İdman 09:30 14.07.2022

Sabiq referi: “Əlimdə siyahı var - 182 hakimdən indi cəmi 2-3 nəfər qalıb”

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik vəzifəsindən göndəriləndən sonra hazırda bu post boş qalıb. Həmin vəzifəyə əcnəbi, yoxsa yerli kadrların təyin olunması isə müzakirə mövzusudur. Əksəriyyət yerli kadrın gətirilməsinin tərəfdarı olsa da, yartımaz Ştuxlikin əvəzinə başqa bir əcnəbinin də gətiriləcəyi istisna edilmirdi. Əslində, Hakimlər Komitəsinin sədri vəzifəsində çalışmaq istəyən və bunu bacaracaq yerli kadrlar çoxdur. Onlardan biri də keçmiş hakim Zahid Musayevdir. Hansı ki, bir müddət öncə sosial şəbəkə səhifəsində özünü bu posta təklif etmiş və Azərbaycanda hakimliyə xidmət göstərmək istədiyini bildirmişdi. Bu səbəbdən onun fikirlərini də öyrəndik. 

Musayev Qaynarinfo-ya müsahibəsində həm bu addımının səbəbindən, həm də Azərbaycanda futbol hakimliyinin durumu ilə bağlı düşüncələrini bölüşdü:

- Bir müddət öncə özünüzü Hakimlər Komitəsinin sədri vəzifəsinə təklif etmişdiniz. Necə oldu belə bir fikrə düşdünüz?

- Son illər Hakimlər Komitəsində görülən işlər ürəyimcə olmadı. Hər hansı hakimin yetişməsi üçün illər sərf olunur, hakimlərin təlim-məşq toplanışlarına sərmayə yatırılır. Ancaq kimsə gəlir, 3-5 ilin əziyyətini heç edir. Belədə məcbur olub hər şeyə sıfırdan başlayırlar. Bir ağac boy veribsə, bunu inkişaf etdirmək lazımdır. Hər yeni gələn sədr öz məqsədinə görə yerdə qalan hakimləri məhv edə bilməz axı. Onun buna ixtiyarı yoxdur. Çünki hakimlərin yetişməsi üçün müəyyən xərclər çəkilir, oyunlar idarə edirlər, praktika qazanırlar. Bir uşaq futbola gedirsə, onun peşəkar səviyyəyə çatması üçün uzun illər lazım olur. Hakimlik də belədir. Uşaq futbolundan başlayır və peşəkarlığa qədər gəlir. Orada da kiminsə maraqlarına xidmət etmir deyə, müəyyən problemlərlə qarşılaşmağa başlayır. Nəticədə inciyir, küsür və hakimlikdən uzaqlaşır. Hansı ki, o da bir ailə başçısıdır, dolanmalıdır. Mənim də belə fikrə düşməyimin səbəbi budur. Hakimlərimizin arxası, dayağı olmalıdır. Onların inkişafına şərait yaradılmalıdır. Hər dəfə təzyiq altında qala bilməz axı.

- Azərbaycanda Hakimlər Komitəsinin sədri olmaq elə də asan deyil. İstər mətbuat, istərsə də futbol ictimaiyyəti tərəfindən ən çox tənqidlərə məruz qalan şəxslərdən biri olur. Bunu Xaqani Məmmədovun və Fritz Ştuxlikin dönəmində də görürdünüz. Bu mənada belə böyük məsuliyyəti üzərinizə götürməyə hazır idiniz?

- Bəli, bu məsuliyyətin altına hər an girməyə, onun yükünü çəkməyə hazıram. Çünki sıfırdan başlamışam, 20 illik karyeram var. Mən hakimlik etdiyim dönəmdə bir çox adamlar vardı ki, futboldan hakimliyə gəlmişdi. Hər birinin də dayağı oldu. Hər dəfə yeni sədr təyin olunanda onlar "sınıdırılacaqsa”, belə olmaz. Kimsə hakimlərimizə sahib çıxmalıdır. Futbolçu qol vura bilmir, günahı hakimlərdə görürlər. 300-400 min pul xərclənir onlara. Qol vura bilmirsə, hakim neyləsin? Oyunçu qaydanı pozur, sarı və ya qırmızı vərəqə görür, yenə günahkar hakim olur. Niyə? Bəs nə üçün futbolçudan qaydalara riayət etmək tələb olunmur? Hər şeyi hakimin üzərinə yıxmaq olmaz. Hakim oyuna nəzarət edən şəxsdir. Qaydalar çərçivəsində oyuna nəzarət edir, vəssalam, başqa bir funksiyası yoxdur. Hər şeyi onun üstünə yükləmək lazım deyil. 

