub.
61-ci dəqiqədə "Feyenord"un və Türkiyə millisinin üzvü Kökçüyə qarşı sərt hərəkət edən Tadiç onu yerə yıxıb. Ayağa qalxan futbolçu da cavab olaraq rəqibin üzərinə yeriyib. Qalmaqalın böyüməsinə səbəb isə Tadiçin hərəkəti olub. Belə ki, əvvəlcə ağzını, daha sonra əli ilə otu göstərən serbiyalı matçın ilk hissələrində iftar etmiş Orkun Kökçünü ələ salıb. Onun bu hərəkətindən sonra komanda yoldaşları çox əsəbiləşən Kökçünü sakitləşdirməkdə çətinlik çəkib.
Futbolçular arasındakı bu gərginliyin oyundan əvvəl başladığı bildirilir. Kökçü Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün üzərində türk bayrağı olan sarğı taxmaqdan imtina edən serb futbolçunun əlini sıxmayıb.
Orkun Kökçü 2021-ci ildə "Sabah"ın heyətində forma geyinmiş Ozan Can Kökçünün qardaşıdır.
Görüş "Ayaks"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Səbuhi Həsənov