Bu mövsüm "Sabah”ın bütün rəqiblərinə, hətta "Qarabağ”a "diş göstərməsi” diqqətdən qaça bilməzdi. Mövsümə yaxşı başlayan komanda hazırda 13 xalla üçüncü pillədə qərarlaşıb və cəmi bir neçə turdan sonra rəqibləri hesablaşmağa məcbur edib. Hətta Premyer Liqada "Qarabağ”dan sonra çempionluğa əsas namizədlərdən sayılır. Təbii, komandanın belə nəticələr göstərməsində ayrı-ayrı futbolçuların da əməyi danılmazdır ki, bunlardan biri də nigeriyalı Emmanuel Apehdir. Artıq hesabında 2 qolu olan hücumçu "Qarabağ”ın da qapısına yol tapmağı bacarıb. Bu səbəbdən onunla söhbətləşməyi qərara aldıq.
Qaynarinfo-nun suallarını cavablandıran futbolçu "Qarabağ”la oyunda baş verənlərlə yanaşı, futbolumuzun səviyyəsi, ölkəmizdə nəyi bəyəndiyini də söylədi.
- Son ölkə çempionuna 3 qol vurmağı hər komanda bacarmır. Nəticə sizi nəyəsə ümidləndirdi?
- Düzdür, məğlub olduq. Lakin qeyd etməliyəm ki, liqanın ən yaxşı komandasına qarşı oynadıq. Güclü rəqibə qarşı bir hissə azlıqda oynamaq asan deyildi. "Qarabağ” kimi komandaya qarşı yaxşı mübarizə apardıq. Fikrimcə, məğlubiyyətə layiq deyildik. Düşünürəm ki, matçın ədalətli nəticəsi heç-heçə idi.
- Hakimin qərarları sizdə Azərbaycanda hakimliyin səviyyəsi ilə bağlı hansı fikirləri formalaşdırdı?
- Məncə, hakimlər oyunu daha yaxşı idarə edə bilərdilər. Lakin bu futboldur. Ən yaxşı liqalarda da bəzən belə hallar yaşanır.
- Bu səhvlər sizi həvəsdən salmır ki?
- Biz peşəkar futbolçularıq. Ona görə də, səhvlərin futbolun bir hissəsi olduğunu yaxşı başa düşürük. Həvəsdən düşməkdən söhbət gedə bilməz.
- Əcnəbi futbolçu kimi Azərbaycan Premyer Liqası haqda təəssüratlarınız necədir?
- Fikrimcə, çempionatın səviyyəsi yaxşıdı və irəlidə daha da yaxşı olacaq.
- Bura gəlməmişdən əvvəl Azərbaycan haqda məlumatınız vardı? Ölkəmizi necə tanıyırsınız?
- Düzü, ölkə haqqında elə də çox məlumatım yox idi. Lakin "Sabah"dan təklif gəldikdən sonra əvvəllər burda olmuş insanlardan soruşdum. Onlar mənə Azərbaycan barədə yaxşı şeylər dedilər. Bura gəldikdən sonra deyilənlərin doğru olduğunu gördüm.
- Azərbaycanda ən çox nəyi bəyənirsiniz? Düşünürsüz ki, burada həyat şəraiti Nigeriyadakından daha yaxşıdır?
- Düzü, mən yeməkləri daha çox bəyənirəm. Ancaq şəhər də çox gözəldir.
- Nigeriya ilə Azərbaycan futbolu arasında hansı fərqlər var?
- Heç vaxt Nigeriyada oynamadığım üçün bu iki ölkə futbolu arasında müqayisə apara bilməyəcəm.
- Biri "Qarabağ"ın qapısına olmaqla artıq 2 qol vurmusunuz. Ümumiyyətlə, bu mövsüm neçə qol vurmağı hədəfləmisiniz?
- Əsas hədəfim komandama faydalı olmaqdır. İnanıram ki, gələcəkdə öz oyunumla komandama daha çox fayda verə biləcəyəm.
Səbuhi Həsənov