- Azərbaycanda hakimliyin hazırkı durumu hansı səviyyədədir? Fritz Ştuxlik Azərbaycan hakimliyinə nə verdi? Ümumiyyətlə, nəsə verdi?

- Ötən mövsüm hakimlərin qüsurları, yaxşı idarə etdiyi oyunlar da oldu. Ştuxlik Xaqani Məmmədovdan sonra Azərbaycan futbol hakimliyinə heç nə vermədi. Açıq deyirəm, 2006-dan 2010-cu ilə qədər yetişən 182 hakimdən - siyahı məndə var - indi cəmi 2-3 nəfər qalıb. Onlar bu dövrdə Azərbaycanda uşaq futbolundan peşəkar futbola qədər bütün oyunları ürəyiniz istəyən səviyyədə idarə edəcək hakimlər idi. Hansı ki, ailələrini dolandırmağa, qarşılaşdıqları haqsızlıqlara görə hərəsi bir sahəni seçdilər və hakimlikdən uzaqlaşdılar. Halbuki onların inkişafı üçün AFFA lazımi qədər maddi vəsait ayırmışdı. Hakimlər də yetişmişdi. Sadəcə, idarəçilik baxımından üzərlərinə məsuliyyət düşən insanlar bundan nəinki maksimum, heç minimum dərəcədə yararlana bilmədilər. Baxın, əsas hakimlərimiz ölkə çempionatından kənarda, avrokuboklarda, qrup mərhələsində oyun idarə etdilər? Etmədilər, amma buna layiq hakimlərimiz vardı, sadəcə, onlara dəstək lazım idi. Azərbaycanda etdikləri səhvlərə görə onları cəzalandırmaq olardı. Şəxsi ambisiyaları kənara qoyuram, söhbət ölkənin adından gedir. Kimlərin səhvi vardısa, ölkə daxilində cəzalandırmaq olardı. Amma Avropa səhnəsindən Azərbaycanı təmsil edən hakimləri uzaqlaşdırmaq olmaz. Hər il bir hakimi uzaqlaşdırırdılar. Hər komitə sədri seçiləndə kimlərisə uzaqlaşdıracaqlarsa, biz hansı inkişafdan danışırıq? Komitə həmin FİFA referilərinin arxasında dayanmalıdır. Niyə hakimlərimiz "İstedadlar qrupu”ndan o tərəfə keçə bilmir? Reklam edirlər, nəticə hanı? Bir-birimizi aldadırıq. Mən Rüstəm Rəhimovun tələbəsiyəm. O, yeganə korifeydir ki, SSRİ çempionatının ən güclü oyunlarını idarə edib. O vaxt Kiyevdə oyun idarə etmək nə demək idi? Mən də bu cür oyunları idarə etmiş hakimin tələbəsiyəm. Ümumilikdə götürəndə postsovet məkanında ən güclü futbol hakimliyi məktəblərindən biri məhz Azərbaycanda idi. Tofiq Bəhramov, Eldar Əzimzadə… Daha sonra korifey Rüstəm Rəhimov… Bu gün kimsə ona yaxınlaşıb məsləhət almaq istəmir. 

- Ştuxlik gələndən sonra öz kadrlarını Premyer Liqada oyun idarə etmək üçün göndərməyə başladı. Köhnələri, məsələn, Rəhim Həsənovu və bir neçə hakimi isə uzaqlaşdırdı. AFFA-nın hakimlərimizə belə münasibətini necə qiymətləndirirsiniz?
 


- Ştuxlikin milliyəti nədir? Onun bizə canı yanarmı? O, istəyərmi ki, hansısa hakimimiz Avropada öz sözünü desin? Çünki onlar həmişə özlərini bizdən üstün biliblər və lider kimi hiss edirlər. Mən şəxsən bunu qəbul etmirəm. Onlardan da savadlı, bilikli kadrlarımız var. Sadəcə, şans vermək lazımdır ki, sözlərini desinlər. Peşəkar, təcrübəli hakimləri də çempionatdan kənarlaşdırmaq olmazdı. Hakim harda yetişməlidir?

- Ancaq AFFA kənarda qalan hakimlərə ən azı fərqli işlər, tapşırqlar verə bilərdi. Bunu da etmədilər…

- AFFA Hakimlər Komitəsinin sədrinə şərait yaradır. Kiminsə uzaqlaşdırılması sırf komitə rəhbərinin işidir. Komitə rəhbəri Rəhimlə işləmək istəmir. Deməli, Rəhim onun maraqlarına cavab vermir. Çünki o, daha əvvəlki komitənin dönəmində yetişib. O, istəyər ki, özünün üzə çıxardığı istedadı irəli aparsın və işini göstərmək üçün AFFA-nın qarşısına çıxarsın. Nəticə etibarilə durum nə yerdədir? Biz hakimlik edəndə nə "vibrabayraq”, nə də mikrofon vardı. Diaqonal epizodları vizual olaraq götürürdük. İki köməkçi hakim ani anda bayraq qaldırırdı. Bayrağın səsindən bilirdik ki, köməkçi oyundankənar vəziyyəti, yan xəttən çıxan topu, yoxsa yaxınlıqda baş vermiş qayda pozuntusunu qeydə alıb. İndi texnologiya inkişaf edib, AFFA da hər cür şərait yaradıb, qulaqlıqlar, hər şey alınıb. Məsələn, əvvəlki illərdən fərqli olaraq, hakimlərin qaçışında "Ziqzaq”lar, sürətli yerişlər yoxdur. Yüngül qaçışlarla 90 dəqiqəni yola verirlər. Çox rahatlıqla qayda pozuntusu haqda məlumatları bir-birilərinə ötürürlər. Məsuliyyət hər kəsin öz üzərində olmalıdır. AFFA kənarda qalan hakimləri bu gün də dəvət edib, iş tapşıra bilər. Heç vaxt gec deyil. Mümkündür, sadəcə, düzgün analiz aparılmalıdır. 

- Bir sədr bütövlükdə hər şeyi edə bilməz. İstənilən komitədə onun ətrafındakılar da rol oynayır. Fritzin ətrafındakılar köhnə, yerli hakimlər idi. Onlar avstriyalı sədrin fikirlərinə təsir edə bilməzdi?

- Bu barədə onu deyə bilərəm ki, təcrübəli hakimlərin fikirləri önəmlidir. Daha çox diqqət ayırmaq, hər kəsin müsbət olan fikirlərini analiz edib ortaya nəticə çıxarmaq lazımdır. Komitə rəhbəri qarşısına qoyulan məqsəddən kənara çıxmır. Hər kəsi də özünə tabe olmağa məcbur edir. Belədə inkişaf olmayacaq. Güclü mütəxəssislərimiz, FİFA referilərimiz var. Onların əməyindən maksimum dərəcədə istifadə etmək lazımdır. Onlar da təklif irəli sürməlidir ki, nəticə çıxarılsın. 

- Əliyar Ağayevə böyük ümidlərimiz vardı. Amma son vaxtlar Avropa səviyyəli oyunlara az-az təyinat alırdı. Düşünmək olarmı ki, Ştuxlik digərləri kimi, onu da "silmək” istəyirdi?
 


- Əliyarı itirmək olmaz. Bir şeyi deyim ki, hakimdi, evində, ailəsində, həyatında, yoldaşlarının arasında sıxıntı ola bilər. Onu vəziyyətdən çıxarmaq, oyunlara hazırlşdırmaq üçün AFFA-da psixoloqlar olmalıdır. Bu da mümkündür ki, rəhbər hansısa marağına görə onu sıxır. Məsələn, başqasının səhvini güzəştə gedirlər, onu isə bağışlamırlar. O, da sıxılır və gərgin vəziyyətə düşür. Bu yerə gəlib çıxıbsa, inkişaf etdirmək lazımdır. Yol açmaq lazımdır ki, avrokuboklarda oyun idarə etsinlər. Bir hakimimiz irəli gedirsə, özü ilə bərabər dörd nəfər də aparır. Deməli, hakimlərimizin sayını artırmalıyıq. Yadınızdadırsa, dünya çempionatında Rövşən adlı özbəkistanlı hakim vardı. Dörd oyun idarə etdi. Onunla eyni vaxtda "İstedadlar qrupu”nda yer alan hakimlərimiz indi haradadır? İnsan səhv edə bilər. Amma bu səhvlərə görə hakimi "silmək” olmaz. Bu, insanlığa sığmayan bir haldır. 

- Hakimlər Komitəsinə sədr seçilsəydiniz, hər şeydən əvvəl nəyi dəyişərdiniz? Dəyişikliklərə hansı problemlərdən başlayardınız? Bununla bağlı təklifləriniz varmı?

- Əlbəttə, təkliflərim var. Amma bəzi məsələlərlə bağlı qapalı saxlayıram. Gündəmə gəlsə, açıq-aşkar bütün ictimaiyyətə bildirəcəyəm. İlk növbədə hakimlərin arxasında dayanmaq lazımdır. Yəqin ki, məni düzgün başa düşdünüz. Klub rəhbərlərinin hər biri tanınmış, hörmətli yoldaşlardır. Öncə hakimlərin oyun zamanı təzyiq dairəsindən çıxarmaq üçün işlər aparılmalıdır. Onlar oyuna gedəndə, sırf idarəçilik haqda düşünməlidir. Hətta həvəskar liqalarda hansısa futbolçu illərini hakimliyə sərf etmiş birinə qarşı fiziki təzyiq göstərirsə, bu, bizə yaraşmaz. Onu müdafiə edə bilmiriksə, sabah FİFA səviyyəsində yetişdirmək istədiyimiz hakimi necə inandıracağıq? Bu səbəbdən həvəskar liqaya təyinat alan hakimlər, ora getmək istəmir. Hər insan bir ailədən çıxır. Kim istəyər ki, təzyiq altında evinə qayıtsın? Hakimlər qorunmalıdır. Komitə bir ailədir. Hər hakim komitənin övladıdır, səhvi varsa, bağışlanmalıdır. Çatışmazlıqlarını düzəltmək lazımdır. Bildiyimə görə, Hakimlər Komitəsinə yeni əcnəbi gətirilir, artıq onunla razılıq əldə olunub. Baxın, bunu deyirəm və sözümün arxasında dayanıram: Azərbaycan hakimliyinə azərbaycanlıdan başqa yanan olmayacaq. Bu gün Qurban Qurbanovun qələbəsinə görə ailələrdə nəvədən tutmuş babaya, nənəyə qədər hər kəs sevinc içindədir. Qurban Azərbaycan torpağının yetişdirdiyi bir insandır. Görürsünüz, "Qarabağ”ın adını hansı səviyyələrə qaldırıb? Avropa klubları "Qarabağ”la hesablaşır. "Lex”in tarixinə baxın, daha öncə Azərbaycan klublarını mübarizədən kənarlaşdırıb. Amma indi 1:5 hesablı arzuolunmaz məğlubiyyətlə üzləşdilər. Bu tarixi hadisədir. Tarixdə də nəticə qalır. Ağır məğlubiyyət "Lex”in tarixinə düşdü. Bu qürurvericidir. 

- Neçə ildir hakimlikdən uzaqlaşmısınız?

- Şəxsi işlərimlə bağlı 5 ildir hakimlikdən uzaqlaşmışam. Amma bu sahədə çalışmağımla bağlı təkliflər olmayıb. Özüm də hakimlik sahəsində çalışmağın marağında olmamışam. Səbr edib, kənarda oturmuşam. Heç kimdən küsməmişəm. Kişiyə küsmək yaraşmır. Hər kəslə münasibətim əladır. Böyükdən kiçiyə, hamıya hörmətim var. Sadəcə, bir müddət sakitlik istədim. 

- Hazırda hansı sahədə çalışdığınızı bilmək olar?

- Əvvəllər Ekologiya və Təbii Sərvətlər nazirliyində işləyirdim. Sonra oradan da ayrıldım. İndi də şəxsi işlərimlə məşğulam.

Səbuhi Həsənov